Qonaq Kitabı
ARTİSTLƏR

Dünən vağzalda bir cavan oğlan, əlində çamadan, sol əlində paltosu, adamların dal tərəfindən gizlincə istəyirdi ki, çıxsın platformaya. Ona oxşayırdı ki, Tiflisdə mehmanxanaya borclu qalıb xəlvətcə əkilir ki, borc sahibi bilməsin.

Maşın fışqırıqladı, çıxdı getdi.

Ya yalan ola, ya doğru-pənah allaha!

                                                    *   *   *

Tiflisdə mənim hansı qastinsaya yolum düşür, qəstin sahibi başlayır bizim müsəlman artistlərini xəbər almağa.

Məlum olur ki, çoxları borclu qalıb, xəlvətcə qaçıblar.

Evdə oturursan- zəng çalınır. Kimdir, bir kasıb qoca gürcü arvadıdır. Hə, nə deyir? Deyir ki, flan müsəlman artisti haradadır? Deyirsən ki, məsələn, Naxçıvandadır, yainki Bakıdadır.

Məlum olur ki, müsəlman qardaşlar bu yazıq arvadın evini kirayə eləyiblər və nəinki məhz ev kirayəsini götürüb qaçıblar, bəlkə bu yazıq övrətin kürkünü aldadıb alıb aparıblar ki, yolda üşüməsinlər.

Axırda elə olubdur ki, Tiflisdə iki baqqal haqq-hesab üstə sözə gələndə, birisi o biri bədhəqq yoldaşına deyir:

-Axırda sən də mənə müsəlman artisti oldun?

Mən əvvəllər səhv başa düşərdim: elə bilərdim ki, müsəlman artisti ibarətdir elə bir şəxsdən ki, səhnəyə çıxıb, avam müsəlman qardaşlara ibrətli sözlər deyə.

İndi belə məlum olur ki, artistin bir mənası da var imiş: yalançı, xalqın malını özünə halal bilən, yoldaşın haqqını kəsən və həmişə özgələrə hiylə qurub, yalan ilə başını saxlayan.

Amma bir para belə julikləri çıxanda, söz yox, doğru və dürüst həqiqi artistlərimiz də yox deyil.

Bunlara da salam olsun Molla Nəsrəddin tərəfindən.

 

                                                                                                     Molla Nəsrəddin.

“Molla Nəsrəddin”,  8 mart,  1912,  N  9



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info