Qonaq Kitabı
KÖHNƏ ÇUXA

Biz gözləyirdik ki, bu gün-sabah vəzirlərin istefa verməyi xəbərini eşidəcəyik. Amma onun əvəzində (işə bax!) dumanın buraxıldığı xəbəri gəldi...

Yazıq duma! Qovulandan bəri hər dəfə vəzirlərə üz tutub o qədər atstavka təklif etdi ki, axırda özü atstavka verməyə məcbur oldu. Duma buraxıldı...

Indi kim sevinir, kim qəmlənir, kim gülür, kim ağlayır? Kim məramına çatdı, kim ümidindən məhrum oldu? Kim kimi təhqir edir? Kim kimi məsxərəyə qoyubdur! Kim deyir ki, “ux-ay!”, kim deyir ki, “vay?!” Kim qorxur, kimin qəzəbi tutubdur? Kimin ürəyi fərəhləndi, kimin könlü bulandı və başı gicəlləndi?!..

Duma buraxıldı... Amma Allah bizim vəkillərə insaf versin. Bizi xuliqan bilib buraxdı... İşin həqiqəti-açılmağına fürsət qalmadı. Indi 8 ay gözləyək ki təzə dumada təzə müsəlman vəkilləri təzə əhvalat danışıb, təzə iş görəcəklər.

 

*        *        *

Əslinə baxsan, indi bu saat yamı təzə iş görmək həvəsindədir. Amma heyf ki, təzə bir şey çıxarda bilməyib, ancaq köhnə şeyi təzələndirirlər. Bilirsiniz bu nəyə oxşayır? Bu ona oxşayır ki, görürsən birisinin təzə xuşası köhnəlir, nimdaş olur, bu isə çuxa sahibinə xoş gəlmir, çünki köhnə çuxa onu gözdən salıb, etibar və etimadını azaldıb.

Bəs necə olsun?...

Pul yoxdur ki, təzə çuxa alsın... çuxa sahibi fikir edir və çuxasının təzələnməsi üçün tədbir axtarır və axırda da bu tədbiri tapır. Çünki əbəs yerə deyilməyibdir ki, axtaran tapar?

Nə qayırır?

Heç nə, çuxasını götürüb, o biri üzünə çevirir...

Doğrudan da, baxırsan ki, sçuxa təzə görünür, amma səd heyf! Bir az keçmir ki, çuxanın o biri üzü əsil-əsassız olduğuna görə, tez saralıb, əvvəlki üzündən də pis görünür və didilib axırda çuxalıqdan da düşür. O surətdə sahibi-çuxa naəılaclıqdan çuxasına rəng vurur, əlvan rənglərə boyayır, amma yenə də fayda vermir.

Yazıq çuxa, mərəzi-bidəvaya giriftar olmuş naxoş kimi getdikcə əldən düşüb, axırda adam arasına çıxartmalı olmur.

O surətdə bilirsinizmi çuxa sahibi nə qayırır?

Çuxalıqdan düşmüş çuxasını çıxardıb, qab dəsmalı qayırır.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info