Qonaq Kitabı
AD

Sən çalış adın bədnam olmasın.

Görürsən, Bakı artistlərini? Heç biri özünə müsəlman adı qoymur; biri adını qoyur Çaraparski, Həsən özünə deyir Qaraxarski, Hüseyn yazır Maranarski, Əli adını qoyur Kirmanşaxski, bircə Vəlinin ağlı yoxdur ki, ona elə bircə Vəli deyirlər; allaha şükür olsun ki, bu da cəhənnəm oldu artistlikdən çıxdı getdi.

Amma qalanlarına sözün nə?! Qalanlarının heç biri özünü müsəlmana oxşatmır və yaxşı da eləyir: çünki müsəlman bədnam olur.

Sən çalış, adın bədnam olmasın, yoxsa əməlin ötüşüb keçər. Məsəl gətirək.

Osmanlı, Trablisdə vuruşma vaxtı ittifaqən bir xaçpərəst övrətinin, ya uşağının qətlinə bais olanda Avropa qəzetləri səs-səsə verib çığırışırdılar:

- Ay vəhşi müsəlmanlar, ay qan tökən şərqlilər!

Bunun səbəbi budur ki, osmanlının adı osmanlıdır.

Amma indi italyanlar osmanlılara basılandan sonra, özləri o qədər vəhşilik, o qədər yırtıcılıq göstərirlər ki, insan az qalır iyrənsin.

Bəs axır bunlar deyirlər, biz tərbiyəli millətik, biz mədəniyik, biz italyanıq, nə bilim biz it yalayanıq?!

Bəs bu qədər namərdlik, bu qədər günahsız ərəb əhalisinin qanını sormaq hara, avropalılıq hara?!

A qurumsaq, bəs bu nə işdir?

 

Molla Nəsrəddin

“Molla Nəsrəddin”,  22 oktyabr,  1911,  N 37.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info