Qonaq Kitabı
PARTAPART

Durmuşdum, birdən partapart səsi eşitdim. Soruşdum: “O nədir?” Dedilər: “Heç, o yanda müsəlmanlar bir müsəlman öldürdülər”.

Əyləşmişdim, birdən partapart səsi eşitdim. Soruşdum: “O nədir?” Dedilər: “Heç, bu yanda müsəlmanlar bir müsəlman öldürdülər”.

Uzanmışdım, birdən partapart səsi eşitdim. Soruşdum: “O nədir?” Dedilər: “Heç, o tərəfdə müsəlmanlar bir müsəlman öldürdülər”.

Yatmışdım, birdən partapart səsi məni oyatdı. Soruşdum: “Bəs bu nədir?” Dedilər: “Heç, bu tərəfdə müsəlmanlar bir müsəlman öldürdülər”.

“Heç, bir müsəlman öldürdülər...”. Bu sözləri elə bir kəmetinalıq və arxayınlıqla deyirlər ki, guya müsəlman öldürmək elə bil ki, iki dırnağın arasında “Molla Nəsrəddin”in sözü olmasın, bit və birə qırmaqdır.

Elə, doğrudan da, müsəlman öldürmək bu saat bit və birə qırmağa dönübdür. Çünki bit-birə qırana heç kəsin etirazı olmaz. Həmçinin müsəlman öldürənlərə də heç bir kəs etiraz eləmir. Mollalar, rəislər, hakimi-vilayət heç kəs bir söz demir...

İndi təzə bir məsələ çıxıbdır. Bu msəələ ibarətdir ondan ki, orucluqda qəzet oxumaq olmaz. Bəzi adamlar deyirlər ki, xeyr, qəzetin orucluğa heç bir dəxli yoxdur. Yalan sözdür, qəzetin orucluğa çox dəxli vardır, çünki məlumdur ki, oruc tutmaq tək bir çörək yeməyib, su içməməkdən ibarət deyildir. Orucluqda gərək insanın qulaqları və gözləri də oruc tutsun. Ona görə lazımdır ki, tamam bir ay qəzet oxumayasan ki, bəlkə dünyada vaqe olan əhvalatı da eşitməyəsən. Qoy tamam bir ay dünyada qəribə-qəribə nəfli və ibrətli hadisələr vaqe olsun, zərər yoxdur, sən gərək bir ay tamam bu əhvalatlardan xəbərdar olmayasan və bilməyəsən ki, görək yazıq müsəlmanların başına nə gəldi! Ona görə lazımdır ki, orucluqda əlinə qəzet almayasan, vəssəlam!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info