Qonaq Kitabı
TAZƏ İLƏ

Oxu ey tazə il, bu il bizə lay-lay qucağında!

Doyunca yuxluyub, ta bir deyək oxqay qucağında!

 

Edək ta uyğudan kami-dili-divanəni hasil,

Beş ildir uyğusuz qaldıq, deyildir yatmamaq qabil,

O kim, yatmır gecə-gündüz, deyil o binəva aqil!

Çalışsın qoy o biqeyrət, bizə ver pay qucağında!

Doyunca yuxluyub, ta bir deyək oxqay qucağında!

 

Oyanıqlıq bizi bərbad qıldı, eylədi viran,

“Silindir börklü, surtuklu müsəlmanlarda yox iman,

Bəlası onların dutdu bizi, döndü geri dövran,

Gözüm qoy görməsin, gizlət bizi, ey vay, qucağında!

Doyunca yuxluyaq, ta bir deyək oxqay, qucağında!

 

Soğanlartək soyulduq, qalmadı pul, abru getdi,

Qazet al, məktəbə ver, et ianə, nobənu, getdi,

Döyül, danlan, söyül, dinmə, təharət yox, vüzu getdi,

Yatırt, dincəlt bizi, ta olmayaq rüsvay qucağında!

Doyunca yuxluyaq, ta bir deyək oxqay qucağında!

 

Nə dəxli var bizə meydanda qaldı təkcə osmanlı,

Və yainki zəhərləndi cəvanmərg oldu iranlı

Və yainki əzir, pamal edir cansızları canlı,

Verir də xod müsəlmanə müsəlman vay, qucağında!

Doyunca yuxluyub qoy biz deyək oxqay, qucağında!

 

Məarif yox kimi, əxlaqlar pozğun, ticarət yox,

Hünər, sənət, qaçaqlıq, oğruluq, qətl, istirahət yox.

Fəlahət yox, səfalət bol, zəlalət bol, ziraət yox,

Dilənçi, falçı, molla, seyyid on min say, qucağında!

Doyunca yuxluyub qoy deyək oxqay, qucağında!

 

Suda üzsün, havada uçsun əğyar, almarıq ibrət,

Bizi gər qətli-am etsə əcanib, etmərik qeyrət,

Nə lazım zəhmətə düşmək, nəqədri əldə var fürsət,

Qalaq yanvar, fevral, mart, aprel, may, qucağında!

Gecə, gün, vəqt, həftə, hər zaman, hər ay qucağında!

Doyunca yuxluyub ta ki, deyək oxqay qucağında!

 

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1912, â„– 3.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info