Qonaq Kitabı
DÖVLƏT ŞURASI

İndiyə qədər Dövlət şurası sarıdan heç bir səs-soraq yox idi. Guya bu məclisin özü Dövlət duması qabağında öz lüzumsuzluğunu düşünüb, səs çıxarmağa utanırdı.

Lakin hər nə tövr olsa Dövlət duması ilə bir zamanda təşkil olunmuş bu məclis dəxi hərəkət etməyə, danışmağa məcbur idi. Dövlət duması iş görüb qərardadlar, qanun layihələri hazırladığı halda, bu günə qərardadlar və layihələr tərtib etməyə ixtiyarı olan Dövlət şurası dinməz otura bilməzdi. Dövlət duması ilə müvafiq olduğu və ya zidd olmasını bildirməli idi. Ya əl çalıb, dumaya “afərin” deməli idi, ya razı olmayıb etiraz etməli idi.

Dövlət şurasındakı adamlar bürokrat və zəngin adamlardan ibarətdir. Şübhə yoxdur ki, bürokratiya və burjuaziyanın ziddinə çalışan Dövlət dumasının qərardadları Dövlət şurası əzalarına xoş gələ bilməzdi. Bununla belə dumada elə bir “bitərəf” məsələlər keçir ki, Dövlət şurasının ona heç bir sözü ola bilməz. Əlbəttə, şuranın hərəkətə gəlib, deyib danışmağı duma üçün bir o qədər əhəmiyyətli deyildir. Əhəmiyyətli olsa da ancaq, o səbəbdən ola bilər ki, həmin şura danışıb öz təşəbbüsatını bəyan etdikdə, duma onun özü üçün bir mərtəbə böyük bir maniə təşkil etdiyini anlayıb, rəfinə ciddi tədbirlər arayar...

Bu günlərdə Dövlət şurası hərəkətə gəlib, danışmağa başlayıbdır. Dumada çoxdan bəri müzakirə olunmuş məsələlərdən edam cəzası (ölüm tənbehi) xüsusunda Dövlət şurasının müzakirəsi olubdur. Rus qəzetlərinin müxbirləri bu məclisin iniqadlarını yazırlar. Bunlardan məlum olur ki, bu məclisin və dumanın hərəkətində böyük fərq vardır.

Dumada olan şənlik şurada tapılmaz, burada, guya, hamı əzaları kəsalət basıbdır. O hirs o zövq ki, duma əzaları izhar edirlər, şura əzalarında bilmərrə yoxdur. Əvvəlkin iniqadlarda əzalar hətta yığılmaq da istəmirmişlər. Dumada olan kimi, şurada da əzalar üç tərəfə bölünübdürlər.

Məlum olduğu üzrə, Dövlət dumasıda edam cəzası xüsusunda qanun layihəsi tərtib olunub, bütün duma müttəfiqülqövl qərar qoydular ki, daha bundan sonra Rusiyada edam cəzası fəsx olunsun. Dövlət şurasının sol tərəfi bu xüsusda duma tərəfindən tərtib edilmiş layihəni bəyənib, başdan-ayağa qəbulunu tövsiyə edibdirsə də, sağ tərəf buna razı olmayıbdır və “edam cəzası baqi olsun” – deyə təkid edibdir. Bəziləri isə edam cəzasının ancaq bir-iki istisna olunan ittifaqlarda icrasını və sair ittifaqlarda da fəsxini lazım bilibdir. Hər halda, bu məsələnin həllini öz aralarında təşkil ediləcək bir komisyona həvalə edib, layihəni mübahisəsiz qəbul etməyibdilər. Görək komisyon nə qərar qoyacaqdır və şuranın özü də sair məsələlərdə duma ilə nə yolda ittifaq edəcəkdir. Dövlət şurasında bir nəfər də müsəlman üzvü yoxdur.

Şuranın həəmiyyəti artarsa, bizə lazımdır ki, orada bir müsəlman üzvünün də olmasını iltimas edək.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info