Qonaq Kitabı
İBRƏT KİTABI

Belə rəvayət edirlər ki, Dövlət dumasının buraxılması müsəlman vəkillərinə çox artıq təsir edibdir. Belə ki, duma buraxılandan sonra, onlar bir yerə cəm olub bikef və bidamaq oturubmuşlar. Bir qədər sükutdan sonra bunların birisi başını qalxızıb sairələrinə deyibdir:

- Allahın altında, adam gləcəyi biləydi!

O birisi: - Necə?

Əvvəlki: - Əşi, necə!.. Heç olmasa, onda dumanın bu tez zamanda buraxılacağını bilib, ürəyimizdə olanı danışardıq.

Birisi: - Əşi, vallah, mən bilsəydim ki, duma bağlanacaqdır, danışmaqda fitil əsərdim, heç kəsə macal verməzdim, lap Aladini də ötərdim!...

Bir digəri: - Adə! Mən bilsəydim ki, duma bağlanacaqdır, məgər qoyardım ki, Petrosyan müsəlmanlar haqqında... söylənsin?? Sən nə fikir edirsən, əgər mən bilsəydim ki, duma buraxılacaqdır... daha nə deyim, “hamı tayfadan məzlum biz müsəlmanıq” – deyib Tavriçeski dvoresə bir qışqırıq salardım ki, gəl tamaşa elə!! Amma nə qayırım ki, dumanın bu tezliklə bilmirdim...

Bir ayrısı: - Sözün doğrusu, mən çox bir utancaq adamam. Nə qayırım, valideynim mənə belə tərbiyə veriblər ki, utandığımdan ürəyimdə olan sözü də açıb deyə bilmirəm, amma bainhəmə, hərgah dumanın bu tezliklə bağlanacağı mənə əvvəlcə məlum olsaydı, mərd-mərdanə deyirəm ki, utancaqlığı-zadı kənara toplayıb, o ki var danışardım, əhalimizin bütün ehtiyacını lap... naxalnım obrazom söylərdim. Mən qorxaq deyiləm, ancaq mənim ağzımı yuman bu yerə batmış utancaqlığım oldu... nə qayırım!

Bunların başçısı ki, onun əyləşdiyi kreslonun nömrəsi başçının zirəkliyinə görə, hamıya məlum olmuşdu, dedi ki:

- Əşi, bu danışıqlar nəyə lazımdır, canım?! Dumada atılıb düşməklə iş görmək olmazdı. Çox oyan-buyan edərdin, Allah göstərməsin, axırda tutub qazamata soxardılar! İnsan gərək elə dolansın ki, nə şişi yandırsın, nə də kababı. Bir də mən sizə söz deyim, durub hökumətin ziddinə danışardın, hökumət səndən inciyərdi, durub Petrosyanın-filanın iftiralarına rədd cavab deyərdin, ermənilər səndən narazı olardı. Doğrudur, danışmayanda da müsəlmanlar narazı olurlar, amma iş buradadır ki, qoy səndən təki müsəlman narazı olsun, nəinki hökumət və ya erməni tayfası! Onun da səbəbini siz özünüz bilirsiniz... Qərəz, insan gərək bu cürə politikaları əldən buraxmasın, yoxsa, axırda peşiman olar. Vallah, budur sizə açıq-açığına deyirəm ki, mən bu saat min-min şükürlər eləyirəm ki, nə yaxşı, durub dumada ağır sözlər danışmamışam!..

Belə danışırlar ki, başçının bu günə “nəsihətamiz” sözləri sairələrinin də ağlına batıb, onlar üçün böyük bir təsəlli olubdur...

 

*        *        *

Bəz bizim təsəllimiz nədir? Bizim də təsəllimiz odur ki, sDövlət duması biz üçün bir ibrət “kitabı” idi ki, açılıb bir para mühüm dərsləri bizə öyrətdi və indi də o “kitab” yumulub, bizə fürsət verdi ki, öyrəndiyimiz dərsi yaxşıca əzbər edək ki, yadımızdan çıxmasın.

Görək bizdə o şüur olacaqdır ki, aldığımız dərsi yadımızda saxlayıb, ondan nəfibərdar olaq!...



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info