Qonaq Kitabı
MÜƏLLİMLƏR İCTİMAINA DAİR

Bu gün şəhərimizdə Qafqaz müsəlman müəllimlərimizin ictimaı vaqe olacaqdır. Bu, biz Qafqaz müsəlmanları tərəfindən ümummillət mənafeyindən ötrü iş görmək üçün icra olunan birinci təşəbbüsdür və necə ki gözlənirdi, bu təşəbbüsə birinci qədəm qoyan ölkəmizin müəllimləri oldular. Indi bu müəllimlər ictima qoyub bir yerə cəm olubdular ki, öz vəzifeyi-müqəddəslərinin layiqli ifa və icrası xüsusunda deyib-danışsınlar və ümum müəllimlər mükəmməl bir məramnamə tərtib edib, ona müvafiq iş görsünlər.

Müəllimlərimizin doğrudan-doğruya olan vəzifələri camaatımızı girdabi-cəhalətdən qurtarıb, rahi-nicati-mədəniyyət və mərifətə tuş eləməkdir. Bu ictimada tərtib və qəbul eidləcək məramnamə dəxi bu nüktəyə müvafiq və mütabiq olmalıdır. Söz yoxdur ki, camaatı girdabi-cəhalətdən çıxarmaq kimi bir müqəddəs, lakin müşkül vəzifənin ifasına qədəm qoymaqdan əvvəl camaatımızın mübtəla olduğu girdabi-cəhalətin əlacını dürüst və aydın surətdə bilməlidir, çünki məlum olduğu üzrə dərdi tanıyıb da tədavisini bilməmiş dərdin dəf və rəfini hasil etmək olmaz. Ona görə müəllimlərimizə ən əvvəl vacibdir ki, bir qədər də şikayət etdiyimiz cahələt girdab və mərəzinin əlac və tədavisini vəsih surətdə nədən ibarət olduğunu özlərinə lap açıqca və aydınca izah və bəyan etsinlər.

Zənni-acizanəmizcə camaatımızın başına gələn bəla və müsibətlərin hamısı cəhalət girdabından ibarətdir. Bu bəla və müsibətlərin törəməsi elmsizlik ucundandır. Ona görə də vazehdir ki, camaatımızı təlim etmək lazımdır. Lakin bu təlim sözünüən vəsih mənada anlamaq lazımdır. Camaatı təlim etmək sözləri yalnız bir övlad və əhvadi-millətə dərs və tərbiyə vermək deyil, “camaatı təlim etmək” bu zamanda övladi-milləti məktəblərdə oxutmaq və tərbiyələndirmək ilə bərabər, valideynlərin də cəhalətdən naşi mübtəla olduqları fəlakət və müsibətləri rəf etməyə çalışmaqdır, yəni hər bir müsibət və bəlanın əlaci-dəf və rəfini valideynə təlim etməkdir.

Millətimin müəllimlərindən savayı hansı ünsürü vardır ki, daim camaat içində olub, onlar ilə bilavasitə əlaqədə olsunlar? Və müəllimlərdən savayı kimimiz vardır ki, camaat içində yaşayıb da, onların həm özlərinin, həm də uşaqlarının qeydinə qalsın? İndi bu saat zaman o zamandır ki, müəllimlərimiz uşaqlara tərbiyə verən kimi, ümuni camaatımıza dəxi gərək tərbiyə versinlər. O tərbiyə ki, biz müsəlman millətində yoxdur və onun yoxluğu da bu inqilab zamanında bizlərdən ötrü artıq təhlükəlidir. Bu gün Rusiyada olan bütün millətlərin hər bir dərdi o mərtəbədədir ki, öz millətinin ehtiyacını, əlac və dərmanını gözəlcə anlayır, var səsini ümumi əhali səsinə qatıb, kəmali-ciddiyyətlə tələblər ibraz edir. Bizim camaatımız isə hamıdan məzlum və hər bir şeydən məhrum ola-ola vəziyyətlərini yaxşılatmaq üçün heç bir təşəbbüsdə bulunmurlar...

Insaf deyil ki, camaatla bilavasitə əlaqədə ola-ola, dərdlərini görə-görə, dəva və dərmanlarını bilə-bilə sakit və samit qalıb, binəvalara dəstrəslik etməyəsən. Bu xüsusda kənd müəllimləri şəhər müəllimlərindən artıq iş görməlidirlər. Çünki şəhər elə bir yerdir ki, orada müəllimlərdən savayı ziyalı adamlar da vardır. Bu ziyalılar şəhər əhlinin içində olub, öz müəllimləri ilə, əhaliyə bir qədər də olsa, hüsni-təsir edirlər. Kənd isə, ələlxüsus müsəlman kəndi bu yerdədir ki, orada baxırsan ki, müəllimdən savayı özgə elmli adam yoxdur. Odur ki, kənd müəlliminin borcudur ki, “qanıb qanmazlar” içinə düşməkdən şikayət etmək əvəzində, bu “qanıb-qanmaz”ları qanacaq və bilik məqamına gətirməyə səy etsinlər. Bu, kənd müəllimlərinin vəzifeyi-mənəviyyəsidir... Doğrudan-doğru olan borclarıdır.

