Qonaq Kitabı
ACLAR

Dünən gördüm ki, qaçqınların balaca uşaqları acından ağlayırlar.

Balam, bunlar niyə ağlayırlar?

Sahibsizdirlər.

Bəs bunlara baxan cəmiyyəti-xeyriyyə üzvləri haradadır? Genə eşitdim ki, bir ayrı tərəfdə genə hərbzədələr acından ağlayır. Balam, pəs necə olub bunlara çörək paylayan cəmiyyəti-xeyriyyə üzvləri?

Genə dünən birisi nəql eləyirdi ki, osmanlı yetimləri acından ağlayırdı, çünki cəmiyyəti-xeyriyyə üzvləri yox olub, bu biçarələri sahibsiz qoyublar.

Balam, bəs haradadır bu cavanlar? Bunlar birdən-birə necə oldular! Və səbəb nə oldu ki, hamısı birdən-birə yox oldu?

Hə, a kişi, bunu bayaqdan de də!..

İndi yadıma düşdü ki, bu cavanlar haradadırlar. Mən səhər də, axşam da, günorta vaxtı da, küçədə, bazarda və hər bir məclisdə ki gedirəm, görürəm ki, bir cavan nitq söyləyir və baxıb görürəm ki, bu cavan haman cəmiyyəti-xeyriyyənin üzvüdür ki, ac uşaqları ac qoyub, gəlib nitq desin.

A kişi, bunu mənə bayaqdan  de də!...

 

Cırcırama.

“Molla  Nəsrəddin”,  23 mart,  1917,  N 7.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info