Qonaq Kitabı
İKİNCİ DUMA

Bu gün ikinci duma açılacaqdır. Millətin ən birinci arzusu hasil olacaq, onlar öz vəkil etdikləri adamlar vasitəsilə öz-özlərini və öz məmləkətlərini dolandırmaq işlərində bu gündən belə iştirak etməyə başlayacaqdırlar. Bundan belə demək olur ki, mütləqiyyətə bir nəhayət çəkilib, təbii, azadə, insanca dolanmaq təriqin ikinci Duma tapmağa qeyrət edəcəkdir və qoysalar axtarıb tapacaqdır.

Bir o qədər tökülmüş qanlar və nisar edilmiş canlar bahası ilə ələ gətirilmiş olan birinci Dumanı dağıtdıqdan sonra, ikinci dumanı “ağzıboş” və “ifratçılıqdan” bilmərrə bəri etmək üçün hökumət əlindən gələn vasitələri müzayiqə etmədi.

Birinci dumanın üzvləri təqib edildi. Onlardan ən əhəmiyyətli bir məsələyə, yəni aqrarnı məsələyə vüqufi-tamməsi olan Gertsenşteyn öldürüldü.

İfratçılıqda gümanlı görünən başbilənlərin bir çoxu həbs və tovqif olundu, bir çoxu duma üzvlüyü haqqında məhrum edildi və bir çox mücahid kimsələr də hökumət senatı “bəyanat və izahatına” mübtəla olub, həqqi-intixabdan düşürüldü. Qərəz, ikinci dumanın etidali, yəni hər bir günahi-kəbir və sağiri-güzəştə mayil olması üçün hər nə əməl var idisə hamısı işə buraxıldı. Ancaq ondan sonra hökumət arxayın olub, seçki işlərinin icrasına izn verdi.

Lakin işin nəticəsi tək bir hökumət deyil, bu işə əhəmiyyət nəzərilə baxanların hamısını heyran qoydu. Çünki hər bir seçkinin nəticəsində gələcək dumanın fizionomiyası – sifəti aşkar görünməyə başlayır, ağzıboş hökumət tərəfinə mayil gözlənən dumanın əvəzinə oppozisionnı, yəni xilafgir bir duma çıxacağı kəmali-istiğrab ilə müşahidə olundu.

Hökumətin seçki icraatında qoyduğu təhdidat dəxi onun nəfini əhəmiyyətə layiq bir müddət yetirə bilmədi. Duma üzvləri yığıldı və onların əksəriyyəti də haman hökumət qabağına kəsən “sol”lardan oldu. Bu nəyə dəlildir?

Bu dəlildir ki, Rusiyada əvvəlcə əksərən xəfi və bəzən aşikar surətdə getdikcə kəsbi-izdiyad və istedad edən və bu axır vaxtlarda ahu fəqanlar, odlu-odlu şikayətlər, dadü fəryadlar ilə bərabər revolverlər, tüfənglər, bombalar parıltı və gurultuları ilə bütün məmləkəti lərzəyə salmış olan millət etirazı səbükəqillərin görkü üçün icra edilən boş və əsassız bir nümayiş deyildir. Bu, cana doymuş camaatın kamala çatmış aqillər təşviq və təhriki ilə sədayi-həqq tələbnaməsidir. O səda ki, heç bir hədə-qorxu ilə xamuş olmaz və hər bir top və pulyemotdan dəxi gurultu və əsərli olmaqla bərabər, getdikcə mühib bə müdhiş olub, eşidənlərin tüklərini qabardar və bədənlərini lərzəyə salar.

Və bu da ona dəlildir ki, bir bu qədər zaman qulluq və ağalıq əsası üzrə qurulmuş və qurulub da hər yerdə təzyiq və əsarət kökü salmış olan idareyi-müstəbidənin bundan belə dəxi xitampəzir olması naçardır. Xitampəzir olması da, əvvəlki təriq üzrə qalıb davam edə bilməz. Məmləkət öz asayiş və rahatlığından əl çəkib nizamsızlıq və təmiz bir anarxiya halına düşməyə razı olar, amma köhnə idarənin yenidən bir də təkrar hökmforma olmağına heç bir halda riza verməz.

Demək olar ki, indi bütün Rusiya əhalisi siyasət cəhətincə böyük bir qanacağı hasil edə bilibdir. Qanacaq sahibi dəxi azad və sərbəstanə dolanmağın yolunu biləndən sonra heç vaxt öz başını təkrar əsarət kəməndinə salmaz...

əlqərəz, Duma, yəni Rusiya məclisi-məbusanı bu gün ikinci dəfə olaraq açılacaqdır. Hərçəncd gələcəyi indidən təyin etmək və pişəzvəqt xəbər vermək müşküldürsə, hər bir halda, gələcək günləri qızıl hesab edəcək dərəcə nikbin olmaq yaramayan kimi, gələcəyə bədbinamə baxıb, qəti-ümid olmaq da yaramaz. Ümid həyatımızın rəhbəridir. Bəzi mülahizatı nzərə alıb, bu ikinci dumanın müəyyən bir vaxta qədər davam edəcəyinə və davam edib də məmləkəti köhnə idarənin tazalanması qorxusundan çıxartmaqla bərabər, səadət və rifaət təriqinə tərəf sövq edəcəyinə ümidvar olmağımız səlahdır.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info