Qonaq Kitabı
HACI MƏZƏMMƏT EDİR

Dövlət duması yaxınlaşır, amma bizim müsəlmanlar da dövlət dumasına hazırlanmaq fikrindən getdikcə uzaqlaşır... Sən götür min dəfə qəzetdə yaz ki, ay camaat, qoymayın, fürsət vaxtı əldən gedəcəkdir! Heç kəsin halına təfavüt eləməz! Eləsə də o adamlara elər ki, ciblərindən pul verib qəzet oxuyanlar cibindən pul verməyib qəzet oxuyanlara nisbətən lap heç zaddır. Yazıq firəng doğru demişdi ki, bir tayfa ki, altı milyon adamı ola və özünün də vahid bir qəzeti ola və qəzetinin də cəmi-cümlətani min səkkiz yüz müştərisi ola, o tayfadan...

Hə! Hərçənd mən də o kişiyə bərk söydüm, amma nahaq da elədim. Kişi hər nə deyirmişsə, doğru deyirmiş. Budur, firəng olmasın, müsəlman olsun, özü mömin bir kişidir və qəzetimizin də müştərisidir. Yazır ki, sən özün bilirsən ki, mən bir gün qəzet oxumasam elə pərişan, təlx və acıqlı oluram ki, ta nə bilim, nə təhər. Guya o günkü məni götürüb paltarlı-paltarlı suya basıb çıxardıblar (Yazıq istəyir desin ki, qıdığım tutur) “Allaha and olsun” – deyir, Dövlət duması barəsində yazdıqlarınız məqalənin oxuyub və bizim müsəlmanların da bu kimi işə dair kəmetinalığını görüb, kişi, inan ki, dəli-divanə oluram.

Sən bilmirsən, - deyir, - bəlkə sizin şəhərin adamları (canınıza sağlıq) dum-dum gülləsi ilə Dövlət dumasının arasında təfavüt olduğunu hələ anlamırlar!! ələlxüsus – deyir, - burada bir hacı var, çox məzəli kişidir. Əvvəla, budur ki, namaz qılanda və ya dua oxuyanda heç vədə “Allahu əkbər” deyə bilməyib, əvəzində həmişə “alla fikir” – deyər. İkinciyə qalan yerdə üstünə diri ilan salasan yenə qoymaz evində qəzet olsun, çünki deyir ki, mənə qəzet düşmür. “Seyfülmülk” kitabı da deyir düşmür. Bilmirəm bu necə işdir? Qərəz, bir neçə gün bundan irəli getdim haman hacının yanına və dedim ki, hacı axı bu gün-sabah papğını hərləsən bir də görəcəksən ki, Dövlət duması açıldı. Layiqli vəkil axtarmaq dalına düşmürük... dedi: “Vallah, mən qanmıram ki, sən nə deyirsən? Dövlət duması nə əməldir? O da qaçaq maldır?”.

Kağız yazan deyir ki, burada Hacı Seyid Əzim Şirvaninin sözləri yadına düşdü ki, “çünki gördüm hərifi naqabil...!” Və i.a.... Amma mən mərhum şair kimi eləmədim. Əlacım kəsilib, başladım buna Dövlət dumasını başdan qandırmağa ki, Dövlət duması belədir, elədir!... Amma sonra dediyim sözlərə də peşiman oldum.

Hacı mənim abrımı ətəyimə büküb dedi: “Ayıb deyilmi iş-gücünü tullayıb sən də o urus uşaqlar kimi elə sözlər danışırsan ki, heç baban da o qələtləri eləməmiş ola! – Mən təəccüb eləyirəm ki, - dedi, - sən əvvəldən əməlli-başlı kişi olduğun yerdə axırda nə oldu ki, ağlını nahaq yerə uduzdun?! – Heş, - dedi, - sən özün qanmırsan ki, nə danışırsan. Bir əqlinə vuruşdur gör ki, min il, min il qala, qiyamət iki dəfə bərpa ola, ulu babalarımız qəbirdən dura, yenə də padşahın vəziri razı olarmı ki, sən olmayasan, lap sənin ağanın ağası ola, gedib onun, nəinki özü ilə, hətta aftavagötürənlərinin aftavagötürəni ilə bir-iki kəlmə danışa?! Mən sənə deyirəm ki, bala, az qəzet oxu, qara ağlını aparar, sən mənə gülürsən. Indi görürsənmi ki, nə hədyan söyləyirsən?”.

Kağız yazan deyir, bu sözləri eşitdikdə az qaldım ki, güləm, sonra istədim ağlayam. Bir dəli şeytan da dedi ki, vur hacının başı qarpız kimi yarılsın, hər çi bada, bad!! Amma sonra “lənət şeytana” eləyib, özümü yığdım. İndi, ay filankəs, bax, işlər belədir. İndi özün bir fikir elə, gör, boğaz yırtmaq tək sizəmi qalıb?...

Bəli, bizə qalıb, amma yenə də zərər yoxdur, qoy bizim boğazımız yırtılsın... Qoy yırtılsın ki, yırtılacaq.

 

*        *        *

Amma Göyçay əhlinin boğazı yırtılmayacaq. Hərçənd onlar istəyirlər ki, qubernator yanında öz naçalnikləri olan Kazaçkovskidən şikayət eləyib, boğazlarını yırtsınlar. Lakin onların içlərində bir çox meymun... yox, dilim dolaşdı, mömin adamlar var ki, heç vaxt razı olmazlar ki, əfradi-millətin boğazı yırtıq olsun. Ona görə qubernatoru-filanı gördükdə, əfradi-millətin ağzını yumub, qoyunlar, quzuların, toyuqların, çolpaların boğazını yırtmağı səlah görürlər. Və bir də mən sənə deyim ki, hər yerdə ki, meymun oldu (dilim dolaşdı), orada onsuz olmaz ki, qol-buyun olma, əl-ayaq yalama, mil durma, hətta, meymunçaya xoş gəlmək üçün Göyçaydan Bakıya mayallaq vurmaq kimi şeylər olmasın. Hamısı olar, təki “malades” sözü arada olsun.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info