Qonaq Kitabı
LÜĞƏT

Orucluq girəndən bəridir ki, “Ordan-burdan” yazmaqdan özümü elə bəri ucdan saxlayırdım. Yazmaq istəyirdim, amma ürəyim gəlmirdi. Sözün doğrusu, bəzi əhvalatlar, məsələn, Hacı Cabbar Nəsirbəyovun idarəmizə göndərdiyi rusca kağızı... Hacının ramazana bir gün qalmış küçədə “İrşad” satana acığı tutduğu və sairə bu günə xatirədəyən və adamı pərt edən fəqərələr lap əl-ayağımı yerdən üzmüşdü. Amma bir tərəfdən də elə “Ordan-burdan” yazmağım gəlirdi ki, axırı gördüm özümü saxlaya bilmirəm. Nə qayırım? Nəfsimə “kəs” deyə bilmədim, oturdum yazmağa. Sonra dedim barı, heç olmasa, dünya məsələlərini yazmayım. Qoy, barı, yazdığım elmdən və tənqiddən-filan olsun ki, bəlkə bir az...

Hə, onu deyirəm ki, bu lüğət kitabı qayıranlar çox vədə adamın acığını elə tutdururlar ki, daha nə bilim, nə təhər?! Əşi, istəyirsən biləsən ki, məsələn, “hürriyyəti-kəlam” nədir? Yazır ki, “hürriyyəti-kəlam” – yəni kəlamın hürr almağı. Baxırsan ki, görək, “hürr” nədir? Yazır ki, “hürr – hürriyyət” sözündən çıxan sifəti-səmaiyyədir. Başa düşənin başı yarılsın. Qərəz, görünür ki, lüğət qayırmağın təhərini bilən hələ yoxdur. Amma mən lüğət qayırsam, çox yaxşı qayıraram. Hər sözün mənasını qandırandan sonra bir və iki timsal gətirib, sözün mənasını lap yaxşı qandıraram. Məsələn:

Elan – bir ticarət xüsusunda qəzetlərdə yazılan balaca tərifnamədir ki, müsəlmanlardan savayı hamı xarici tacirlər onunla nəfbərdar olurlar. Bu gün başmaqçı Hambarsum qəzetdə bir elan yazdırdı, amma fabrikaçı Məşədi Kərim dedi ki, üstümə diri ilan salasan, yenə də elana bir qəpik vermərəm.

Millət – Bu sözün sair tayfalarda vücudu var, amma müsəlmanlarda tək bir adı var ki, o quru adı da müsəlman tacirləri əllərində bir rəqabət aləti, yəni “konkurensiya” qayırıb, mallarını rəvac etmək istəyirlər. Odur ki, görürsən “millət başmağı”, “millət qarpızı” və sair bu günə şeylər satırlar. Qəzetçilərdən “Ülfət” qəzeti müdiri dəxi milləti aləti-rəqabət qayırmaq fikrindədir.

İstibdad – yəni hökumətin milləti sümürüb süngüyə çəkməsi. Amma bəzi müsəlman “üləma”larının təsəvvürünə görə, istibdad əmin və asayişə deyərlər. Məsələn, İranda istibdad olanda əmin və asayiş var idi, amma indi hürriyyət verilib deyibən, şuluqluq düşübdür.

Əyan – Böyük adamdır. O adamlardır ki, özlərindən bir mənsəb aşağı olanlara “Dəvə nalbəndə baxan kimi” baxıb, həmişə xoruldayarlar. Əyan qabağında əl bağlayıb, qul kimi diz üstə oturmaq hər bir müsəlmana oruc və namaz kimi vacibdir.

Ətalət – yəni... müsəlmançılıq. Bunun təfsirə ehtiyacı yoxdur.

Edam – bir adamı öldürmək. Bakıda gündə müsəlmanlar bir-iki müsəlmanı edam eləməsələr, kov deyildir, yəni adətdən dişarı işdir.

İctima – bir yerə yığılmaqdır. Amma müsəlman istilahınca, bir yerə yığılıb dalaşmaqdır. Filan ictimada on müsəlmanın başı yarıldı və doqquz dəfə pişto çəkildi.

İtaət – baş əymək, nökərçilik. Müsəlmanların qorodovoya itaəti gün-gündən artmaqdadır. Və i.a.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info