Qonaq Kitabı
QULAQ ARDINA VURMAQ

Rus və yapon müharibəsi əsnasında bizim avam xalqımıza deyirdilər ki, yaponlar quş kimi uçub Peterburqun başına gəliblər, iki saatdan sonra rus paytaxtını alacaqlar... Yaponlar öz dəryalarının dibinə girib bir aydan sonra rus dəryasının içindən çıxıbdılar və s.

Biz “abrazovannılar” avamımızın bu sözlərini eşidəndə gülürdük. “elə şey yoxdur” – deyirdik. İndi, bizdən milyon dəfə artıq “abrazovannı” olan əcnəbilər bizim bu Qafqaza dair elə qəribə əhvalatlar danışırlar ki, bişmiş toyuğun gülməyi tutur. Bu əhvalatı yalnız danışıarıar deyil, məşhur qəzetlərində də yazırlar. Belə ki, ingilis qəzetlərində yazmışdılar ki, Bakı şəhəri general-qubernatoru ilə bir yerdə sdağılıb, viran olubdur. İndi də alman qəzetlərində yazırlar ki, guya Qafqaz müsəlmanlarından bir firqə İrana gedib, İran əhlini rus əleyhinə qalxızırlarmış, bunt istəyirlərmiş və bu firqənin əlində iki qəzet və hər qəzetin 70 min (pah, atanla yeri!) müştərisi varmış!..

İndi biz bu mədəniyyətli əcnəbiləri də öz avamımız yerində qoyub, güləkmi, yoxsa “bu mədəniyyətin daşıb tökülməsindən irəli gələn sərsəm azarı, dərddir” – deyə qulaq ardına vuraq?

Osmanlı dövləti Rusiyada vaqe olan iğtişaşın, baxüsus, zabastovkanın hamısını qulaq ardına vururdu. Amma indi zabastovka mərəzi özünə də sirayət etməkdədir. Belə ki, “Tunə” qəzetinin sözünə görə, İstambulun tütün (tənbəki) fabriklərində üçüncü dəfədir ki, zabastovka vaqe olmaqdadır. Odur ki, hökumət bərk əl-ayağa düşübdür. Məlumdur ki, insanı heyvan dərəcəsinə yetirsən, zabastovka da elər, boykot da elər, hələ desən...



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info