Qonaq Kitabı
Bil ki, bədəsildən yoxdu fayidə

Bil ki, bədəsildən yoxdu fayidə,
Üzəsən canını yüz qabağında.
O ki, hal əhlidir, unutmaz yarın,
Əyri dolan istər düz, qabağında.

Çox dedim, kuyinə rəqib dolmasın,
Qapını, bacanı bədxah almasın.
Müşküldür götürmək, yarəb, olmasın
Heç kimin yarası göz qabağında.

Dərdü ğəmü möhnət kəsib yanımı,
Qoyma yerə düşə, içər qanımı.
Ğürbətdə alınca hicran canımı,
Öləydim dilbərin öz qabağında.

Mən çox dedim: ey gün, olma rubəru,
Zalımdır, sən deyən dilbər deyil bu.
Tutmayıb pəndimi, etdin cüstçu,
Hünərin var isə dez qabağında.

Dəyibdir Zakirə eşqin əsəri,
Kimi dəli deyir, kimi sərsəri,
Lal olmuşdur onu sevəndən bəri,
Yoxsa qalmaz idi söz qabağında.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info