Qonaq Kitabı
MÜSƏLMAN İNTELLİGENTİNİN MƏCLİSİ

Baxırsan ki, məclisə yığılanların hamısı, Allaha şükür, həm rusca, həm müsəlmanca oxumuş intelligent adamlardır. Bunlar buraya cəm olub, “milləti irəli aparmaq” kimi mühüm bir məsələ xüsusunda danışırlar. Intelligent natiqlərdən birisi durub nitq söyləyir:

“Həzərat, sizin hamınıza məlumdur ki, bizim millət geridə qalıbdır. Onları irəli aparmaq üçün bizim borcumuzdur ki, filan şeyi, filan şeyi, filan şeyi... hökumətdən tələb edək...”.

Cənab natiq bu axırkı sözləri elə bərk deyir ki, onun təsirindən əhli-məclis həyəcana gəlib, təmiz yarım saat əl açır, “Bravo, bravo” – deyirlər.

Ondan digər bir natiq durur, o da belə söyləyir:

- Həzərat, iş buradadır ki, bir bu qədər şeyləri biz hökumətimizdən tələb edə bilmərik. Biz bunları, yaxşı olar ki, təvəqqe və rica ilə alaq. Çünki tələb etməyə bizdə qüdrət yoxdur, yox!

İkinci natiqin bu sözləri də camaata artıq təsir edib, intelligent camaat bu natiqə də əl çalır, yenə “Bravo, bravo” – deyirlər. Sonra üçüncü natiq durur:

Həzarat, bizdən ötrü ən yaxşısı budur ki, nə tələb edək, nə təvəqqe eləyək, bir cür, bir tövr ilə işimizi aparaq ki, bir də baxıb görək millət özbaşına irəli getməyə qədəm qoyubdur. Yoxsa, qədəm qoymasa (axırkı sözləri çığırır), biz heç vədə adam olmarıq.

Əhli-məclisin bu sözlər də xoşuna gəlir. Yenə əl çalırlar, yenə “Bravo” – deyirlər. Sonra hazırlaşırlar ki, dördüncü, küçədən keçən əcnəbilərə bildirsinlər ki, burada müsəlman intelligentinin məclisi vardır.

Yaxşıdır, işlərimiz belə gedərsə, yaman deyil...



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info