Qonaq Kitabı
MƏDƏNİ İNGİLİSLƏRİN VƏHŞİ YIRTICILIĞI

Rus qəzetlərini mütaliə etdiyim yerdə gözlərim “Novoye vremya”da təəssüfamiz bir məqaləyə sataşdı. Bu məqalədə insanı təhqir edəcək dərəcədə murdar bir hadisədən mətəəssüf xəbərdar olduq. “Liberalnı” adlanan ingilis qəzetlərindən “Tribyun”adlısı yazır ki, bu keçənlərdə ingilis əfsərləri (zabitləri) Misirdə nə səbəbdən isə güllələr atıb, məhəlli əhalidən bir neçəsini vurubdular. Bu halda şuriş düşüb, əhali tərəfindən güllələr atıldıqda, ingilis zabitlərindən birisinə güllə dəyib ölübdür. İngilis hökuməti, əlbəttə, öz zabitinin qanını yerdə qoymaq istəməyibdir. Sud qurub, məhəlli əhali tərəfindən 4 nəfərini asılmağa və iki nəfərini qırmanc (qamçı) ilə döyüb, əziyytə verdirməyə məhkum edibdir. Misirlilərdən bir çox adam hazır olduğu yerdə bu binəvaların qətl və cövrünə şüru olunub, tamam 4 saat müddətində olmazın əziyyət və əzabdan sonra hamsıını qətl edibdilər...

Bir baxınız, indiyə qədər ingilis tərəfindən “vəhşi” hesab olunan Rusiya milləti hələ qısqıdan qurtarmamış, arzu olunan hürriyyətləri almamış, tələb edir ki, ölüm cəzası fəsx olunsun, amma azadəlik sayəsində dolanan mədəni ingilislər XX əsrdə də adam öldürməkdən, yəni qatillikdən əl götürməyibdir! Özü də kimi öldürür? Sahibsiz, başsız, əlsiz-ayaqsız əhalini! Nə tövr öldürür? Bir can əvəzində 6 nəfər canı, arvadların ahü naləsinə, kişilərin yalvarmağına baxmayıb, dürlü-dürlü cövr və sitəmdən sonra öldürür! Harada öldürür? Misirlilərin sahibsiz qalmış öz vətənlərində...

Təəccüb burasıdır: ingilis hökumətinin belə vəhşi yırtıcılığına azad və mədəni ingilis parlamenti, yəni ingilis camaatı bir söz belə deməyib, Rusiyada bir əmri-əzim ucundan vaqe olan qırğınlardan naşi Rusiya hökumətindən rəncidə olduğunu izhar edir... Görünür ki, mədəni ingilislərin yanında Rusiya yəhudiləri adamdırlar, amma Misir əhalisi dilsiz və ixtiyarsız heyvandır...

Bu isə mədəniyytə üçün nə böyük bir istehzadır!! Hürriyyət pərəstarı adlanan ingilis qəzeti hökumətinin belə bir vəhşi dirrəndəliyini yazıb da, bu xüsusda bir söz də demir. Altı nəfər misirlinin ədalətsizlik ilə icra olunan qətli məzkur qəzetdən ötrü adi və etiraza layiq olmayan bir hadisə kimi görünür...

Bu isə “liberalizm” sözünü ayaq altına salıb tapdalamaq deyilmi?!... Bilirsinizmi, ingilisin Misir əhalisinin başına gətirdiyi bu cinayətlər Misir əhalisindən intiqam alıb, onu vahiməyə (terror) salmaqdan ibarətdir. Çünki misirlilərin meyli və məhəbbəti Osmanlı dövlətinə olub, qasiblərə qarşı qəlblərində yalnız bir nifrət bəsləyirlər.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info