Qonaq Kitabı
DÖVLƏT DUMASI VƏ MİNİSTRLƏR

İndiyə kimi camaatı qısqılar altında saxlayan ministrlər indi də camaat vəkillərinini məhsuldar işləri qabağında bir sədd kimi durub, qoymurlar ki, duma camaatın diriliyinə müvafiq qanunlar qayırıb, xalqın rahat olmağına səbəb olsun. Bu saat ministrlər ilə Dövlət duması arasında söz və danışıq vuruşmaları vaqe olmaqdadır. Dumanın hər bir hərəkətinə qarşı ministrlərin hər biri mümannət yumalayıb, işi təxirə salırlar. Indiyə kimi ministrlər dumanın ölüm cəzasının fəsxi xüsusunda tərtib etdiyi məsələyə razı olmayıblar və bu məsələni öz aralarında müzakirə etmək üçün bir ay müddət tələb edirlər. Bu halda dumanın mühüm məsələləri çoxdur. Bu məsələləri müzakirə etmək üçün dumanın özü bir çox müddət sərf etməlidir. Ondan sonra dəxi hər məsələyə ministrlər komitəsi bir ay baxsa, o halda işlər çox uzun çəkər və dumanın nəfli işləri qarınca addımı ilə qabağa gedər. Halbuki Rusiyanın indi belə bir halıdır ki, ancaq işlərin sürətlə təbdil olması bəlkə xalqı bir nicat və rifaha çıxarda bilər. Bunu da unutmamaldıır ki, ministrlər dumanın hər bir məsələsini qəbul etməyəcəkdirlər. Baxüsus o məsələlər ki, qanun tərtib etməyə və yaxud köhnə qanunun dəyişilməsinə dair ola... Ministrlərin dumaya verilən cavabı (deklaratsiya) bütün əhalini dilgir etdi. Bu cavabdan aydınca məlum oldu ki, ministrlər özlərini dumadan yuxarı hesab edib, dumanı bir məclis ədd edirlər ki, o məclisin qanun vermək, qanun dəyişməklə işi olmayıb, ancaq məsləhət və məşvərət üçün yığılıb iş görmək təşkil olunur.

Ministrlərin bu günə həqarətli hərəkəti dumanı vadar etdi ki, onların qulluqdan çıxıb istefa verməsini tələb etsinlər. Lakin ministrlər beş yüz adamdan mütəşəkkil elə ali bir məclisin bu tələbinə qulaq asmayıb, indi də dumanın xeyirli işlərini təxirə salıb, hətta ləğv etməyə belə səy edirlər. Dövlət duması ministrlərin nalayiq hərəkət və rəftarı və camaata rəva gördükləri zülm və sitəm barəsində onları cavabdehliyə çəkir. Ministrlər isə “Pravitelstvennı vestnik” qəzetində yalan teleqramlar yazdırıb, Dövlət dumasını, camaat nümayəndələrini ittiham edirlər. Və sevinirlər ki, bəli, iyun ayının altısında duma bağlanar və bir də təkrar açılanadək (hələ o da ya nəsib!) biz yaxşıca fikirlər edib, öz mövqe və məqamımızı bərkidərik... Lakin bu mümkündürmü?



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info