Qonaq Kitabı
MƏCLİS QURMAĞIN QAYDASI

Möhtərəm oxucu, heç müsəlman məclisində oturub, danışanlara qulaq veribsənmi? Mən də qulaq vermişəm görürsən, əhli-məclisdən birisi durub elə söz danışır ki, bişmiş toyuğun gülməyi tutur, amma bununla belə haman “qanacaqlı” hərifi götürüb məclisə üzv və hətta sədr tikirlər, çünki hərçənd hərif ağıldan bir az... kasıbdır, amma nə olsun, pulu çoxdur, ya da ki, qorxuram deyəm!

Yaxşı ki, bizim Bakıda belə deyil!

*        *        *

Məclis dedim, yadıma bir fəqərə düşdü. Rəfiqlərimdən birisi dünən məni görüb deyir ki, ay Filankəs, sən Allah, bunu qəzetinizdə yaz ki, budur təmiz bir aydır ki, biz bir məclis qurmuşuq, o məclisin üzvlərini bir yerə yığa bilməmişəm. Sən Allah, götür bir qəzetdə onların abır-həyasını tök. Dedim, əfəndim, bu cürə cüzi əhvalatı qəzetdə yazıb, xalqın abır-həyasını tökmək lazım deyildir. Nə lazım, bəlkə onlar indi yığılmayıb, bir il bundan sonra yığılacaqlar, yaxşısı budur ki, qoy mən sənə bir fəqərə söyləyim, gör sənin də ağlına batırmı? Rəfiqim dedi: de.

Dedim: - Sədini tanıyırsan?

Dedi: - Tanıyıram.

Dedim: - Heç toyuqlara dən tökübsən?

Dedi: - Tökmüşəm.

Dedim: - Sədi buyurubdur ki,

 

“Mürği cayi rəvəd ki, cinə bəvəd

Nə bəcayi rəvəd ki, çe nəbəvəd”.

 

Burada  “mürğ” dən murad – adamdır, “cinə”dən də murad yağlı plov və yainki, bari heç olmasa şirin çaydır. Necə ki, sən toyuqları bir yerə yığmaq üçün əlinə bir qədər dən alıb “dü-dü-dü-dü” eləyəndə, toyuqlar qanadlarını çırpa-çırpa yüyürürlər, həmçinin, əgər, evində plov bişirib çay qoysan, məclisin üzvləri toyuqlardan da bərk yüyürüb gələrlər!

Gördüm ki, bu sözlər rəfiqimin ağlına batıbdır. Bir qədərdən sonra rəfiqim baqqala söhbət eləyib yağın girvəngəsini xəbər alırdı...



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info