Qonaq Kitabı
HALIMIZA DAİR

Keçmiş məqalələrimdə yazdiğim kimi, indi dəxi həmin o məsələ barəsində bir neçə söz demək istəyirəm ki, sairələr əjdaha qədəmi ilə irəliyə çapdiği halda, bizim “tisbağa addimi” ilə qabağa sürünüb bəzi vaxt dəzi qırxayaq (xərçəng) kimi geri getməyimizin ümdə səbəbi bu bizim bilamülahizə və fikir meydana atılıb, yalançı pəhləvan kimi oyun çıxartmağımızdır.

Mən öz vicdanım sarıdan heç bir töhmət gözləməyib, açıq-açığına qəti surətdə deyirəm ki, bizim bu camaat işinə qatışanlarımızdan heç biri öz tutduğu iş barəsində heç bir vaxt dərin fikir və mülahizələrdə bulunmur, bu işi özü üçün ya bir oyuncaq, ya da ki, “ad-san” çıxartmağa bir vasitə bilir!

Dəlil istərsiniz? Buyurun: camaat yolunda tutduqlarımız işin nəticələri öz-özlüklərində şafi bir dəlildir.

Gizlətmək lazım deyildir, biz camaat işlərinə qarışıb “islahat” əmələ gətirmək istədikdə, iki məqsədin dalına düşürük, daha doğrusu, bir məqsədi, yəni ümumun xoşuna gələn məqsədi ancaq xalqa elan edib, ikinci məqsədi, yəni öz xüsusi məqsədimizi təqib edirik. Çünki bu məqsədin hüsulu, əvvələn, bizim üçün bir mənfəət qazanır və saniyən onun təriqi-üsulu da asandır.

Və bu şəxsi mənfəət, görünür ki, bizdən ötrü o qədər arzu olunacaq mərtəbə əzizdir ki, biz bunun hüsulundan ibarət olan xüsusi məqsədimizin ümumi camaatın mənafeyinə tuş olan digərpəsəndidə məqsəd içində gizlədib, “üzü bürünmədən” meydana atılmağımızı məsuliyyətli və xətərnak bir şey hesab etmirik.

Lakin, bu “cəsarətin” axırı nə olur? Hər bir biabırçılığı ötmüş bir ürəksizlik, qorxaqlıq və lap axırda, müvəqqəti də olsa, boynu buruq qulluq. Çünki məqsədi-xüsusimiz bir çox alçaq məqsədlərdən olduğuna görə, bizə heç bir ürək-dirək vermir və bu səbəbə binaən haman atıldığımız meydanda qabağımıza çıxan birinci sədd, birinci mümaniət bizim əl və ayağımızı boşaldıb yer üzərində sürünən bir qurdcuğaza döndərir ki, gəlib-gedənə yalvarır: Ay aman, məni basıb əzmə, xəta edib sənin qabağına çıxmışam!

Amma, bu günə iş aparmaq olmaz. Bu təriq ilə camaat işinə qatəşmaq yaramaz! “Ad-san” qazanmaq üçün əzgə bir yol aramaq yaxşıdır. Camaatı ələ dolandırmaq zarafat deyil. Cürət edib, camaat qatışan və ondan böyük bir cürət edib, “islahat” naminə fil boyda bir məsələni qalxızan hərif dediyinin üstündə kəmali-səbat ilə durmalıdır, dura bilməsə də, heç vaxt qoyub qaça bilməz, ya ölməlidir, ya qalmalıdır.

Amma hamısından yaxşı bu cür işləri pişəz vaxt mülahizə edib, ondan sonra işə girişməkdir. Dürüst bir fikir edərək: indi nə zamandır və biz nəyik?

Rusiya azadlıq hərəkatı hülul edəndən bəri ki, bütün millətlər boyunlarına keçmiş olan zənciri-əsarətin boşaldığını bilkülliyyə taxlisi-can etmək üçün var qüvvət və zorlarını sərf edirlər, çünki onlar əsarətin yamanlığını və azadəliyin yaxşılığını gözəlcə anlayırlar. Səbəb də odur ki, onların həqiqi mücahidləri tamam otuz-əlli ildən bəridir ki, min cürə vasitələrlə öz avam fərdlərini başa salıb, həyat və məişətin yaxşı və fəna tərəflərini onlara təlqin ediblər və ikincisindən xilas olub, birincisinə nail lmaq fərqini onlara qandırıblar. Qərəz, bu mücahidlər, məkatib və mədarisi, məclis və məhafili, xəfi və aşıkar mübahisat və müzakirat, ədəbiyyat və sənaye-nəfisə vasitələri ilə bir otuz-əlli ilin içində öz avam millətlərinə arzu olunan surətdə tərbiyə verib, indiki günlərdə azadlıq hərəkatı meydanında kəmali-məharət ilə rol oynamağa qanacaqlı və öz yaxşı və yamanını qanıb, anlayan bir millət hazır edibdilər.

