Qonaq Kitabı
MƏŞRUTƏ

Demə, İranzəmin içrə açıb üz yari-məşrutə,

Edir ərzi-cəmal iranlıya dildari-məşrutə.

Edir abad İran mülkünü ədvari-məşrutə

Açıb bərgi-şükufə, bar verir əşcari-məşrutə,

De kim, təslim edir canın, şuluxdur kari-məşrutə.

 

Demə, İranda istedada malik kəs firavandır,

Demə, həm talibi-məşrutədir, həm nikxahandır.

De kim, məşrutəyə bunlar, ümumən, sırf düşmandır,

Bəyi, xanı, əmiri, seyyidi, mollası şeytandır.

Lisanından çalıbdır cümləsinin mari-məşrutə,

Budur, təslim edir, canın, şuluxdur kari-məşrutə.

 

Dəmadəm hökmrandır hər tərəfdə qarğaşa, qovğa,

Qoyur saətbəsaət sineyi-mülkə əcanib pa,

Düşüb dəryayi-Qülzüm, eyləyir bu ərzi istila,

Bu istiladan eylər bir təki nə xof, nə pərva,

İçibdir cümləsi, guya olub xumari-məşrutə,

Budur, təslim edir canın, şuluxdur kari-məşrutə.

 

Deyildir kari-məbusan, vəzarət təsliyətbəxşa,

Səri-karə qonublar cümləsi surət kimi bica.

Əhali sırf cahil, murdeyi-sədsalə, nabina,

Əcəb bir qitədir, məxluqi yeksər tariki-dünya,

Girər bu başlara asan, demə, əfkari-məşrutə.

Keçər bu başlara, bil ki, çətin, əfsari-məşrutə.

 

Nə azadi, nə hürriyyət, deyil dər kari-məşrutə,

Düşübdür rəxtxabə, xəstədir sərdari-məşrutə,

O dünyayə tərəf dutmuş yüzün bimari-məşrutə

Saralmış yarpağı, olmuş xəzan gülzari-məşrutə,

Budur, təslim edir canın, şuluxdur kari-məşrutə.

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1911, â„– 43.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info