Qonaq Kitabı
İKİ SƏS

Budur neçə vaxtdır ki, qulağıma iki cür səs gəlməkdədir.

Biri: İşlərimiz xarabdır, bu gün-sabah qış gəlir, əlimiz hər yerdən üzüləcəkdir. Indidən bir tədbir görmək lazımdır...

O biri: Əcəb işlərimiz düz gətirməkdədir, ha! Bu gün-sabah Mariya Qriqoryevna da gəlir. Kefim hər bir tərəfdən düzələcəkdir. İndi də heç bir qayğı çəkməyə ehtiyacım yoxdur...

Biri: Su da kəsilibdir. Alış-veriş yox. Dükançılar hamısı əli qoynunda qalıblar, taxılı dolu döyüb, qalanını çəyirtkə yeyib, qış üçün bir buğda da qalmayıbdır... Nə tövr olacaq?

O biri: Filan düşmənim öldürülüb, arada söz, hakayə də yox, mənimlə çəkişən adamların hamısı burunlarını sallayıblar. Qabağımda bir adam da qalmayıbdır... Necədir məgər?

Biri: Görünür ki, bizim axırımız yetibdir, vallah! Heç bir işimiz düz gətirmir (... İdareyi-ruhaniyyəmizi düzəltmək üçün məclis qurduq, birisi məclisi qovub dağıtdı ki, əşi, nə məclisbazlıqdır, qoyun görək xalq nə qayırır, biz də bir qədər tamaşa edək. Dövlət dumasına vəkil göndərdik ki, danışsınlar, gedib orada yıxılıb yatdılar. Görəsən kim qarğıyıbdır?

O biri: Görünür ki, indi dövran mənimkidir, sən öl! İşçilərimin hamısı mənə tərəfdir. Filan ilə filan dostun arasını vurdum, dönüb bir-birinə düşmən oldular. Mariya Qriqoryevnanı özümə mayil etmək üçün qonaqlıq qurub, məclis açdım, hamı valeh lub, dedilər ki, ta biz pəs. hər nə bilirsən elə, biz də sənə tamaşaçı olaq. Tək bir filan qalmışdı ki, onu da güllələyib, başımdan elədim... Bəs mənim baxtım oyanıbdır!

Biri: Ey, gələcəyi yada salmayanlar, axırki pəşimançılıq fayda verməz ha!.. Qabağınız uçurumdur. Indidən özünüzə bir özgə yol axtarın. Yoxsa bir az keçməz ki, məhv və nabüd olarsınız. Dünyada adınız da qalmaz. Neçə ildir ki, xabi-qəflətdə yatıb, dünyadan bixəbərdiniz. Gələcək qayğısını çəkmirdiniz, barı, heç olmasa, bu əlinizdə olan 6 gündən nəfbərdar olun ki, axırınız bir şeyə çıxsın!..

Doğru deyib Sədi ki:

 

Ey ki, pəncah rəftə dər xabi

Məgər in pənc ruzə dəryabi?!

 

O biri: Ey dünya qayğısında olanlar! Vallah, axırda peşiman olacaqsınız ki, əbəs yerə bu nə qayğı idi ki, çəkirdim!... Qabağınız ölümdür, indidən kefinizi çəkin, ləzzət aparın, yoxsa bir az keçməz ki, ölüm yetişər, dünyadan kamsız gedərsiz. Neçə ildir ki, baş-diş ağrısı ilə əlləşib vuruşubsunuz, barı heç olmasa bu beş günü bir ləzzətlə yeyib, içib kef çəkin ki, ürəyinizdə arzu qalmasın!... Doğru deyib Sədi ki:

Ey ki, pəncah rəftə dər xabi

Məgər in pənc ruzə dəryabi?!

 

Vallah, nə yabi?!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info