Amma bizim mücahidlər... öz avaç millətimiz ilə birgə kəmali-qəflət ilə yatıb, ancaq indi oyanıb gözlərini ovuşdurmağa başlayıbdılar və birinci fikir və məqsədləri də avam camaatı bir tez zamanda oyadıb başa salmaq əvəzində, özlərinə “ad-san” qazanmaqdan ibarətdir. Odur ki, indi bütün Rusiya millətlərinin bu azadlıq hərəkatına həqiqi və kamil bir vüquf və ittilaları olduğu halda ki, onların istər hərəkətindən və istərsə asari-mənzumə və qeyri-mənzumələrindən aşıkardır. Bizim camaat hər bir şeyi ayaq-baş və baş-ayaq anlayır və tərsinə başa düşür.

Şair  Naim “Fyuzat”ın 9-cu nömrəsində nəyə kinayə edibdirsə, özü bilir, ancaq bizim indiki əhvalımızı çox gözəlcə təsəvvür edib, çox da məqamında söyləyir ki, həmin bu günkü gündə ki, bütün aləm hürriyyət və maarif deyə fəryad edir;

Bizim yerlərdə hürriyyət əsarətdən ibarətdir;

Maarif nuru yoxdur, nur zülmətdən ibarətdir.

Tərəqqi eyləmək maziya ricətdən ibarətdir.

Bizim əşarımız asari-qəflətdən ibarətdir.

Biz bunu anlamaq istəmirik ki, bu saat sairlərdən ötrü bir ümumi inqilab zamanı yetişdiyi vaxt, bizim camaat üçün iki inqilab vaxtı yetişibdir ki, onlardan biri haman Ümumrusiya inqilabdır və digəri isə öz xüsusi inqilabımız olmalıdır, yani: indiki zaman o zamandır ki, bizim camaat Ümumrusiya inqilabında iştirak etməyə məcburdur; lakin bu Rusiya inqilabında iştirak edə bilmək üçün öz içimizdə bir xüsusi inqilab törətməyə məcburuq. Çünki əsarəti hürriyyət bilə-bilə, zülməti nuri-maarif bilə-bilə, maziyə ricəti tərəqqi bilə-bilə Rusiya hərəkati-azadicuyanəsində iştirak etmək mümkün deyildir. Digər tərəfdən dəxi bu hərəkatda iştirak etməmək bizdən ötrü böyük bir təhlükəni mocib ola bilər, bizi hər bir cəhətcə aləmi-mədəniyyətdən uzaq salar və bilaxir bilkülliyyə tələf olmağımıza səbəb düşər.

Bəs bizə, bizim camaatımıza xüsusi bir inqilab lazımdır. Ancaq bu inqilabdan sonra biz həqiqi bir ömür sürməyə başlarıq. Lakin bir fikir edək. Bütün amalü əfkarı quru bir “ad-san” çıxartmaqdan ibarət olan və yainki camaat işlərinə qatışmağı imrari-vaxt üçün bir əyləncə, bir oyuncaq hesab edən “mücahidlər” himmətilə inqilab kimi bir əmri-əzimi layiqi surətdə icra etmək mümkündürmü?! Xeyr, bunların himmətilə - necə ki, aşikar olmaqdadır, irticanı, yəni geri qayıtmaq həvəsini artırmaq olar.

Həqiqi inqilab törətmək üçün milli mücahidlər lazımdır. Həqiqi inqilab nə qədər dedikcə böyük bir əmrdir. Bu böyük əmri yeritmək üçün də böyük, yəni amal və əfkarı uca olan adamların meydana çıxması icab edər. Dəni-məqsədlərin burada şəltəsi işləməz, onlar zərərdən savayı heç bir xeyir yetirə bilməzlər. Onları kənar etmək, öz məqamlarına qovmaq lazımdır.

Bizə həqiqi mücahidlərin rəhbərliyi, rəhbər olub da bizi bu nimmürdə halımızdan digər bir huşyar bir hala salmaları lazımdır.

Lakin bizim içimizdə həqiqi rəhbərlər varmı? Bəli var, istənilsə bulunar. Biz hamımız, bilaistina, həmişə şəxsi-qərəz və mənfəətlərimizə uyub indi də ancaq o dairədə işləməkdən əl çəkməyirik. Fəqət biz bir an bu dairədən qədəm kənara qoysaq və öz ümumi halımıza əhəmiyyət verib, diqqət yetirərsək, bizi təhdid edən təhlükəni müşahidə etməyə bilmərik. O surətdə, fitrətində qabiliyyətli və zəkavətli, qeyrət və namuslu yaradılmış olan adamlarımız, öz vicdanlarının təhrik və təşviqilə bu təhlükəni dəf etmək, həqiqi mücahid namində meydana çıxıb, doğruluqla iş görməkdən özlərini çəkə bilməzlər və bu təhlükəyi-ümumini dəf etmək yolunda təsadüf edən bütün mümaniətləri, bütün sədləri basıb keçməyi özləri üçün məşəqqət deyil, ruhani bir ləzzət, vicdani bir feyz bilərlər!

Ancaq bunun birinci şərti millətimizin halına əhəmiyyət nəzərilə baxıb, dərin bir fikir etmək və ondan sonra hər bir şəxsiyyəti bilmərrə kənara qoyub və hər bir alçaq niyyətlərdən bilkülliyə bəri olmaq və milləti əsl nicat yoluna tuş etmək kimi məqsədi-ali təhəyyi olub, ürəklənmək lazımdır.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info