Qonaq Kitabı
ALLAHA ŞÜKÜR OLSUN

Allaha şükür olsun ki, axırı Bakıda da əmin-amanlıq bərqərar oldu. Doğrudan mən həmişə Bakının işlərini eşidəndə xarab olardım: həqiqət, bu qədər bədbəxtlik, bu qədər zülm və fəsad ki, Bakıda üz verirdi, heç bir yanda olmayan və eşidilmə-yən bir iş idi: gün olmazdı ki, küçə və bacada adam ölməsin, adam yaralmasın, adam oğurlanmasın, heç kəs cürət eləyib küçəyə çıxa bilmirdi. Millətlər içində biabır olmuşduq. Xülasə, indi allaha min şükürlər olsun ki, bunların hamısı bir günün içində götürüldü. Xudayi-taala dərgahından istədiyim budur ki, şəhər rəislə-rimizin və idarə üzvlərinin və cəmi şəhər rişsəfidlərinin[1] bir neçəsinin ömrünü tulani[2] eləsin.

Vaqeən, insan fikirləşdikcə şad olur, düşündükcə şad olur, düşündükcə qəmgin olur, qüssə etdikcə sevinir və sevindikcə az qalır ki, insan dəli-divanə olsun və bunların hamısı keçəndən sonra adamın ruhu şad olur.

Allah baislərin ruhunu şad eləsin! Genə şükür olsun allaha ki, işlərin axırı xeyir oldu. İndi Bakıda o qədər sakitlikdir, o qədər rahatlıqdır, o qədər arxayınlıqdır ki, əhali qurd-quzu kimi otlayırlar, necə ki, Məşədi Sijimqulu deyib:

 

Sirqətə[3], qətlə, qəbih işlərə eyləndi əlac,

Qəmə, qəddarə, karastular olundu ixrac,

Bakıda əmin-amanlıq yenidən tapdı rəvac,

Bədnəzərdən bizi hifz eylə, xudaya, mən ölüm.

Malades bakılılar gör necə bidad elədi,

Afərin onlara, şəhri əcəb abad elədi,

Qorxudan qəmli olan qəlbləri şad elədi,

Bədnəzərdən bizi hifz eylə, xudaya, mən ölüm.

 

Dəli.

“Molla  Nəsrəddin”,  8 mart,  1909,  N 10.

 

 

 

 



[1]  Ağsaqqallarının.

[2]  Uzun.

[3]  Oğurluq.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info