Qonaq Kitabı
MÜŞTƏRİ

Deyirlər ki, Ərdəbil bir şəhərdir, hər kəs də öz vəkili.

Mən Ərdəbildə olmamışam və bunun da nə dərəcədə doğru olub-olmadığını bilmirəm. Ancaq iqrar edirəm ki, bu söz doğru isə, Ərdəbil bəxtiyar şəhərlərin biridir. Doğrudan da, elə olsun gərək. Bu gün sənin kefin çay içmək və qəlyan çəkmək istəyir, heç kəsin buna sözü olmaz, bu gün sən gəzməyə çıxmısan, heç kəs deməz ki, nə gəzmək zamanıdır. Bu gün sən günortadan sonra yatmaq isəyirsən, heç kəs sənə bir söz deməz (İranda bundan artıq bir hərəkət yoxdur zənn edirəm). Amma bizim Bakıda belə deyil. Hər bir işində, hər bir hərəkətində, hər bir durub-oturuşunda, hər bir addımında ehtiyatlı olmalısan və illa, cüzi bir oyan-buyan oldumu, görürsən ki, qiyamət qopdu. Nə üçün ayağını geri qoydun, nə üçün bu sözü dedin, nə üçün filan elədin və s.

Çox adam deyir ki, bu bir yaxşı sifətdir, çünki insanı ehtiyatla dolanmağa vadar edir. Mənim zənnimcə, bu bir xəyali-xamdır. Qoy hər kəs sərbəst dolansın, sərbəst dolanan adamın fikir və xəyalı da sərbəst və azad olar.

 

*        *        *

Qəzetlərimiz şikayət edirlər ki, qəzet oxucularımız azdır. Mən bu şikayəti haqlı hesab edə bilmirəm. Çünki hər kəsi görürəm, qəzetdən bəhs edir. Hər kəslə mübahisə edirəm, qəzetlərdən mənə dəlil və sübutlar gətirir. Bəs qəzet oxumayan adamın qəzetdən xəbərdarlığı olarmı?

Bəlkə qəzetçilərimiz “qəzet müştərisi azdır” demək istəyirlər? Hə!.. Buna mənim bir sözüm yoxdur. Bu ola bilər. Nəinki ola bilər, həqiqətdə də belədir. Görünür ki, qəzet müştərisi azdır. Amma qəzet oxuyan əhli-savad yoxdur. Bu nə təhər olan işdir?

Nə təhər olacaq?

Fərz edəlim ki, Abbasqulu bir qəzetin müştərisidir. O surətdə Abbasqulu sakin olan məhəllədə heç bir kəsin qəzet almağa ehtiyacı yoxdur. Çünki Abbasqulunun iltifatı sayəsində aldığı qəzet bir məhəllənin adamlarının hamısına kifayət edir.

 

*        *        *

Qəzetlərimizin müştəriləri azdırsa da, özləri getdikcə çoxalmaqdadırlar. Əlhal, tək bir Bakı şəhəri 3 qəzet verməkdədir. Kazan isə 5 qəzet intişarına müvəffəq olubdur. Sair şəhərlər də Bakı ilə Kazandan geri durmaq istəmirlər. Qəzetlərimiz cürbəcürdür. Kişilərimizə məxsus, arvadlarımıza mənsub, uşaqlarımıza mütəəlliq qəzetlərimiz vardır. Lakin... “çoxluq” sözünə dair türkün bir senzorsuz məsəli vardır (“senzorsuz” sözünü mən “əz bərayi-xali nəbudəni-mərasilə” dedim. Özüm yaxşı bilirəm ki, hökumətə müxalif sözlərdən savayı ağıza gələn (hər) sözü senzor buraxar və buraxır da).

Görünür ki, bəzi qəzetlərimiz, bu zərb-məsəli isbat etmək istəyirlər. Belə ki, o qəzetlərdən yavaş-yavaş “xuliqanlıq” iyi gəlməkdədir... “Nur” ilə “Bəyanül həqq”in acığı tutmasın.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info