Qonaq Kitabı
KƏNDÇİLƏRİMİZƏ DAİR

Neçə vaxtdır ki, Dövlət dumasında aqrarnı vopros deyilən kəndçi və yer məsələsi müzakirə olunmaqdadır. Sair vəkillər, kənd əhlinin özündən seçilmiş vəkillər ilə bərabər, bu məsələ üstündə danışıb rus dəhat əhlinin ağır olan dirilik və məişətini yüngüllətmək üçün, buna müvafiq qanunlar və qaydalar qoyulmasını tələb edirlər. Daha doğrusu, rus dəhat əhlinin ikinci və həqiqi xilas və nicatını hasil etmək istəyirlər. Rus dəhat əhlinin birinci nicatı imperator Aleksandr saninin əsrində fevralın 19-da 1861-ci sənədə vaqe olmuşdu. Lakin bu nə nicat idi?! Hökumət kənd əhalisinin zalım mülkədarların əlindən xilas edib, öz istibdad cəngalına salmışdı və kəndçilərə zərərdən savayı heç bir nəf gətirməmişdi. Belə ki, əgər kəndçilər Sədinin sözlərini yad edib desəydilər:

 

Ke əz çəngale-qorqəm dər rebudi,

Çe danəm aqibət qorqəm to buni.

 

səza və şayəstə olardı. Kəndçilər isə bu sözlərin özlərini demədilərsə də mənasını qövlən və felən hökümətə bildirdilər. Hürriyyət fədailərindən kəndçilər qeydinə qalanlar orada-burada kəndçilər arasında zülmünü qandırdılar. Kəndçilər isə bütün bədbəxtliklərinin başı nerədə olduğunu anlayıb etiraz etdilər. Yəni iğtişaş və şuriş salıb, kəndçi və yer (aqrarnı) məsələsini meydana çıxartdılar. Bu halda yalqız bu məsələ hökümətin böyük vahiməsinə səbəb olmaqdadır. “İxtiyar ver!” İştə, bu sözlərdir ki, rus dəhat əhli öz vəkilləri ilə bərabər onun üstündə qaim durub, höküməti qısnayıbdırlar...

İndi keçəlim bizim öz kənd əhalimizə. Rusiyada heç bir millət yoxdur ki, biz müsəlman kimi xarü zəlil olmuş ola və həmçinin, heç bir sinif yoxdur ki, bizim kəndçi sinfimiz kimi, hüquq-mülkiyyə və milliyyə o yanda dursun, hüquqi-insaniyyədən məhrum olub, həqiqi məzlum adını gəzdirməyə layiq olmuş ola! Əgər bir sahibi-vicdan bizim kənd əhalimizin əhval və övzaına layiqincə aşina olsa, bizim sözümüzü heç bir halda mübaliğəli ədd etməz. Bizim kənd əhalimiz elə bir hala qalıbdır ki, hər bir tərəfdən narəva münasibətlərə, zalimanə rəftar və hərəkətə səbr və təhəmmül etməyə məcburdur. Kəndçilərimizin güzəranını kəsib də diriliyini təhəmmülfərsa edən neçə-neçə səbəblər vardır.

Əvvəla, hökumətin zülmü... O zülm ki, bütün rus dəhat əhli (bilatəfriqi-millət) onun altında əzilib əriyirdi. O zülm ki, əlhal, rus dəhat əhlinin qiyamına səbəb olubdur, kənarda dursun, hökumətin bizim kəndçi sinfindən ötrü hazırlanmış xüsusi zülmləri dəxi vardır ki, bu zülmlər knyaz Qolitsınin zəhərli politikasının nəticəsi olaraq, o zamandan indiyə kimi davam etməkdədir. Qeyri millətləri görmək də istəməyən bu knyaz bütün Qafqaz ölkəsinin əhalisini və baxüsus, kənd əhalilərini elə bir şərtlər içində buraxmışdı ki, yazıq kəndçi nəfəs belə ala bilmirdi. Qafqaz əhalilərinin dolanacağından zərrə qədər də xəbərdarlığı olmayan rus məmurlarını təyin edib də, bu zalım hakim polis strajası təşkili ilə öz cövr və cəfasını son dərəcəyə çatdırdı. Bəy pulu ilə dolanıb da rəiyyət qanını içən bu strajniklər indiyə kimi hökm sürüb də qafqazın kəndçi hissəsini bilamümaniə və mühakimə dağıdır, viran edirlər. Əlbəttə, qonşu kəndçilərimiz öz millətpərəstlərinin təşviqat və tovzihatı sayəsində öz xeyr və şərlərini, dost-düşmənlərini anlayıb və hər bir məmurun dairəyi-ixtiyaratını bilib, bu halda hər bir məmurun ixtiyaratından artıq iş görməsinə qarşı etiraz və protest edirlər. Bizim bədbəxt kəndçilərimiz isə heç bir şeydən xəbərdar deyildilər. Onlardan ötrü hamı sahibixtiyardır və sahibixtiyarların ixtiyaratının həddü hesabı yoxdur. Qubernator, naçalnik, pristav və strajnik bizim kəndçilərimizin üstündə ağa olub, bu bədbəxtlərin başına hər nə qədər pislik gətirsələr caizdir, çünki külli-ixtiyar sahibidirlər!

Bu gün bir allahsız strajnik istəsə, qabağına çıxan kəndçini lap arxayın öldürə bilər və bir kəs bundan sorsa ki, nə üçün bu kişini öldürdün, cavabi-şafi verər ki, oğurluq edirdi, ya yol kəsirdi...

Əgər durub polis məmurlarının və baxüsus strajniklərinin müsəlman kəndçilərinə rəva gördükləri zülm və sitəmi bir-bir yazasan, hər sahibi-dil oxuyub, qan ağlar, o surətdə müsəlman kəndçilərinin də quldur olub yol kəsməyi, adam öldürməyi heç bir kəsə təəccüblü və vəhşiyanə görünməz! Bəzən binəva kəndçi strajnik gözünə görünməyib, əlinə düşməmək üçün qaçıb quldur olmağa razıdır. Bu cəllad ürəkli strajniklərin azğınlığı əksər ovqat o dərəcəyə qalxır ki, kəndçinin əhlü əyalına əl uzadıb ismət və namus pərdəsini də yırtmağa cəsarət edir...

Lakin nə deyirsiniz, görünür ki, hökumət nəzərində kəndçilərdən ötrü yalqız bir strajnik zülmü az imiş. Ona görə, strajniklərin baqi qalması ilə bərabər vəhşilik və dirrəndəlikdə strajniklərdən də ikiqat mahir olanları dəxi kəndçilərin canına müsəllət etmək lazım gəlibdir. Odur ki, əlan Qafqazın hər yeri kazak dəstələri ilə doludur. Kazakın da kim olub-olmadığı bir Qafqaz deyil, Rusiya deyil, bütün aləmə əyandır...



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info