Qonaq Kitabı
MÜSƏLMAN MƏCLİSİ

Müsəlmanlar bir yerə yığılıb mühüm bir məsələni həll etmək istəyirlər. Saat ona təyin olunmuş yığıncaq üzvlərdən birinin bir qədər nəqahəti olduğuna görə, digərinin hamama getdiyinə görə, üçüncüsünün övqatı təlx olmağına görə, dördüncüsünün “balaca bir işi” olduğuna görə, beşincisinin, altıncısının, yeddincisinin və sairələrinin, Allah bilir, nəyi olduğuna görə, təxirə düşüb, günortadan dörd saat keçmişdə açılır. Üzvlərdən bir çoxunun üzündən yağan ətalət və kəsalət bütün üzvlərə sirayət edib, haməsə başını aşağı salıb, bir qədər sükuta gedirlər. Sonra bunlardan birisi ağzını yoldaşının qulağına tuşlayıb, xısın-xısın söhbətə başlayır. Bunlar söhbət əsnasında ahəstə-ahəstə gülməkləri yavuqda olan yoldaşın da diqqətini cəlb edib, onu da bu söhbətə iştiraka məcbur edir. Sonra dördüncü yoldaş bunlara qoşulur. Beşinci və altıncı da bu söhbətə qarışıb, söhbəti açırlar və ümum məclis qərar qoyulmuş mühüm məsələni kənara qoyub, çay verilənəcən xüsusi söhbət edirlər. Bazarda bir-iki müsəlman arasında olan atışmadan söz salırlar və deyirlər ki, hərgah Sicimqulu oğlan bir qədər cəld tərpənsəydi, qoymazdı dirazboyun Cəbi gözün açsın. Sonra qəzetdən söz düşür. Hamı iqrar edir ki, qəzet yaxşı şeydir, hərgah adamların eybini açmaya, çünki hamı insandır, eybsiz adam olmaz. Əhli-məclisin bir çoxunun gözü qapıdadır ki, görək nə vaxt çay veriləcəkdir. Axirüləmr çay verilir. əhli-məclis dirçəlir, kəsalət və ətalət nişanəsi yox olur. Hamı döşünü gərib çaya tərəf meyl edir. Çay əsnasında mühüm məsələ xüsusunda danışmağı lazım bilib əvvəlcə bir sədr seçməyi qərar veririlər. Üzvlərdən sədr olmaq fikrində olan bir şəxs qalxıb danışır:

- Camaat, özünüz bilirsiniz ki, bu şüuru etdiyimiz iş çox mühüm bir işdir, ona görə bir sədr seçmək lazımdır ki, o hər nə desə, biz ona qulaq asaq.

Camaat:

- Əlbəttə, əlbəttə.

Digər bir üzv:

- Xeyr, sədr hər nə desə, ona qulaq asmaq lazım deyil. Sədrin borcu odur ki, məclisdə bir qayda qoysun ki, hamı danışa bilsin və sonra özü də ya o tərəfi, ya bu tərəfi haqq bilsin.

Əvvəlki üzv (acıqlı) – Təvəqqe edirəm ki, burada böyük dura-dura kiçik danışmasın.

Camaatın bir cümləsi:

- Bax, bu yaxşı bir sözdür.

Üzvlərdən bəziləri:

- Necə danışmasın? Burada böyük-kiçik yoxdur, hamı söz deməyə muxtardır.

Bir ayrı üzv (əvvəlki üzvə köməkçi çıxır):

- Bağışlayın, burada hər kəs durub ağzına gələni danışsa, bu məclis olmaz, erməni kəndi olar.

Bir çox adam (inciyib):

- Əşi, söyüş nə lazım?

Birisi (ağzını o yana tutub):

- Müsəlmanın cəmi işi belədir.

Bir üzv:

- Burada artıq danışmaq lazım deyil. Əvvəl bir sədr seçin, sonra görək kimin nə sözü vardır. Qurtarın, vaxt keçir. Hə, mən deyirəm ki, Hacı Nəcəfəli sədri-məclis olsun, nə deyirsiniz?

Camaat:

- Heç sözümüz yoxdur (sədrlik fikrində olanlar qaşqabağını sallayıb, bığlarını bururlar).

Haman üzv:

- Çox yaxşı, Hacı Nəcəfəli əmi bizim sədrimizdir. Bu belə! İndi Məşədi Həsənqulu, dur danış, görək, nə demək istəyirsən.

M.Həsənqu8lu (utana-utana):

- Mənim hələ bir sözüm yoxdur...

Haman üzv:

- Çox yaxşı, sən otur. İndi Kərbəlayi Nağı, sən dur danış... Sənin sözün yoxdur? Çox yaxşı!... Mirzə Məmməd, sən söylə görək nə var, nə yox!

Mirzə Məmməd:

- Mən əvvəl onu demək istəyirəm ki, görək sədri nədən ötrü seçmişik?

Haman üzv:

- Adə, bu nə sözdür, məclisdə gərək bir sədri-məclis olsun, yoxsa olmasın? Rəhmətliyin oğlu elə söz danışır ki...

Birisi:

- Yaxşı, Hacı bizim sədrimizdir, bəs sən nəçisən?

Haman üzv:

- Sənə kim ixtiyar verdi ki, durub danışasan?

Birisi:

- Bəs sənə kim ixtiyar verdi?

Haman üzvün tərəfdarı

- Adə, hey!! Çox o an-bu an eləmə ha!!

Bir ayrı üzv (tərəfdar üzünü tutub):

- Sən nəçisən, qoçaq?! Necə o yan – bu yan eləmə?!

Tərəfdarların tərəfdarı:

- Təvəqqe eləyirəm ki, oturduğun yerdə qızışmayasan!

Bir ayrı üzvün tərəfdarı:

- Əh! Hərə durub burada bir söz danışacaqdır!

Tərəfdarın tərəfdarının tərəfdarı (hirsli):

- Gözünə da ağ salacaqdır!

Bir ayrı üzvün tərəfdarının tərəfdarı:

- Ohə! Ağzına yiyəlik elə, yoxsa beynini çıxardaram!

O tərəf:

- Kimin beynini çıxardarsan, ədə?!

Bu tərəf:

- Sizin beyninizi çıxardarıq?

O tərəf:

- Çıxartmayan özünə qurban olsun, bismillah!

Bu halda bitərəf adamlar araya soxulub, “ay, canım, bəsdir, eyibdir” – deyə-deyə güclə o tərəfin də, bu tərəfin də acığını soyudurlar. Və sakitlik bərqərar edəndən sonra gec olduğuna görə mühüm məsələnin həllini sonraya qoyub, əvvəl o tərəfin və bir qədərdən sonra bu tərəfin adamlarını bayıra buraxırlar və özləri də dallarınca çıxırlar ki, bayırda dava düşsə qoymasınlar.

Mühüm məsələnin həlli qalır ay batandan sonraya.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info