Qonaq Kitabı
DUMA YAXINLAŞIR!

(Bir “intelligentin” xəyalı)

 

Pah-pah, duma yaxınlaşır! Görəsən bizlərdən kimi seçəcəklər! Allahın altında məni seçəydilər! Nə tövr edim ki, məni seçsinlər? Nə kələk qurum? Kimi “padkupit” eləyim...

Ox! Ölməzdim bir o günü görsəydim ki, mən dumaya deputat seçilib, “Peterburq” deyibən gedirəm!... Deyirlər ki:

 

Dərin dünya kəsi biqəm nə başəd.

Əgər başəd, bəni-adəm nə başəd.

 

Amma yox! Mənciyəzi dumaya vəkil seçsinlər, əgər desəm ki, bir qəmim var, atam mənim şeytan olsun! Zarafat deyil, canım! Dumada vəkil olmağın bir gör necə ləzzəti var. Əvvəla, budur ki, bu murdar, zəhlətökən, nühus vəhşi yerdən çıxıb gedib, Peterburq kimi obrazovannı yerdə oturursan; qulaqların pis-pis müsəlman sözü eşitmir, gözlərin pis-pis müsəlman üzü görmür. Əşi bu xaraba qalmış yerdə mənim iki adamlar bir az çox qalsa, vallahı ki, çərlər, dərd-vərəm gətirər! Adam hər yerdə vəhşilik, qanmazlıq gördükcə, ermənilərin, rusların yanında lap əriyib yerə keçir! Gündə görürsən iznakomılarım mənə deyirlər ki, “posluşay Qasanbek Camalıç! Bu müsəlmanlar qəribə vəhşidirlər! Deyirəm, canım, doğrudur. Deyirlər ki, “yey, boqu, sizin müsəlmanlardan adam olmayacaqdır. Nahaq yerə sairlərə də meşat eləyirlər. Yaxşı olardı ki, bunları Amerika vəhşiləri kimi qırıb qurtaraydılar!”. Deyirəm, vallah, onda mən çox sevinərdim və sizə də çox blaqadarit elərdim. Hanı bir elə iş...

Qərəz... hə, bu belə! Bu bir ləzzət ki, bu xarabadan çıxıb bir az qulağı dinc olarsan.

Ikinci odur ki, böyük bir ad qazanarsan. Yevropada, Rusiyyətdə və hər bir abrazovannı yerdə sənə hörmət elərlər ki, dumaya çilensən, adını qəzetlərdə yazarlar, sənin barəndə hər yerdə danışarlar, xülasə, bilərlər ki, bəli, sən də dünyada varsan.

Üçüncüsü budur ki, sənə orada həmişə, Allahın verən günü on dənə manat nəqd pul verəcəkdirlər ki, heç yatsan da yuxuna girməzdi! Bir vaxt var idi ki, mən ayda on manat pul alıb, yazı yazmaqdan belim bükülmüşdü. Elə indi də gündə ikicə manat pul alıram. Amma orada mənə verəcəkdilər gündə on manat pul! Özümün də işim bu olacaqdır ki, gedib padşah imarətində kamali-istirahətlə əyləşib, vəzir-vəkillərin danışığına qulaq asacağam. Güni-yovmiyyədə on dənə manatımı alıb, dolduracağam cibimə. İndi iş buradadır ki, mən bu on manatdan hər gün xərcləyəcəyəm, ha, çox xərcləsəm, manat yarım, nu, iki manat, cimibdə qalacaqdır düz səkkiz manat. Gündə səkkiz manat pul, ayda elər düz iki yüz qırx manat.

İndi fərz eləyək ki, məsələn, altı aydan sonra yenə krayni partiyalar dələduzluq edib, dumanı dağıtdırırlar. Onda iki yüz manat pul altı aydan sonra elər naçə manat? Altı dəfə iki yüz, eləsin min iki yüz, altı dəfə də qırx, eləsin iki yüz qırx, o da min iki yüz – elər düz min dörd yüz qırz manat! Bu məndən ötrü çox puldur. Allah bərəkət versin, min dörd yüz qırx manat da az pul deyil! Mən bu pulu banka versəm, ölənətən məni rahat görər!!! Indi bəlkə dumanı bir il qovmadılar, yainki lap tamam beş il qaldı! Əgər bir il olsa, bu min dörd yüz qırx manat eləyər; iki il olsa, iki min səkkiz yüz həştad manat; amma beş il olsa, vay Allah! Bədənim tərləyir. On dörd min dörd yüz manat pul elər!!! Onda di gəl, mənim keyfim, gəl!!! Sobstvenni dom, sobstvenni ekipaj, saderjanka, quvernanka, elektriçestvo, Yevropa, muzıka, pah atanla yeri, adam fikir elədikcəəndamı tərləyir! Yox, canım boğazıma gəlsə də gərək çalışam ki, dumaya məni seçsinlər, yoxsa vallahi ki, burada qalsam bağrım çatlar!

Doğrudur, kişinin bağrı çatlar!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info