Qonaq Kitabı
İRAN RUSİYANI YAMSILAYIR

Doğrudan da, İran Rusiyanı yamsılayır. İran camaatı baxıb gördü ki, rus camaatı öz dövlətindən azadlıq tələ etdi. Iran dövləti baxıb gördü ki, rus dövləti camaatı dolamaq üçün dedi: dinməyin, sizə bir otaq verəcəyəm, adı Qosudarstvennaya duma, o da öz camaatını tovlayıb dedi ki, sakit olun, sizin üçün bir ev tikəcəyəm, adı olsun Ədalətxana. Rusiya camaatı tovlanmağını duyub, bərk acığı tutdu və ayağını yerə döyüb dedi: özün bil, ya vədinə vəfa elə, ya ki... İran camaatı da rus camaatına baxıb dövlətinə dedi: bax özün bil, ya Ədalətxananı bu saat qur, ya da ki... əyan və əşrəfdən dəstbərdar ol!

İran dövləti bilmədi ki, nə qayırsın, çünki bu cürə təklifi gözləmirdi. Yenə baxdı ki, görsün qonşusu Rusiya dövləti nə cür tədbirlər görməkdədir. Rus dövləti isə camaatın üstünə hirslənib qulaqburması verməyə məşğul oldu. İran dövləti də qonşusunun bu tədbirindən xoğu gəlib, indi bu saat öz camaatına qulaqburması verməkdədir. Lakin rus camaatının qulağı buruldusa da, burnu əzildisə də, yenə bununla belə, Dövlət dumasını alıb, bir az dincəldi. Indi görək İran camaatı da bu ittifaqda rus camaatını yamsılayacaq, yoxsa, birinci qulaqburmasından sonra Ədalətxananı-filanı yadından çıxardacaqdır...

 

*        *        *

İran camaatı bu sözün üstündə bizdən inciməsin, nə deyim, bəlkə qulaqburmasına-filana baxmayacaqdır, amma nə olsun, Osmanlı camaatı qulaqburmasından qorxub. Məclisi-məbusanı yadından çıxartdı ki!.. Doğrudur, Məclisi-məbusanın dadı damaqlarından getmədiyinə görə, istədilər yenə görsünlər ki, bir tövr ilə məclisi geri ala bilərlərmi?! Amma baxıb gördülər ki, xeyr məclisi sultan həzrətləri elə yerdə gizləməyibdir ki, bir də üzünü görmək ola! Ona görə çox bikef oldular və axırda baş götürüb məclisi-məbusanı olan yerlərə qaçdılar... İndi onlar orada oturub, vətənin keçmiş gününü yada salırlar. Hərdən bir bu şikəstəni oxuyurlar:

 

Keçən günə gün çatmaz,

Calasan günü günə!

 

*        *        *

“Keçən günə gün çatmaz, calasan günü günə!” Bu da bizim müsəlmanların dar gündə vird-zəban edilən təsəllilərindən biridir. Ha!...



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info