Qonaq Kitabı
İRAN. HÖKUMƏTİ-MƏŞRUTƏ

Müstəqil və müstəbid padşahların zülm və istibdadı altında əsrlərcə yaşayan qoca İranın bu bir az zamanda millətin bir hissəsinin cüzi bir cünbüş və hərəkəti-inqilabcuyanəsi təhrikilə dönüb, idarəyi-məşrutə şəklini alması nə qədər şayani-məsərrət və xoşnuddursa, bir o qədər də mövcubi-heyrət və təəccübdür! Bu əmri-əzimə şəkk və şübhə nəzərilə baxanlar İran idareyi-müstəbidəsinin belə bir sürətlə dəyişdirilməsini bununla bəyan edirlər ki, İran ərbabi-hökuməti yəni heyəti-vüzərası ümuri-siyasətdə xamdır. İllərcə təhəkküm sürməyə öyrənmiş olan vəzirlərdən ötrü hökuməti-məşrutənin nə qədər ağır və müşkül olacağını İran heyəti-vüzərası anlamır, millət qabağında məsul olmağı düşünmür. O heyət elə zənn edir ki, hökuməti-məşrutə və yaxud camaatın öz nümayəndələri vasitəsilə dövlət işlərinə iştirak etməsi heyəti-vüzəranın əvvəlki mövqeyi-mümtazına rəxnə vurmaz, təhəkküm əldən getməz. Heyətin nöqteyi-nəzərində camaat, qara məxluq dövlət işlərində bir şey bacaran deyildir, hökm sürməyə öyrənməmişdir. Binaənileyh dövlət işlərində iştirak etsə də, heyəti-vüzəranın əli altında qalıb, hökmlərin icrası üçün yalnız bir alət olacaqdır. Odur ki, millət məclisi İran hökumətini bir o qədər qorxuzmadığından məzkur məclisin təşkilinə bu tez zamanda müsaidə verdi.

Əgər qabağımızda şah həzrətlərinin dəst-xətti-hümayunu (manifesti) olmasaydı, biz belə bir zənnə heç bir etina etməyib, doğruluğuna inana bilməzdik, lakin şah həzrətlərinin manifesti gözümüzün önündədir. Bu manifest şəkk və şübhəcillərin fövqəlzikr zənnini başdan-başa, doğrudan-doğruya, həlqeyi-müvərrəsə də bu zənnin bir qədər doğru olmasını andırır. Bunu mövqeyində göstərərik.

Şübhəçilərin bu zənn və nəzəri bizim təsəvvürümüzə büs-bütün müvafiq deyildir. Biz bu xüsusda onlar ilə cüzi müvafiqət edə bilmərik ki, buna da səbəb dəsti-xətti-hümayunun məzmunu oldu. Bizim təsəvvürümüzcə İran ərbabi-hökuməti siyasət işlərində nə qədər xam olsalar da öz şəxsi mənfəətlərini gözəlcə anlayırlar. Və hökumət məşrutə olduqda bu mənfəət əldən gedəcəyini hiss edirlər. O səbəbdəndir ki, biz İranın belə bir tez zamanda hökuməti-məşrutəyə münqəlib olmasını, millətin tələblərində ittifaq və ittihad ilə izhar etdikləri mətanət və səbatına isnad veririk.

Vaqeən o cəsarət və cürət ki, bizə yetişən xəbərlər vasitəsilə İran əhlində müşahidə etdik, heç vaxt onlardan gözləməyirdik. İndilərə qədər zavallı İran əhalisi millətin gücündən xəbərdar deyildi. Padşahların və vüzəranın əsrlərdən bəri hökmfərma olan idareyi-müstəbid və zalimanəsi iranlılarda bu günə bir etiqad yaratmışdı ki, millət həmişə hökmdarların sorğu-sualsız olan hökmü altında qalıb, heç bir əmrindən boyun qaçırmamalı və heç bir hökmünə qarşı bir söz deməyə cürəti olmamalı imiş. Və hər bir cəbr, zor, zülm və sitəmi çəkib də, səbr etməli imiş. Şəksizdir ki, əgər Rusiya inqilabi-əzimi zühur etməsəydi, bu etiqad iranlılarda indi də və bundan sonra da mövcud olmaqda davam edərdi. Lakin iranlılara Allah baxdı, gözlərinin qabağında vaqe olan Rusiya inqilabı onların etiqadını puç etdi və göstərdi ki, millət ittihad və ittifaqının gücü müqabilində heç bir təhəkküm davam edə bilməz. O idi ki, zülmi-təhəmmülfərsalərə düçar olan İran milləti öz xilasını ittihad və ittifaqda görüb, iğrazi-şəxsiyyə və həvavü həvəs ilə dolanan vəzirlərin əlində puç olub, inqirazına üz qoyan vətənin halına yanan bəsirətli üləmanın dalınca kamali-mətanət ilə qiyama qalxdı və ibraz etdiyi tələblərində sabitqədəm olub, hökuməti əncam verməyə məcbur çıxdı.

İndi, şah həzrətlərinin manifesti xüsusunda bir  neçə söz.

