Qonaq Kitabı
ARVADBAZLIQ

Axır vaxtlarda “Molla Nəsrəddin”idarəsinə bəzi yerlərdən bəzi şikayətlər gəlir. Şikayətçilərin içində bakılı da var, irəvanlı da var, göyçaylı da var və hələ bəlkə bir özgə yerli də var. Şikayətçilərin  şikayət etdikləri mətləb əhəmiyyətsiz deyil. Nə danışırsan, necə əhəmiyyətsiz deyil, bəlkə çox vacib məsələdir. Əgər bu məsələ bu tez vaxtda açılmasa, biz müsəlmanlar üçün yaxşı keçməz.

Məsələ budur:

Şikayətçilər yazırlar: inqilab üz verdi,- dinmədik, din azadlığı elan olundu,- dinmədik, bir para yerdə axundlarımızın üzünə sərin baxıldı,- dinmədik. Amma hər şeyin bir qaydası var; yoxsa iş ki, qaydadan çıxdı, insan ki, öz təklifini anlamadı, qəbahət ki, həddən aşdı,- dəxi, doğrusu, səbr eləmək çətindir.

Məsələ arvad məsələsidir.

Şəhərlərin birindən şikayətçilər belə yazırlar: Bir həftədir ki, bizim mahala Tiflisdən hökumət tərəfindən bir vəkil göndəriblər ki, rusca adına “уполномоченни”deyirlər. Özü də bir cavan, buğuburma müsəlmandır. Özünə görə rusca yaxşı dərsi də var; biz ilə də yarı rusca, yarı müsəlmanca danışır. Çox əcəb, bunlar ötüşən şeydir. Amma çətin məsələ haman məsələdir ki, ərz eləyirəm: Vəkil ağa xəbər verdi ki,camaatın ağsaqqalları bir yerə cəm olsunlar. Bəli, cəm olduq .Vəkil ağanın bizə əvvəlinci sözü bu oldu ki, bu gün komitet seçiləcək, gərək cəmi arvadlar da buraya cəm ola; necə ki,kişilər cəm olublar.

Biz vəkil ağaya belə cavab verdik, dedik ki, “cənab vəkil (adı flan bəydir), bəli, cənab, vəkil, bizə üç gün möhlət ver”.

Soruşdu:

-Niyə üç gün?

Dedik:

-Üç gündə ancaq başa gəlir.

Soruşdu:

-Nə başa gəlir?

Biz mətləbi açdıq. Biz cənab vəkilə ərz etdik ki, şükür allaha, biz müsəlmanıq və razı ola bilmərik ki, övrətlərimiz buraya cəm olsunlar. Bizim qeyrətimiz bunu qəbul edə bilməz. Amma bir surətdə ki, onlara da ixtiyar verilib seçgiyə dursunlar və səs versinlər, onda biz qabaqca gərək övrətlərimizə talaq verək. Bu da üç günə ancaq başa gələ bilər; çünki prixod mollamız bircə nəfərdir. Ancaq macal edə bilər.

Sözün müxtəsəri budur ki, bu məsələdən biz özümüz də heç baş aça bilmirik. Şikayətçilər bu məsələyə bir yaxşı ad qoyurlar, onlar deyirlər ki, bu “arvadbazlıqdır”.

Mən özüm iqrar edirəm ki, arvad olmayan yer- xaraba, arvad səsi gəlməyən yer biyabandır; amma insafən bu sözü elə “arvadbazlıq”dır. Yoxsa nə dəxli var: sən inqilab eləyirsən,- elə, komitet seçirsən,- seç; kim sənə deyir seçmə? Dum seçirsən,- seç və əgər düz adamsan, arvadlarnan nə işin var?

Vallah, bu özü elə “arvadbazlıq”dır.

                                                         Molla Nəsrəddin.

“Molla  Nəsrəddin”,  14  iyun,  1917,  N  14.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info