Qonaq Kitabı
GƏLƏCƏYİ UNUTMAYALIM

Bu gün miləli-mütəməddinənin bu qədər əlləşib çalışmaları, hər bir işlərində göstərdikləri səy və talaş hamısı gələcəyə əhəmiyyət nəzəri ilə baxmaqlarından naşidir. Gələcəklərini əhəmiyyətli və əziz tutan millətlər heç bir vaxt qeydsiz və qayğısız olmayıb, hər an və hər dəqiqə çalışırlar. Bunların hər bir firqə, sinif və silki özü üçün parlaq bir gələcək hazırlamaqdadırlar. Cahil və qafil millət isə ətalət və kəsalət ilə dolanıb gələcəyin qeydinə qalmır, gələcək fikrində olmur, özünə azuqə axtarmayıb, azuqəsiz qalan adam kimi, bu millət də axırda gələcəkdən məhrum olur, yəni yox olub gedir. Tarixin vərəqlərini seyr edərsək, bir çox misallar taparıq ki, ən böyük, cəsim və qəviyyul-şikəmiyyə görünən, lakin istiqbalını heç bir halda nəzərə almayıb da qəflət ilə gün keçirən millətlər ufacıq, az və zəif, fəqət huşyar və gələcək fikrində olan bir millətin qabağında əriyib, müruri-zaman ilə məhv və nabüd olubdur. Və yaxud öz istiqlalını bərqərar və payidar saxlamağa qadir olan bir millət ətalət və bətaləti ucundan sairələrin əlində müntəriz olub gedir. Uzaq getməyəlim. Qafqazın tarixi cümləmizin yadındadır. Dövran sürən padşahlıq, knyazlıq və xanlıqlardan indi bir əsər də yoxdur... Yəhudi tayfası heç bir vaxt istiqbal fikrində olmadığından, indi bu gün hüzn və təəssüf ilə müşahidə etdiyimiz hala düşübdür.

Gələcək qeydinə qalmayıb, vaxtlarını münaziə və münaqişədə keçirən knyazlar və hökmranlar bir vaxt Rusiyanı inqiraz uçurumunun təhlükəli kənarına yetirmişdilər. Lakin bəsirətli və istiqbali-milləti gözləyən Mininlər, Pojarskilər Vətəni o təhlükədən geri çəkdilər. Rusiyanın gələcəyinə can qurban edəcək qədər çalışan Pyotr Kəbirin səy və cəhdi sayəsində zəif Rusiya əzəmətli, qüvvətli, qonşu-qorxuzan bir padşahlıq oldu. Gələcəyi üçün ciddi surətdə çalışmağa bel bağlamış Yaponiya bugünkü qüvvət, qüdrət və şöhrətə nail oldu. İranı bu təəssüflü hala salan istiqbala qarşı göstərilən soyuqluq və qeydsizlik deyilmi?

Hər bir millətin bir gələcəyi vardır. Bu gələcəyin də yaxşı və yamanlığı millətin özündədir.

Biz indi görürük ki, bizim sələflərimiz bizdən ötrü nə tövr gələcək hazırlayıbdılar. Içimizdə olan müxtəlif əməllər, fəna rəftarlar, axırımıza çıxacaq qədər bizi bezar edən pis-pis hərəkətlər hamısı sələflərimizin adətləri imiş ki, bu günə qədər içimizdə davam edib, tərəqqi və təalimiz üçün böyük sədd olmuşdur. Əgər sələflərimizin işlərinə dürüst diqqət edərsək, belə bir nəticəyə gələ bilərik ki, sələflərimiz bizi yox etmək, yer üzündən götürmək istəyirmişlər. Biz dəxi, əlbəttə, sələflərimizə iqtida edərsək, gələcək xələflərimiz üçün çox bir əsəfli istiqbal hazırlarıq ki, bəqası məşkuk və davamı iştibahlı olar.

Biz bu gələcəyimizi əziz tutub da onun təmini üçün çalışmalıyıq. Biz elə bir meydan mühəyya etməliyik ki, ovladımız orada kəsbi-qüvvət etməyə, bari, bizdən qalmış mümaniələrə düçar olmasınlar. Biz elə bir münbit yer hazırlamalıyıq ki, gələcək adamlarımızın əmin, arxayın yaşayıb da getdikcə tərəqqi və təkamülünə böyük bir təkan olsun. Biz indiyə qədər ömür sürmüşük, indidən sonra da ömür sürməliyik...

Çifayda!

Indiki işlərimizə baxdıqda və indiki mövqeyimizi nəzərə aldıqda, gələcəyimizin halı çox məxşuş görünür. Rusiya inqilabı bilümum və erməni-müsəlman iğtişaşı bilxüsus bizdən ötrü böyük bir zərbə oldusa da və bizi qəflət yuxusundan oyandırsa da, görünür ki, bir dəfə göz açmağa iktifa edib, təkrar mürgüləməyə başladıq...

Başladığımız işlərin, bulunduğumuz təşəbbüslərin ən böyüyü idareyi-ruhaniyyə islahilə Dövlət dumasına vəkil seçmək idi. Bu böyük və ən mühüm işlərin ikisi də namüsaid olub, nəticələri də ikisi bir yerdə heçə bərabər oldu. Nə etməli? Təəssüf etməklə bir şey olmaz. Yaxşısı budur ki, keçmişdə göstərdiyimiz qeydsizliklər ilə bacarıb, nəf bərdar olaq. Hər halda çalışaq, lakin işə əhəmiyyət nəzərilə baxaq ki, çalışmağımızdan da bir şey hasil ola bilsin...

Qonşuluğumuzda olan iki millətin gələcək üçün nə günə və nə tərz ilə çalışmalarını görürük. Qonşularımız elm cəhətincə bizdən artıqdırlar.

Onların qeyrət və himməti dəxi bizdən artıqdır. Bizlər də bunlar kimi ciddi surətdə çalışmasaq, yəqin ki, axırda bunların müqabilində heç mənzələsində qalarıq.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info