Rusiyada azadlıq hərəkatı başlanandan bəridir ki, hökumət camaata bir qədər müsaidələr veribdir və bu müsaidə sayəsində camaat bəzi siyasi işlərdə iştirak edə bilir. Lakin camaatın siyasətindən zərrəcə də olsun biliyi və qanacağı olmadığı halda, onun iştirakından da heç bir fayda çıxmaz. Keçən seçki məsələsində biz gördük ki, camaatımız nə qədər öz xeyir və şərini anlamır. Əgər bu ilki seçkidə də elə olsa daha o seçkidən heç bir nəf gözləmək olmaz. Hələ onu deyək ki, bizim kəndlilər indiyənə qədər dürüst anlamırlar ki, Rusiyada vaqe olan inqilab nədir? Və nə məqsəd ilədir və bu inqilaba qarşı nə növ münasibətdə bulunmaq lazımdır? Halbuki camaatımız indiki zamanda bunu anlamasa, gələcəkdə acı peşmançılıqlara uğraşar. Zira qonşu camaatımızın hər bir sinfi öz ziyalıları sayəsində bu məsələlərin hamısına bələd olubdur. Və bələd olduqlarına görə də özlərinə vacib olan işləri indidən görməkdədirlər. Kənd camaatı görsə ki, içlərində olan müəllimlər onların dərdgöstərən və dərmanbilənləridir, şübhəsizdir ki, o müəllimlərə məhəbbət və etibar ilə baxıb, kəmali-məsərrət ilə övladlarını onların təhti-tərbiyəsinə və təliminə verərlər. Və müəllimlər dəxi kəndlərdə, necə ki danışırlar, “işsiz-gücsüz dolaşıb, müftə yerə donluq alan”lardan olmazlar. Tərbiyeyi-ətfal əmrində dəxi müəllimlərimiz gərək bu nuktəni nəzərdə tutsunlar ki, biz müsəlmanların indiyə qədər məktəb və şkol görmüş cavanları bu halda hamıdan vacib olan məsələlərə cüzi də olsun aşina deyildirlər, zira ki, onların şkol tərbiyə və təlimləri layiqincə icra olunmayıbdır, müəllimlər gələcəyi nəzərə almayırmışlar. Qonşu müəllərin əfal və hərəkati-durbinlərinə diqqət və etina etməyirmişlər, öz vəzifələrini yalnız bir dərs verib, dəftər düzəltməkdən ibarət bilirmişlər. Bütün Qafqaz müəllimlərimiz içində yalnız bir Bakı müəllimləri, doğrudan da, öz vəzifələrini ən vəsih surətdə ifa edirmişlər. Odur ki, arzu olunan nəticələri də əlhal büruzə gəlməkdədir. Aşkardır ki, millətimizin gələcəyini təmin edən bizim övlad və əhfadımız olacaqdır. Ona bina indidən lazımdır ki, onların tərbiyələri o növlə icra olunsun ki, axırda ... məktəbdən çıxıb millətə xidmət etməyi özlərinə borc bilsinlər.

Müəllimlərimizin indiki vəzifələri ümumiyyətlə, fövqdə zikr olunan nüktələrdən ibarət olmalıdır. Ümidvarıq ki, ictimaz cəm olmuş müəllimlərimiz bizlə bu xüsusda müvafiqət edib, öz məramnamələrini bu sözlər ilə mütabiq olaraq tərtib edərlər...

Yoldaşlıqda kər olmasa ittifaq,

Əmrlər yeriməz olunar nifaq.

Düz gətirməz əhli-nifaq işləri,

Ağrıyar başları, sənar dişləri.

Həmin o sözlərdir ki, onları hər bir müəllim öz şagirdlərinə öyrədib, mənasını izah və bəyan edir. Müəllim ittifaqın nəfi və nifaqatın zərəri xüsusunda gözəl məsəllər vasitəsilə danışıb, balaca şagirdlərinə deyir ki, bax, şagirdlər, nifaqın məzərrətini nəzərinizdə tutub, bir-biriniz ilə həmişə ittifaq ilə dolanız. Və illa ittifaq ilə dolanmasanız, heç bir işiniz düz gətirməz və əmriniz yeriməz!

