Qonaq Kitabı
Qadir allah səbəb sala araya

Qadir allah səbəb sala araya,
Genə dost kuyinə yollar açıla.
Sərəndaz pozula, bəzək dağıla,
Əfşan ola siyah tellər, açıla.

Diyari-ğürbətdə qalmışam həsrət,
Bir zaman olmadı didarın qismət,
Mürüvvətdir el şad ola, bimürvət,
Mənim gözlərimdən sellər açıla?!

Sən ol öz allahın, dinmənəm mən də,
İnsafa layiq iş hansıdır səndə?
Sevgi gərək sevgisinə yetəndə
Qucaqlaşa, qulac qollar açıla.

Sən gedəndən bəri hərgiz gülmənəm,
Nə yaxşı ki, bu hal ilə ölmənəm;
Qış, üzün ğəmindən belə ki, mənəm,
Vay odur yaz ola, güllər açıla.

Yüz ilin xidməti gəlmədi karə,
Təqdiri-qəzayə olmadı çarə;
Zakir, yarın yar olmağın əğyarə
Gələ gör eşidə ellər, açıla.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info