Qonaq Kitabı
ÇOBAN

Biri yoxmuş, biri varmış, bir çoban varmış. Bu çoban bir dəfə qoyun otardığı yerdə azan səsi eşidir. Rəvayət edirlər ki, çoban azan olduğunu bilmirmiş, ona görə yoldan keçən kişidən təlaşla soruşur ki, bu nə oxumaqdır ki, səsi eşidilir?

Kişi cavab verir ki, bu azandır. Çoban təkrar soruşur ki, bu azan oxumağının qoyunlara bir zərəri yoxdur ki? Kişi deyir ki, yoxdur. “Onda qoy nə qədər keyfi istəyir oxusun” – deyə çoban arxayın olur.

Bizim yazıçılarımız dəxi təlaş etməkdə bu çobana oxşayırlar. Qəzet çap olunub meydana çıxan kimi hirsli yazıçılarımız qəzetin üstünə atılıb, gözlərini bərəldib iti bir nəzərlə qəzeti başdan-ayağa gözdən keçirirlər. Əgər qəzetdə öz şəxslərinə toxunan bir şey görülərsə, həman dəm qələmi ələ alıb, dişlərini qıcayıb, qızara-qızara, bozara-bozara götürüb, bir “cavab” yazırlar. Və yazıb da gözləyirlər ki, əgər “müddəi” dəxi “cavab” versə, haman dəm ikinci “cavabı” şarpalasınlar; yox, əgər qəzetdə onların nəfsinə toxunan bir şey yoxdursa, sakit olub, məqalələri arxayın-arxayın oxuyurlar və özləri də məhz bunun üçün oxuyurlar ki, görək filan adam nə tövr yazır, filanın qələmi nə tövrdür. Amma bunu unudurlar ki, görək filan adam nə demək istəyir, dediyi sözlər camaatdan ötrü nəfdir və ya zərərdir; xalqı haqqa hidayət eləyir və ya zəlalətə çağırır?! Əgər haqqa hidayət edirsə, yazdığı camaatın xeyrinə, nəfinədirsə, onu haqlamaq və sözünə qüvvət vermək lazımdır və yox, dediyi söz mənafeyi-ümumiyə zidd və xilafdırsa, o surətdə doğru cavablar yazıb onu müzürr əqidəsindən, ziyanlı fikrindən daşındırmalıdır və qoyamamalıdır ki, xalq o müzürr əqidəyə və ziyanlı fikrə uysun. Bir kəlmə, intiqad lazımdır. Yoxsa, intiqadsız yazılar ucundan yazıq oxucular qarıxıb, başlarını itirirlər və axırda da “çort znayet çto takoye” – deyib ah çəkirlər və yainki əsnəyirlər.

 

*        *        *

İntiqad (kritika) lazımdır, amma daha dalaşmaq lazım deyil. Bizim binəva camaat lap ondan elə pis örnənibdir ki, indi intiqad ilə dalaşmaqda heç bir fərq və tafavüt qoymurlar. Çünki yazıçılarımızı həmişə şəxsiyyət üstündə dalaşar görübdülər. Bu günlərdə oxuculardan birisi yazıb deyir ki, eyb deyilmiş ki, bəzi vaxt görürəm ki, qəzet sütunlarında dalaşırsınız, məgər bilmirsiniz ki, sizlər dalaşanda, bizlər gərək bir-birimizi qırıb tələf edək və sairə. Deyirəm, əfəndim, qorxma, dalaşmırıq, bu bizim bir-birimizi tənqid etməyimizdir, həqiqət axtarmağımızdır, yoxsa, Allah eləməsin ki, biz dalaşaq. Biz dalaşmırıq. (...)



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info