Qonaq Kitabı
AHƏNRÜBA

Ahənrüba – yunanca miqnatis, rusca maqnit; bu bir cövhərdir ki, dəmiri cəlb edir, yəni özünə tərəf çəkir.

Təmsil gətirsək – dəxi də açıq söyləmiş olarıq:

Məsələn, Qafqaz vilayəti. Hamıya məlumdur ki, ahənrüba dəmiri öz tərəfinə çəkən kimi, Qafqaz da İran məmurlarını buraya cəlb edir; yəni öz tərəfinə çəkir.

Ahənrüba ilə Qafqazın bir oxşarı da var: ərbabi-fünuna məlumdur ki, ahənrübanın mərkəzi qütbi-şimaliyə yavıq bir növqədir. Qafqaz da İran məmləkətinə nisbət qütbi-şimali  səmtindədir.

Ahənrüba ilə Qafqazın bir oxşarı da var: ahənrüba dəmiri çəkəndən sonra, dəxi ötürmək bilmir. Qafqaz da İran məmurunu öz tərəfinə cəlb eləyəndən sonra, yenə ötürmək istəmir.

Amma ahənrüba ilə Qafqazın xasiyyətlərində bir fərq var: ahərübada cəlb etmək xasiyyəti bir hikmətdir; lakin Qafqazın cəlb etmək xasiyyəti məhz bir diplomatiya məsələsidir.

Ahənrübanın hikmətini üləmalar kəşf etməkdə acizdirlər; amma Qafqaz ahənrübasının hikmətini həll etmək olar.

Bu məsələ ilə məşğul olmağa həvəsi olanlar öz mülahizələrini yazıb idarəmizə göndərsələr, çap edərik və axırda öz fikrimizi də yazarıq.

Demək müxtəsər bunu lazımdır açmaq ki, aya nə səbəbə Qafqaz vilayəti İran məmurlarını ahənrüba kimi öz tərəfinə çəkir və çəkəndən sonra, dəxi ötürmək bilmir? Belə ki, hər bir kəs ki, İrandan buraya düşür, qır kimi yapışır, dəxi əl çəkmək istəmir; məsələn, Danabaş naibi Avstriya paytaxtında vitse-konsul olmaq istəməyib Danabaş kəndində qalmağı behtər[i] bilir. “Qurbağalı” şəhərinin vitse-konsulu öz məqamını Peterburq konsulluğundan artıq eləyir; “Dəvəli” şəhərinin konsulu Berlində səfirlik mənsəbini qəbul etmək istəmir.

Nədir bunun səbəbi?

İtaliya səfiri Tehrana ərizə göndərib təvəqqe edir ki, onu Qafqazda “Donuz yeyən” şəhərinə konsul təyin eləsinlər. Peterburq səfiri neçə ildir çalışır ki, onu Qafqaza general-konsul göndərsinlər.

Nədir bunun səbəbi?

Bəli, dəxi ağalara dərdi-sər verməyək; ancaq elə ərzim buradadır ki, nədir bu işlərin səbəbi?

Aman günüdür, mənə bir cavab!

Vallah mabədi var.

 

Molla  Nəsrəddin.

“Molla  Nəsrəddin”,  30 avqust,  1909,  N 35.

 



[i]  Burada: Üstün.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info