Qonaq Kitabı
DÖVLƏT İŞLƏRİ

İndi bu halda Rusiyanın o zamanıdır ki, əhalinin bütün dərrakəli hissələri yeni duma üçün hazırlanırlar. Bunlar təcrübələr və göz qabağında olan misallar sayəsində yəqin ediblər ki, dövlətin qüvvətə və əzəməti və millətin rifah və səadəti buna asılıdır ki, dövləti təşkil edən ümum əhalinin vəzi-qanun və idarəyi-məmləkət əmrlərində ciddi və mücahidanə iştirakı olsun. Bunlar anlayıbdılar ki, yüz milyonlu bir məmləkətin ümumi idarəsini, məmləkət dolandırmaq və səltənət saxlamaq işlərində istedad və məharətləri çox şübhə və şəkli olan beş-on nəfər məmurun yədi-ixtiyarına vermək dövləti bütün əhalisi ilə böyük bir zillətə və bədə naçar bir inqirazə məhkum etməkdir. Onlar anlayıbdılar ki, bu kimi bir inqirazə məhkum edilmiş və əsrlərcə davam edən bu məhkumiyyətin acı səmərələri ilə can çürütmüş və zəif və miskin düşmüş bir məmləkətin kəsbi-qüvvət etməsi o məhkumiyyətin fəxs və ləğvinə - yəni əhalinin qul halından çıxıb, sərbəst, azad dolanmasına vabəstədir. İştə, o səbəbdəndir ki, qanacaq və dərrakə məqamına çatmış millət çalışır, səy edir və naili-məram olmaq üçün bu yolda var qüvvətini sərf edir. Hökmranlığa və ağalığa adət etmiş olan hökumət isə millət qələyanından əndişələr və həyəcana gəlib, millətinkindən daha dürüşt olan öz qüvvətilə müqabilə edir. Bunun nəticəsi olaraq bütün məmləkətdə inqilab törəyir. Qiyam və inqilab edib, hökumətə qalib gəlmiş və arzuları olan məşrutiyyəti kəsb etmiş və kəsb edib də məşrutiyyət sayəsində sürətlə tərəqqi və təaliyyə nail olmuş millətlər, Rusiyanı bürümüş olan bu inqilabın müqəddəs mənasını anlayırlar, insaniyyətpərvərliyə tuş olan məqsədini bilirlər. Zaviyənişin cahillər isə idareyi-müstəbidə bərəkətindən kəsb etmiş olduqları xudbin və xudpəsəndlik nəzərilə baxıb, millətin hökumətə qarşı elan etdiyi qiyamından, təbiri-milli ilə söyləyəlim, xorlanırlar, daha doğrusu, ifrat bir heyrət və istiğraqdan nəşət edən böyük bir dəhşətə gəlirlər. Hökumətin millətə rəva gördükləri zülm və sitəmlər onlar üçün dadlı bir təskinlikdir. Hökumət isə təskinliyi onlardan müzayiqə etməməyə qeyrət edir. Vaqeən, imdiyə qədər görünməyibdir ki, hökumət millət arzusunun hüsuluna çalışsın. Doğrudur, rəsmi intişar edilən əmr və fərmanlarla bir çox niyyat və məqasidi-xeyirxahanələr vəd edilirsə də, heç biri qövldən felə gətirilmir; gətirilsə də, ancaq millət zoru ilə gətirilir və müvəqqəti bir şey olur ki, onu fürsət məqamında geri götürməyi hökumət təxirə salmır. Bunu isbat üçün əvvəldə vəd edilmiş hürriyyətləri və bu keçənlərdə dağıdılmış dumanı göstərə bilərik. Hökumət əvvəlki dumanı dağıtdıqda çox yaxşı bilirdi ki, bu əməli tək Rusiyaya deyil, bütün aləmi-mütəmmədinəyə sui-təsir edəcəkdir. O idi ki, dumanın dağıdılmasını elan edib də, sui-təsiri bir qədər azaltmaq üçün haman dəm yavuq zamanda ikinci bir duma qurulacağını vəd etdi. Əlan hökumət vədinə vəfa edir, yəni məmləkətdə seçki işlərini keçən qərar üzrə icra edir. Şəkk yoxdur ki, fevral ayında duma qurulacaqdır. Lakin şayani-əhəmiyyət burasıdır ki, görək, hökumət bu ikinci duma ilə nə günə münasibətdə bulunacaqdır, yəni əvvəlki kimi duma ilə mübarizə başlayacaq, yoxsa dumanı özünə köməkçi dəyə çağıracaqdır. Bu nuktəni piş öz vəqt anlamaq üçün hökumətin əlan icra etdikləri daxili və xarici işlərinə diqqət yetirməlidir. Hökumətin dumaya dair gördükləri daxili əmr gələcək dumanın nəfinə deyil; zira seçki işləri məhdud bir halda görünür.

Xarici işləri isə hərçənd məxfi bir surətdə icra olunur, amma yenə də hərdən bir “xoruzun quyruğu görünür”. Bu axır günlərdə mətbuat vasitəsilə danışılırdı ki, hökumət yenə Fransadan pul borc almaq təşəbbüsündə bulunur. Hərçənd bu şayiələrdəvairi-rəsmiyyə tərəfindən təkzib olunmuşdu, amma bu yavuqlarda Fransa ictimaiyyunlarından məşhur olan Jan Jores mətbuat ilə elan edibdir ki, Rusiyanın maliyyə vəziri Kokovtsev vaqən Fransa hökumətindən borc pul istəyirmiş. Fransa hökuməti isə razı olmayıbdır. O surətdə Kokovtsev cənabları ixtar edibdir ki, əgər Fransa istiqraza razı olmasa, hökumət Almaniyadan borc pul almağa məcbur olacaqdır ki, bu da camaatın Fransadan dilgir olmağına səbəb olar. Buna cavab veriblər ki, istiqraz məsələsini ikinci dumanın özü müzakirə və həll etməlidir. Binaənileyh camaat o vaxt dilgir ola bilər ki, dumadan qabaq Rus hökumətinə borc verilmiş ola. Maliyyə vəziri cavab olaraq bunu söyləyibdir ki, Dumanın istiqraz kimi xarici məsələlərə əl qatmağa ixtiyarı yoxdur. Əgər bu təşəbbüsdə olsa da onu təkrar dağıtmaq lazım gələr!.. Jores demişkən, buradan aşkar məlumdur ki, hökumət ikinci dumanı da dağıtmaq fikrindən uzaq deyildir. Onun üçün bərayi-ehtiyat indidən özünə maddi bir təkyə aramaq təşəbbüsündədir.

Bizə qalırsa, birinci duma dağildiqdan sonra “dumasiz” dolanmağin zəhərini dadmaqdayiq. Bütün ümidimiz ikinci dumaya bağlıdır. Binaənileyh, təbiidir ki, ikinci dumanın dağıdılacağını fikrimizə gətirib bu günə xəyalatdan həzər edirik. Yaxşısı bu ümid ilə təsəlliyab olmaqdır ki, hökumətin bu “ehtiyatkarlığı” lüzumsuz olub, ikinci duma dağılmaz. İstər millət, istər iqrar edirlər ki, ikinci dumanın dağılması məmləkətdə xalis bir anarxiya törədir ki, onun nəticəsi də dövlətdən ötrü müdhiş və möhlik olar.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info