Qonaq Kitabı
“MÜSƏLMANÇILIQ” ADLI DRAM

Mən çox teatrsevən adamam. Ələxüsus müsəlman teatrına çox gedənəm. Çünki burada iki cürə tamaşa olur: bir teatrçıların öz tamaşası və o biri də teatra yığılmış müsəlmanların hərəkətidir ki, çox vədə teatrdan da interesni olur.

Qərəz, bir dəfə yatmışdım, yuxumda gördüm ki, teatra getmişəm. Ərsəyi-tamaşaya qoyulan dramanın adı “Müsəlmançılıq” idi.

Amma çifayda ki, mən bu tamaşanın tək ikinci pərdəsini görürdüm. Bilmirəm, vallah, teatr nə dildə çıxırdı, ancaq o dili mən qanmırdım. Ona görə birisindən təvəqqə elədim ki, bu göstərilən tamaşanı mənə qandırsın. Pərdə qalxanda haman adam mənə dedi ki, bax və qulaq as: haman o adamları görürsənmi ki, boyunlarını burub əlləri qoynunda məzlum-məzlum baxırlar və özlərinin də sifətlərindən qulluq və nökərçilik nişanəsi yağır, onların hamısı müsəlmandırlar...

O müsəlmana bax! Qaradovoy boğazından tutub, uçastoka sürüyür, çünki üstünə oğurluq yaxıbdır. İndi o sağdakı müsəlmana bax! Görürsən, onu tutub döyürlər ki, sənin burada alış-veriş etməyə ixtiyarın yoxdur, çıx get burdan. Bax, pristav gəldi, müsəlmana qəhmər (kömək) durur. A... bax, bax, pristava rüşvət verdilər...

İndi o tərəfdə bir tüstü görünür, alov qalxır. Bilirsən o nədir? O müsəlman kəndidir. Qoşun tərəfindən yandırılıbdır. Deyirlər ki, guya keçən il bu kənddə qaçaqlar bir kazak öldürübmüşlər. Bu müsəlmanı da ki, görürsən, dilini kəsirlər. Çünki, deyirlər, indi ki, rusca danışmaq istəmirsən, qoy öz dilin də olmasın... Ora bax, ora bax! Dustaq aparırlar, görürsən? Onlar hamısı müsəlmandırlar. Bax gör, neçə nəfərdir, ha? Bir, iki, üç... on... otuz... yüz, iki yüz, beş yüz... min, dörd min, on min, on beş min... Bah!.. Heyf ki, pərdə düşdü, hamısını saya bilmədim.

Bəli, pərdə düşdü, xalq, “bravo, bravo” eləyib, əl çaldı. Bir qədərdən sonra ikinci pərdə qalxdı, gördük ki, yenə müsəlmanlardır. Hamısı yığılıb, çox cəld iş görməkdədirlər. Rəfiqim dedi, bax, buna yaxşı qulaq as: görürsən, orada iki müsəlman durubdur. Onların birisi o yanda bir şey görüb, istəyib ora yüyürsün, amma bu biri müsəlman onun ayağından çəkib qoymur. Bir ayrı müsəlman da onun üçün quyu qazıyır.

İndi ora bax! O müsəlman o biri müsəlmanın boynuna minibdir, çünki o əvvəlki dövlətlidir, ikincisi kasıbdır... İndi o müsəlmana bax ki, rus paltarı geyib, özü də yazı yazır, hə, o öz müsəlmanlarından donos yazır, yaman klyauznikdir. Bu biri müsəlmana bax ki, öz arvadını döyüb, əyninin qızılını soyur. O tərəfdə durmuş urus arvadına əl eləyir ki, dur orada, gəlirəm. İndi o birisi müsəlman arvadına bax: yanında dörd nəfər uşağı var, bircə dənə inəyi durub otarırlar. O tərəfdə də bir müsəlman inəyi görüb, xəlvətcə sürünür ki, onu oğurlasın. Bax, oğurladı, arvad qan ağlayır. Bu yan tərəfdə o müsəlman ağlar qadına pul yığıb, toxların adına banka qoyur. Lap uzaqda görünən bir dəstə müsəlmanlar da orada qoç döyüşdürürlər və it boğuşdururlar. O tərəfdə də bir müsəlman xanı millət puluna aldığı taxılı öz anbarına tökür ki, bahalıqda satsın, o biri qumarda uduzduğu pulları çıxartsın...

Bax atışırlar. İkisi öldü, biri yaralandı. O tərəfdə yenə hər iki tərəfə kömək gəldi. Bərk atışırlar. Səkkizi öldü, beşi yaralandı. Yenə hər iki tərəfə kömək gəldi. Atışırlar. O onu öldürdü, bu onu öldürdü, o bunu, bu onu, o onu, hamısı bunu, bu hamısını, hərəsi birini, o onu, o bunu, bu onu, bu bunu, o onu, bu...

Nəyə isə başım bərk dəydi. Birdən dik atıldım. Gördüm deyirlər ki, a kişi, bu qədər də yatmaq olarmı, gün-günorta olubdur! Dedim vallah, bir yuxu görürdüm ki...  Yaxşı ki yuxu imiş. Gerçəkdə elə olsaydı, bizdən bədbəxt tayfa olmazdı. Dedilər yalan deyirsən, nə cürə pis yuxu görsən, yenə bizim gerçəyimizdən yaxşıdır.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info