Qonaq Kitabı
ALIM-SATIM

Mən əcnəbi millətlərin içində neçə illərlə ömr keçirmişəm; onların içində bir para pis işlər də görmüşəm, yaxşı işlərdə görmüşəm. Və çünki oxucularımızın bəzisi əcnəbiləri necə ki, lazımdır tanımırlar, mən burada lazım gördüm bir məsələ barədə söhbət açam. Təvəqqə edirəm oxuyasınız.

Bu bizə məlumdur ki, necə ki, hər bir millətin, habelə də biz müsəlmanların içində hər bir məhəllədə sahibsiz yetim uşaqlar var. Bunların bəzisinin bəlkə ata-anaları da var; amma o qədər kasıbdırlar ki, bunların da uşaqlarını mən sahibsiz cərgəsinə qoyuram.

Hər məhəlləmizdə, hər küçəmizdə gördüyünüz sahibsiz uşaqlar bu saat həmi yeməyə və paltara möhtacdırlar, həmi tərbiyəyə və dərsə möhtacdırlar.

  

*    *   *

 

Avropa millətlərinin bir para pis işlərinin içində bir gözəl adətləri var: Axır vaxtlarda sahibsiz uşaqlara pərəstar olmağa artıq diqqət və səy olunur. Məsələn, yetim uşaqlara məccani məktəb və tərbiyəxanalar açılır, onları bəsləmək üçün cəmiyyətlər təşkil olunur, pullar yığılır. Və bu çalışmaqlarının axırı o yerə çatacaq ki, insan adlanan insanlar içində ata-anasız bir uşaq ac qalmasın və tərbiyəsiz böyüməsin. Amma bunu da lazım bilirəm ərz edəm ki, bu cür işlər nə qədər allaha xoş getsə, biz müsəlmanlar üçün o qədər əlverişli deyil; o səbəbə ki, heç kitabda və heç minbərdə bizə xəbər verilməyibdir ki, yetim uşağa ianə eləməyin və pərəstar olmağın səvabı bu qədərdir, axirətdə cəzası bu qədərdir.

Hər bir ibadət özü bir zəhmətdir və bir növ xərcdir. Və mən o zəhmətə və xərcə qatlaşıram ondan ötrü ki, xudayi-təala tərəfindən müəyyən bir mükafatın ehsan olmağı xəbəri verilib.

 

*    *    *

 

Xorasandan Daşkəndə gələn vaiz molla Həmidin başına üç yüz hammal həmşəri iş-güclərini buraxıb cəm olublar və üç gündür ki, müzakirə olunur kimə təqlid eləsinlər. Bu qədər səy və təlaş eləməkdə mən öz dərdimə qalıram, öz günümə ağlayıram. Gecə-gündüz fikrim o yerdədir ki, özümə bir gün ağlayam və məşhərdə üzüqaralar cərgəsində durmayam. Amma yetim uşağa sahib çıxmaq, ac uşağa çörək vermək,- bu harada yazılıb, bunun əvəzində axirətdə mənə nə çatacaq?

Bəli, doğrudur, Təbrizdə və Şuşa qalasında sahibsiz uşaqlara “pərəst”lik adəti çoxdan qoyulub; amma nəinki hər uşağa. Məsələn, bir gözü kor, ya qara, çopur uşağnan mənim nə işim var? Gedib otursunlar küçədə dinlənsinlər.

Xeyr, əzizim, biz müsəlmanlar öz xeyir-şərimizi bilirik,-uşaq-muşaq məsələsinə girişə bilmərik. Təmiz balaları bir-iki il şagirdliyə qəbul edə bilərik və mütrib bəzəyib, oynadıb qucaqlarıq. Elə bu sözü də yetim uşaqlara mütəvəcceh olmaqdır. Amma kor-şilnən işimiz yoxdur. Biz səliqəli millətik.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 25 dekabr, 1911 N 46. 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info