Budur, neçə illərdir ki, müəllimlər bu sözləri öz şagirdlərinə təkrar-təkrar deyib, onlara ittifaq təlqin edirlər. Mən əminəm ki, əgər şagirdlər içində sahibi-bəsirət bir cavan olsa idi və müəllimlər arasında illərcə davam edən nifaq və ziddiyyəti görüb bilsə idi, dərs əsnasında bir də ittifaq məsələsinə təsadüf olunduqda, öz müəllimlərinə bu sözləri deməkdən çəkinmədi: “Mehriban müəllimlər, bu qədər ki, ittifaq-ittifaq deyirsiniz və gözəl-gözəl hekayələr nəql edib, nifaqın zərərini bizə anladırsınız, bəs nə üçün siz müəllimlər öz aranızda ittifaq ilə dolanmayıb, nifaqı tərcih edirsiniz?”

Mən bilmirəm ki, bu sözlərdən məhcub olmuş müəllim şagirdinin bu doğru sualına nə cavab verə bilərdi?! Çiyin atmaqdan savayı nə cavab verə bilərdi?

Bəli! Millətimizin ziyalı, mərifətli və elmli ünsürü ədd olunan müəllimlərimiz arasında indiyə qədər ittifaq olmamağı son mərtəbə şayani-təəccübdür! Əcəba, müəllimlərimiz indiyə qədər ittifaqın nədən ibarət olduğunu bilmirdilərmi?bilirdilərsə, nə üçün əməl etmirdilər? Əməl etməyib də nə haqq ilə şagirdlərə ittifaq təlqin edirdilər?.. Əgər bu sualları bir-iki il bundan müqəddəm bir müəllimə verib, ondan cavab istəsəydilər, müəllim təəccüb edərdi, “ittifaq sən nəyə deyirsən?” deyə sənin özenə bir sual verərdi. Amma indi, vəqti ki, Rusiya azadlıq hərəkatı bizim gözümüzü açdı və biz də hər bir şeyə vase nəzər ilə baxmağa başladıq, müəllim fövqəlzikr suallara cavabi-şafi verib deyər: Batsın istibdad, yaşasın hürriyyət!

Doğrudan da ki, batsın istibdad, yaşasın hürriyyət! İndiyə qədər Rusiyada davam edən bu istibdad bütün əhalini, əhalinin hamı üzvlərini elə bir politika ilə dolandırırıdı ki, zahirdə görünürdü ki, guya xalqın təməddün və tərəqqisinə çalışırlar. Lakin batində ümum əhalinin nəzərini darlaşdırıb, kor olmasına səy edirdilər. Bu politika sayəsində biz indiyə qədər hər bir şeyin dar mənasını anlayırdıq. Biz bilirdik ki, hürriyyət, azadlıq yaxşı şeydir, lakin hürriyyəti bazara azadə gedib evə azadə qayıtmaqdan savayı bir şey bilmirdik. Biz bilirdik ki, maarif və mədəniyyət gözəl şeydir. Fəqət maarif və mədəniyyətdən ibarət yalnız bir rus dilinə dara olmağı ədd edirdik. Seminariyalarda ikmali-təhsil etmiş müəllimlərimizə yəqin dii ki, ittifaq vacibdir. Nifaq məzərrətlidir. Lakin onları ittifaqı tək bir aşnalıqdan və yoldaşın hər bir yalan və doğru sözlərinə “bəli-bəli” – deməkdən ibarət bilirdilər. Və bu mənada da ittifaqı öz şagirdlərinə təlqin edirdilər.

Lakin ümidvarıq ki, indi biz hamımız ittifaqın mənasını ən vase surətdə anlayırıq və bunu da bilirik ki, hal-hazırda ali məqsədlərin və uca niyyətlərin çarəsinə səbəb həmin bu vase mənalı ittifaqdır. Aşkardır ki, əgər bir neçə nəfər adam bir yerə cəm olub, bir iş görmək istəyirlərsə, əvvəlcə, gərək öz aralarında mətin bir ittifaq təşkil etsinlər ki, onun sayəsində işləri bilamaniə irəli getsin. İctimaa yığılmış müəllimlərimiz, əminəm ki, bu nuktəni nəzərlərində tutub, ən əvvəl aralarında “müsəlman müəllimlər ittifaqı” ismində bir cəmiyyət təşkil verərlər və onun bədində hər bir məramlarını yerritməyə bilaəndişə şüru edərlər. Bu ictimaın özü aşkar edir ki, indi müəllimlərimiz öz-özlərinə əhəmiyyət nəzərilə baxmağa başlayıbdılar. Onlar bilibdilər ki, millətə nə qədər böyük köməklər edə bilərlər. Odur ki, “millət-millət” deyənlərimizin içində, doğrudan da, millət xeyri üçün iş (söz yox a!) görməyə iqdam edənlər birinci dəfə müəllimlərimiz oldular. Ümidvarıq ki, birinci milli orqanizasiyamız dəxi əvvəl dəfə müəllimlərimizdən olacaqdır. Buna müəllimlərimizin öz-özləri o yanda dursun, vəqt və zaman dəzi müasiddir.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info