Qonaq Kitabı
DOLANDI BU İL DƏ...

Dolandı bu il də yetişdi təmamə,

Səbahın həyatı bədəl oldu şamə.

Bütün on iki ayı qanlar axıtdı,

Qızıl qanlı qoydu qılıncın niyamə.

 

Cəhan qarğaşalı bu ildə sərasər,

Könüllər dolaşıqlı iyza, mükəddər.

Vilayati-İran biyabani-məşhər,

Bu kişvərdə durdu qiyamət qiyamə.

 

Pədid oldu quyruqlu ulduz səmadə,

Təpik atdı həm gavü mahi səradə,

Əhali qiyam etdi Çinü Xətadə,

Edib şah tərki-məhəlli-iqamə.

 

Trablisdə qalxızdı dava italyan,

Xəbərsiz yeritdi qoşun, aşdı meydan.

Düşüb “bərkə” o, sonra oldu peşiman.

Utandı qaça, həm nə də yetdi kamə.

 

Bu il runümun oldu çox iş cahanda,

Xüruc etdi dəccal Mazandaranda.

Vüquat min-min, o yanda, bu yanda.

Yazılmaqla bitməz, yetişməz, xitamə.

 

Bu il bizdən ayrıldı istəkli Sabir,

Bizi qoydu qəmgin o qiymətli şair.

Fəraqilə qıldı pərişan xatir,

Səhayif qalıb boş, şikəst oldu xamə.

 

Şəmaxidə bir möcüz oldu nümayan,

Həm açıldı Bakudə darülyetiman,

Nuxu, Gəncə, Dərbənd, Qələ, Dağıstan,

Ediblər tərəqqi, yetiblər məqamə.

 

Qəzetlər yazıldı müsəlman içində,

Açıldı neçə sirri-pünhan içində,

Məarif yubandı bu heyvan içində,

Ülumi həram etdi molla əvamə.

 

Bizə verdi Gəncə cəvanları təbşir

Ki, ta olmuyalım küdurətli, dilgir.

Olundu Nizami nişangahı təmir,

Rəvadır müsəlman edə fəxr amə.

 

Müsəlmanə bu il genə molla Mədum,

Edib nəhy təlimi-nisvanı məzmum.

Güman etdi xəlqin qabağın kəsər şum

Əlində çomağı, başında əmmamə.

 

Yenə qaldı köhnə işində müsəlman,

Zəminə su tək tökdü qafqazlılar qan.

Neçə tifl öksüz, neçə xanə viran,

Həman əski adəm, həman əski camə.

 

Nə isə, hələ biz xudahafiz etdik,

Bu köhnə ilə biz xudahafiz etdik.

Bir ahəng ilə biz xudahafiz etdik,

Deyil yaxşı çox tul vermək kəlamə.

 

 

Məşədi Sijimqulu

“Molla Nəsrəddin”, 1911, â„– 44.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info