Qonaq Kitabı
HA FİKİR EDİRƏM, BAŞA DÜŞMÜRƏM!

Bu saat mənim adıma bir kağız gəlmişdi. Kağızı açıb oxudum, amma ha fikir elədim və yenə eləyirəm, heç zad başa düşə bilmədim və yenə başa düşə bilmirəm. Lap “Molla Nəsrəddin”in gününə düşmüşəm. Bu kağızda çox sərt sözlər yazılıbdır. Belə ki, mənim yerimə bir dəymə-düşər adam olsaydı, acığı tutub, haman dəm göptürüb ona bir cavab yazardı. Amma iş buradadır ki, bu kağızın məzmunu məni elə gərdəngir edibdir ki, heç cavab zad yadımdan çıxıbdır. Elə bir onu fikir edirəm ki, ay allah, bu kağızı mənə yazan nə demək istəyirmiş, bu kağızı yazmaqda onun məqsədi və ideyası nə imiş: Çünki bu saat heç bir kəs ideyasız, məqsədsiz bir kağız yazmır. Dükançılar köhnə qəzetin içinə darçın, istiot, mixək bükən kimi, hər yazı yazan da görürsən yazdığı sözlərin içinə bir ideya bükür. Lakin heç başa düşə bilmirəm ki, mənim adıma göndərilmiş bu kağızın içinə nə cür ideya bükülübdür. Qəribə budur ki, kağızı yazan məni söyür də bir də yalandan yazır ki, guya mən onu görmüşəm və onunla bizim şəhər xüsusunda danışmışam, o da mənə cavab veribmiş, qərəz nə baş-ağrısı verim, kağızın məzmunu budur:

“Ay Filankəs, yadındadırmı ki, sən məni aldadıb, mənə aldadıb, mənə nağıl deyirdin ki, guya sizin şəhərinizdə millətpərəst pəhlivan adamlar var, heç bir vaxt milləti öz şəxsi mənfəətlərinə satmazlar və mən də sənə cavab verirdim ki, a kişi, inanma, onlar millətpərəst deyildirlər, məbləğpərəstdirlər və sözlərinə qulaq vermə, yalaçıdırlar. Indi gördünmü ki, mənim sözlərim doğru oldu, a Filankəs! Hər gah yenə mənə inanmırsan, get may ayının otuz birinə bax...

Ay Filankəs, yadındadırmı ki, sən yenə məni aldadıb deyirdin ki, bizim şəhərimizdə bir orqanizasiya sosialist vardır, çox əqidələri doğru və ubejdenyalı adamlardır, proletariatın mənafeyini gözləyirlər və mən də sənə cavab verdim ki, a kişi, inanma, onlar uşaqdılar, uşaq da olmasalar oyunbazdılar. Indi, gördünmü ki, mənim sözlərim doğru oldu, a Filankəs, səni görüm... (burada mənə pis söz deyibdir, ancaq mən onu yazmıram). Hərgah yenə mənə inanmırsan, get may ayının otuz birinə bax...

Ay Filankəs, a... (yenə pis söz deyibdir) yadındadırmı ki, sən məni ələ salıb söyləyirdin ki, bəli, şəhərimizdə camaat öz xeyir və şərini anlayıbdır, öz dost və düşmənini tanıyır və mən də sənə deyirdim ki, balam, vallah inanma, onlar hələ qoyun sürüsüdür. Hələ o məqamlar uzaqdır. İndi gördünmü ki, mənim sözlərim doğru oldu, ay Filankəs!

Ay Filankəs, belə “millətpərəst”lərləmi meydana çıxıbsan, belə “sosialistlərin”ləmi fəxr eləyirəm, camaatın belə ayıqlığındanmı dəm vurursan, ay Filankəs?!.. Sözün doğrusu, mən sənin yerinə olsam, qələmi-zadı sındıraram, bundan sonra səs çıxarmağa utanaram, ölərəm, a kişi!..”

Kağızın yerdə qalanı söyüşdür, imza, filan da yoxdur. Lakin bu nə olsun? May ayının otuz birinə bax, yəni çe? Mən bu kağızı oxuyandan sonra, gedib bir rus və bir müsəlman təqvimi tapıb, may ayının otuz birinə baxdım, lakin orada bu kağıza dəxli olan bir şey tapmadım. Rus təqvimində yazmışdı ki, filan svyatoyun ağaca  çıxan günüdür, müsəlman təqvimi də yazmışdı ki, bu gün saat xoş deyil.

Daha bir şey yox idi bu kağıza aid olaydı və tərs kimi o gün şəhərimizdə də elə bir qəribə əhval vaqe olmamışdı, yenə irəlilər adam-zad öldürərdilər, o da olmamışdı. Tək bir o gün, yəni may ayının otuz birində şəhərimizdə Dövlət dumasına vəkillər seçilmişdilər. Lakin bunun millətpərəstliyə, sosializmə, camaatın ayıqlığına nə dəxli?

Qərəz, mən ki heç başa düşmürəm ki, bu kağız nə olsun və bunun ideyası nə imiş... Əlbət, əli dincdurmazın birisi imiş, yazıb mənə sataşmaq istəyirmiş, vəssalam!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info