Şah həzrətlərinin qəzetimizin keçən nömrələrində dərc etdiyimiz dəst-xətlərində də və bu manifestdə də müşarüli-leyhin zatən millətpərvər və islahat təırəfdarı olduğu təyin edir. Çifayda, hər halda şəxsi mənfəətlərini gözləyən vəzirlər çəkmişlər ki, nə padşah millətin çəkdiyi zillət və məşəqqəti görürmüş, nə də millət öz ərzi-halını padşaha yetirə bilirmiş. Demək olur ki, əgər aralıqda bu pərdə olmasaymış, İranda islahat çoxdan bəri tətbiq və icra olunmuşdu...

Lakin bu manifestdə bizi bir qədər məyus edən odur ki, manifest millət məclisi elanilə camaatı padşaha yavuqlaşddırır, lakin yenə də haman qara pərdənin aradan götürülməsinə səbəb olmur. Manifestə deyilir ki, darülxilafə Tehranda və sair vilayətlərdə millət məclisi təşkil və tənzim olunsun ki, məvaridi-lazımədə dövlət və məmləkətin mühüm əmrlərində məsalemi-amadə lazım olan müşavirə və diqqət əmələ gətirib, İranın səadət və xoşbəxtliyi üçün olan islahatda heyəti-vüzəraya ianət və kömək göstərsinlər. Kəmali-əmniyyət və itminan ilə öz əqidələrini millətin və dövlətin xeyrində, məsalehi-amədə və məmləkət əhalisinin ehtiyacati-mühümmisində beş nəfər vəzirin vasitəsilə ki, şura məclisində vardır, ərz etsinlər ki, təsdiqi-mübarək ilə müvəşşih olub, mövqeyi icraya qoyulsun. İndiki vəzirlərin və gələcəkdə təyin olunacaq vəzirlərin məsləki hələ bizə məlum deyildir. Vitte, Durnovo, Qoremıkin və sair təbiətli olacaqlarını bilmirik, amma yenə də bunu nəzərdə tutmalıdır ki, millət məclisi olduğu yerdə təkrar vəzirlərin padşah ilə millət arasında sədd olmaqları arzu edilən şeylərdən deyildir. Çünki, əvvələn, bu halda İran əhlinin vəzirləri etibar və etimadı yoxdur (özlərinin, əlbəttə ki, haqları vardır) və saniyən millət məclisi olduğu halda vəzirlərin millət məclisi ilə padşah arasında vasiteyi-müqavilə olmağı xud milləti padşahdan daha da uzaqlaşdırır. Millət öz ehtiyaclarını və onun rəfi çarələrini öz müntəxəb nümayəndələri vasitəsilə, bilavasitə padşaha ərzetmək əvəzində vəzirləri dəxi ikinci bir vasitə ittixaz etməyə məcbur olur. Bundan masəva, millət məclisinin məniyi-alisi dəxi manifestdə müəyyən deyildir. Belə görünür ki, bu məclisin borcu o olacaqdır ki, islahat əmrlərində vəzirlərə kömək və ianət etsin. Halbuki bu günə məclislər bütün məmləkətdə ən ali bir müəssisə olub, əhalinin həyat və məişətinə müvafiq qanun layihələri tərtib edib, təsdiqi üçün hüzuri-şahanəyə təqdim edirlər. Haman təsdiq olunmuş qanunların tətbiq və icrası isə o da vəzirlərin öhdəsində olar və vəzirlər də məclis önündə məsul olmaqdan qorxub, öhdələrinə həvalə olunmuş qanunları keyfi-maəşə ilə icra etməzlər. Millət məclisi heyəti-vüzəradan baş olmalıdır.

Ümid etməlidir ki, millət müntəxəbləri haman millət məclsiində öz istedad və qabiliyyətlərini göstərib, İran ərbabi-hökumətinə sübut edərlər ki, milləti rifah və səadət üzrə dolandırmaq yalnız bir millət nümayəndələrinin əlindədir və bu qabiliyyətlərini göstərib də millət məclisinin əsl parlament şəklinə salarlar. Ehtimalən, bu manifestin bədində İran camaatına lazım olan hürriyyətlər dəxi elan ediləcəkdir. Çünki hürriyyəti-mətbuat, hürriyyəti-ictima və ittifaq və əmniyyəti-şəxsiyyə olmayınca millət məclisinə layiqli nümayəndələr seçmək naqabildir. Qanacaqlı və təcrübəli adamlar mətbuat və ictimalar, mitinqlər vasitəsilə millət məclisinə dair əhaliyə məlumat verməlidirlər. Və onların arasında hər bir cürı təşviqat və tərğibat icrası vasitəsilə camaatı bu əmri-əzimənin istiqbalına hazırlamalıdırlar.

Bəli, İranın bu dəyişdirilməsi – istibdaddan məşrutəyə keçməsi aləmi-islamda ən əzim bir fel idi ki, bu gün bizim əsrimizdə icra olundu. Bu məşrutiyyət haləti-nəzdə olan İran üçün abü həyat mənziləsində oldu. Bundan sonra İran dirilər, dirilib də bütün aləmi-islamı dirilməyə məcbur edər.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info