Qonaq Kitabı
BOŞLA, YAXUD ƏLDƏN QOY

Boşla, məşrutə nədir, ay bala, iranlı nədir,

At kənara, belə sözlər nə, xorasanlı nədir,

Nədi hürriyyət, əhərli nədi, kaşanlı nədir,

Nədi məslək, nədi təbrizli, damqamlı nədir,

Hiss, birlik və siyasət nədi, tehranlı nədir.

 

Altı min ildi ki, İranda bu sözlər yox idi,

İstirahət var idi; qarğaşa yox, şər yox idi,

Yoxsa iranlıda ol vəqt beyin, sər yox idi?

Bilməyir idi ki, izzətli nədir, şanlı nədir?

Boşla, məşrutə nədir, ay bala, iranlı nədir.

 

Varmı bir ölkə həmin kişvəri-naçiz kimi,

Hansı bir şəhr cahanda belə Təbriz kimi,

Bavəfa xəlqi, qaranlıq özü dəhliz kimi,

Başa-baş boşla, həp iranlı nə, məşrutə nədir,

Götür at, çirkli keçəl baş nədi, ağ futə nədir.

 

Var bir iranlıda, təbrizlidə üç-dörd məslək,

İki yüz məkrü fırıldaq, iki min hiylə-kələk.

Vurdurur başına hər gündə o yüz min dəyənək,

Çıxır hər həftədə ortaya başı qanlı, nədir,

Qanmıram mən, edirəm fikr işi hər yanlı nədir.

 

İçlərindən gəhi hac Mirzə həsənlər qovulur,

Ehtiram ilə gəhi içlərinə daxil olur.

Düzəlir gah nizamın teli, gahi pozulur,

Gah londonlu olurlar, gəhi salyanlı, nədir.

 

Görür əhvalı pərişan bu cürə Məmmədəli,

Acığından qalır az olsun o biçarə dəli.

Bir bəyannamə yazıbdır ki, onun yox bədəli,

Deyir onda ki: onu mindirələr təxtə yenə,

Bəxt ta onlara, onlar da gülə bəxtə yenə.

 

Var ümidim o kişi bir də bu mülkə ola şah,

Ola asudə vətən, dincələ ta xəlqi-ilah.

Baisin yıxsın evin, yıxdı necə ki, allah

Əncümən xəlqi dağıtdı, gədəli, xanlı, nədir,

Oldu puç el hamı, şirazlı nə, zənganlı nədir,

Boşla, məşrutə nədir, ay bala, iranlı nədir.

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1912, â„– 4.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info