Qonaq Kitabı
TÜRKİYƏDƏ “AZADLIQ”

Amma raviyani-əxbar və naqilani-asar və tutiyani-şəkkərşikən, şirin köftar belə rəvayət eləyirlər ki, sayeyi-mərhəməti Əbdülhəmidisanidə Osmanlı məmləkəti-pürsəadətinin “tərəqqi və təalisi” hər bir cəhətcə ilbəil, günbəgün, saatbasaat artmaqda olub, bütün aləmi-bəşəri müstəğrəqibəhri heyrət ediyor! Tərəfi-hümayundan lütf əta qılınmış “hüriyyət” sayəsində məmləkətin “mədəniyyəti-tamə” və mərifəti-aməsi xüsusunda görüb eşidənlər and içirlər ki... daha nə bilim, nə təhər!!!

“Hüriyyət”i-şəxsiyyə sayəsində məmləkətdə gəliş-gediş, übur-mürur, xüruc-düxül, apar-gətir, həbsə sal, başını kəs, boğazın üz, çarmıxa çək, daşa çək, filan elə, bəhmən elə, getdikcə tərəqqi edir, çoxalır və getdikcə artıb başdan aşmağa qədəm qoymaqdadır.

“Hürriyyəti-mətbuat” sayəsində cürbəcürə ərizələr, danoslar, məxfi hökmlər, gizli əmrnamələr, xəlvət kağızlar, pünhan fərmanlar məmuruni-qəyurun əllərində fır-fır fırlanmaqdadır.

“Hürriyyəti-ictima, və ittifaq sayəsində, hətta, itlər, köpəklər və hamısından çox cəsuslar, xəfiyyələr, şpionlar, şeytanlar “dərsi-səadət” darülxilafə adlanan İstanbulun küçəsində, tinində, döngəsində, rahında, güzərgahında, dalında, qabağında, müydanında, içində, çölündə, yuxarısında, aşağısında, daxilində, xaricində, əndərununda, birununda, səf-səf olub, ayaq altında piləsək vururlar. O səbəbdəndir ki, həzrətləri məmləkətin bu günə tərəqqi və təalisini görüb, fikir edibdir ki, məbada əcnəbi müsəlmanlar bu “tərəqqi”dən xəbərdar olub, bizə “meşat” eləyərlər. Ona görə bütün tacirləri, sənətçiləri, işçiləri, kitabçıları, qərəz, hər bir sövdəgəri nəzdi-humayuna çağırıb buyurubdur ki, olmaya-olmaya ki, əcnəbi-müsəlman qəzetlərində elan-filan yazdırasınız ki, İstanbulda filan şey satılır və illa, çap etsəniz, sizin hamınızı tutub sərazir, qəri-zəmin edərəm (yəni yerə soxaram).

Ona görə bizə İstanbuldan yazırlar: Müdiri-möhtərəm, sən olasan, səni yaradan, bizim filan elanı qəzetinizdən çıxarıb, mənim canımı qurtarasınız. Cəhənnəm, qoy, mənim ticarətim kasad olsun, təki başım bədənimdə baqi qalsın! Cəhənnəm, qoy, mənim malım intişar tapmasın, təki üzüm həbsxana görməsin! Cəhənnəm, qoy, mətaım satılmayıb qalsın, təki xəfiyyələr məni didə nə didənə salmasınlar! Cəhənnəm! Cəhənnəm! Cəhənnəm!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info