Qonaq Kitabı
DUR

Usandım üstünə gülməkdən, ey divanə millət, dur!

Yoruldum məsxərə yazmaqdan, ey divanə millət, dur!

 

Yolunda getdi dinim, məzhəbim, ayinü imanım,

Məqamım, abruyim, ehtiramım, izzətim, şanım,

Yanında kafir adlandım, halal oldu sənə qanım,

Səninçün qorxmaram ölməkdən, ey divanə millət, dur!

Usandım üstünə gülməkdən, ey divanə millət, dur!

 

Gahi babi, gahi mürtəd, gahi kafir adlandım,

Döyüldüm, şaşqalandım, güllələndim, bəlkə odlandım,

Qığılcımlar kimi qopdum, ocaqlartək alovlandım,

Yorul bircə mənə söyməkdən, ey divanə millət, dur!

Usandım üstünə gülməkdən, ey divanə millət, dur!

 

Sənin üstündə məndən oldu rəncidə hacı Səfdər.

Mənə bidin, laməzhəb dedilər mollalar yeksər,

Qənim olsun sənə, vursun səni allah, peyğəmbər,

Evin olsun görüm Şirvan kimi viranə, millət, dur!

Usandım üstünə gülməkdən, ey divanə millət, dur!

 

Sənə molla çalır lay-lay, yatırdır xabi-qəflətdə,

Səni yar eyləyir hurilər ilə baği-cənnətdə,

Fəqət dünyadəki huriləri kəndisi xəlvətdə.

Çəkilmir bircə gün öpməkdən, ey divanə millət, dur!

Usandım üstünə gülməkdən, ey divanə millət, dur!

 

Ayıl! Bir bunca da yatmaq olurmu, içməmisən ki?

Verib dünyanı düşmənlər əlinə, köçməmisən ki?

Yaman da, yaxşı da birdir yanında, seçməmisən ki?

Utan bir abru tökməkdən, ey divanə millət, dur!

Usandım üstünə gülməkdən, ey divanə millət, dur!

 

Səni təxrib edir həkimnümalər, hər zaman, hər il,

Dedim pisdir sənə cəhl, anlamırsan-anlama, sən bil,

Üzünə özgələr bir gündə min dəfə tüpürsün, sil,

Kədərlənmə tüpürcəklərdən, ey divanə millət, dur!

Usandım üstünə gülməkdən, ey biçarə millət, dur!

 

Kefsiz

“Molla Nəsrəddin”, 1912, â„– 6.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info