Qonaq Kitabı
DÖVLƏT DUMASININ BURAXILMASINA DAİR

Məlum olduğu üzrə, Dövlət dumasının bu tez zamanda buraxılmasına ümdə səbəb bu olubdur ki, dumanın vəkilləri hökumətlə bir ay müddətində olan mübahisə və mübarizəyi-binəticədən sonra istəyirlərmiş ki, bir xitabnamə yazıb əhali arasına buraxsınlar. Bu xitabnaməni yazmaqda dumanın qəsdi o imiş ki, öz vəzifəsinin ifa edilməsini camaata bildirsin. Söz yoxdur ki, duma bu xitabnaməni yazıb da belə zənn edilrmiş ki, xitabnamə əhali arasında heç bir iğtişaşa və ya inqilaba səbəb olmaz, lakin hökumətin zənni ayrı imiş. Görünür ki, hökumət belə güman edirmiş ki, bu xitabnaməni yazıb da arasına intişar etmək istədikdə dumanın qəsdi böyük bir inqilab çıxartmaq imiş. Odur ki, hökumətin bu zənni dumanın buraxılmasına səbəb oldu. Şübhəsizdir ki, hökumət bunu dəxi nəzərdə tutubmuş ki, dumanın buraxılması da, ehtimal, şuriş və ya inqilaba səbəb ola bilər. Ona binaən Peterburqda və bəzi yerlərdə iğtişaş vüqunu qabaqlamaq üçün bir taqım tədbirlər ittixaz etmişdi, lakin anlaşılır ki, hökumətin bu ikinci zənni ki, dumanın buraxılması inqilaba səbəb ola bilər, əvvəlki zənndən zəif imiş. Zahirən bu zənnin zəifliyi doğru olmaqdadır, çünki teleqramlardan anlaşıldığına görə, dumanın buraxılması xəbəri heç bir yerdə, heç bir şəhərdə elə görkəmli həyəcana və ya şuriş və inqilab əlamətinə səbəb olmayıbdır. Və Rusiyanın və Rusiya inqilabının mərkəz yeri olan Peterburq və Moskvada duma buraxıldı. Axırı bizim Bakıdakı kimi böyük bir sakitlik ilə eşidilibdir. Əlbəttə, gələcək bizə məlum deyildir, fəqət hal-hazırda şəhadət verə bilərik ki, dumanın buraxılması Rusiyada ümumiyyət etibarilə heç bir təəssürata hələ ki bais olmadı.

Dumanın sabiq üzvləri, yəni vəkillər, dumanın buraxılmasına dair hökm aldıqdan sonra hamısı Peterburqdan çıxıb Finlandiyaya gedibdirlər.

Rusiya inqilabından məramınca nəfbərdar olmuş və istədiyini alıb da rahət oturub, sair istiqlal arzusunda olan ölkələrdən ötrü sərmayeyi-qibtə olmuş bu Finlandiya, azad və xüsusi bir məmləkət olduğuna görə, şikəstəxatir vəkillər üçün pənah məkanı olubdur. Vəkillər burada Finlandiyanın Vıborq şəhərində cəm olub, əhaliyə bir xitabnamə yazıbdırlar və hamısı (sağ tərəfdən olan qraf həddindən savay) bu xitabnaməni imzalayıbdırlar.

Vəkillər bu xitabnamənin əhali arasında intişarına müvəffəq olacaqlarmı? Məlum deyil, hər halda, bu xitabnamənin məzmununu onsuz da anlamaq hər kəscə mümkündür.

Teleqramlardan anlaşılır ki, azad və xüsusi bir məmlkəət ədd olunan Finlandiya yenə də Rusiyanın bir parçası olduğuna görə, oraya yığılmış vəkillər üçün müsaid bir pənah məkanı olmayıbdır.

Vıborqun qubernatoru vəkilləri xəbərdar edibdir ki, daha bir də ictimaya yığılmasınlar və Vıborqun idarəyi-ürfiyəyi-əskəriyyə (voyennoye polojeniye) təhtinə alınacağını vəd edibdir. Bu hal vəkillərin öz aralarında ixtilaf vardır. Həmişə ehtiyat və hətta intizar ilə dolanan kadet firqəsi “daha bundan sonra millət vəkili adlanmağa haqq və səlahiyyəti yoxdur”, - deyə bu namı öz üstündən atıbdır. İfrat dərəcə olan zəhmətkeşlər firqəsi isə ikinci duma yığılanadək millət vəkili olduğunu elan edibdir...

Dumanın açıldığı gündən etibarən bağlandığı günədək camaat üçün bir yüngüllük istihsal etməyə müvəffəq olmadığını camaat görürdü və gördü. Bainhəmə dumanın açılıb da, millət xeyrinə çalışdığı camaat üçün böyük təsəlli idi. Indi duma buraxılandan bəri bu təsəlli itibdirsə də, bir mükahizə bu itmiş təsəllinin acılığını bir qədər əksildir. Belə ki, hökumtə dumanın hər iniqadında islahata dair ibraz olunan tələblərə baxmayaraq, öz işini özbaşına görməkdə idi. Duma bağlandıqdan sonra da hökumətin həmin rəftarı haman tərz ilə davam edəcəkdir. Hərgah hökumət tərəfindən əhaliyə qarşı şiddətli tədbirlər ittixaz olunacaqdırsa da, bu da onun üçün olacaqdır ki, hər bir şuriş və iğtişaş qabaqlanan inqilab əlamətləri puç olsun.

Hər halda, ikinci dumanın sakitlik və rahətlik ilə gözlənilməsi məlumdur. Ikinci duma hökumət tərəfindən ibraz olunacaq hazırlıqlar, Rusiyanın bütün əhalisinə bilatəfriq millət, sinif və silk anladar ki, görək hökumət bu dumanı bəyənməyib ikinci bir duma qurmaqda millətin xeyir və mənafeyini nədə görür və nə qədər bu xeyrə çalışır?!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info