Qonaq Kitabı
AVAMPƏSƏND NİTQLƏR

Əgər durasan hər nə ki qəlbində var, onu açıq-açığına söyləyəsən, onda avam ülkəcək, ülkəndə də səndən qaçacaq. Amma avamı da indiki zamanda qaçırtmaq olmaz, çünki indi seçki zəmanəsidir, sənə səs verən olmaz, səni seçən olmaz.

Bu səbəbdəndir ki, mən avam içində nitq söyləyəndə bir şeyi nəzərdə tuturam: bunu nəzərdə tuturam ki, avam ülkməsin.

Məsələn, bir kəndli məndən soruşur ki, “müsavat” nədir? Mən dedim ki, “müsavat” bərabərçilikdir. Kəndli məndən soruşdu ki, nəyin bərabərçiliyi? Mən doğrusu mat qaldım. O səbəbə mat qaldım, bilmədim kəndliyə nə cavab verim. Əgər desəm ki, “müsavat” budur ki, bacı ilə qardaşın gərək hər bir məsələdə ixtiyarları bərabər ola, onda kəndli məni yoldan və şəriətdən çıxan hesab edər; və elə bilər ki, mən istəyirəm rus sosialistləri bacı ilə qardaşın irs ixtiyarlarını bərabər-ləşdirməyinə şərik olam və bu təzə “müsavatı” müsəlman içində də daxil edəm. Amma, doğrusu qorxdum, belə demədim; dedim “müsavat” odur ki, Lənkəranda bir mötəbər alicənab dustaqlara vədə elədiyi qurban qoçunun ətini dustaqlara müsavat üsulu ilə gərək paylaya idilər, amma qurban bayramı günü dustaqxanaya qoç əvəzinə tək səbr gəldi.

Doğrusu, bu hürriyyət çıxandan buyana mənim ağlım lapca çaşıb. Dünən yenə yüz otuz doqquzuncu müsəlman qurultayında nitq söyləyirdim. Öz-özümə fikir elədim ki, ey dili-qafil gəl heç olmasa, indi ki, “svabod” zəmanəsidir, bari gəl heç olmasa, müsəlman qardaşlara ürəyinin dərdini açıq-açığına söylə. Bəs nə vaxt həqiqət üzə çıxacaq? İndi də bunu deməyəcəksən bəs nə vaxt deyəcəksən? Aç ağzını, yum gözünü, pənah bir allaha de və başla nitqini və de, de, de...

Degilən, ey müsəlman qardaşlar! Sizmi istəyirsiniz polyaklar, firənglər, ukray-nalılar və gürcülər yerişi yeriyəsiniz?

Amma bunu biliniz, biliniz və yenə biliniz ki, siz dörd arvad alansınız və qızları doqquz yaşında ərə verənsiniz və arvadlara aşpazxanalar küncündə qonaqların qabağından çıxan sümükləri gəmirtdədənsiniz, siz qız məktəblərində telefonları qədəğən edənsiniz...

Elə bunu istəyirdim deyəm ki, incəvara, allah rast saldı özümü saxlaşdırdım, başladım yenə avampəsənd sözləri ki, məsələn, müsəlman qardaşlar, mən çox şad oluram ki, siz bugünkü gündə buraya cəm olmusunuz və gərək də olasınız; çünki indiki vaxt qeyri millətlər də bir yerə cəm olurlar, biz də gərək olaq və saniyən əgər əhvalati-in canibra xastə başəd lilləhülhəmd səhih və salim, duaguyi-ömri-ziqiyməti-şüma həstim və inşaallah, bu gün yox, sabah inşaallah yenə həmin vaxt burada yenə yüz otuz doqquzuncu qurultayda buraya cəm olarsınız, danışarıq.

Budur mənim nitqim.

Yoxsa əgər duram irs müsavatından, çox arvad almaqdan ya balaca qızları ərə verməkdən danışam, onda mənim bu nitqim heç “Molla Nəsrəddin”in Xoy şəhərin-dəki8 naxonəkçilərinə xoş gəlməz.

Odur ki, avampəsənd nitqlər söyləyirəm.

 

Molla  Nəsrəddin.

“Molla Nəsrəddin”,   6 noyabr,   1917,   N 22.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info