Qonaq Kitabı
MOLLA ARİFƏ DƏYİR...

Sanma getmişdir əlimdən izzətim, şanım mənim,

Bilmə ki, keçmişdir əsrü vəxtü dövranım mənim!

 

Eylə fikr etmə ki, köhnəlmiş, bucaqda qalmışam,

Kimsə işlətmir, batıbdır həm adım-sanım mənim!

 

Lovğalanma kim, sənin həmfikrin artır gün-günə,

Əksilir yarım, müridim, bəndəfərmanım mənim!

 

Çox da şişmə ki, varındır tazə üç-beş məktəbin,

Var hələ mindən də çox köhnə dəbistanım mənim!

 

Bir-iki jurnal, qəzet, çapxanənə fəxr eyləmə,

Var ikən yüz min dilavər mərsiyəxanım mənim!

 

Ev mənim, doqqaz mənim, məscid mənim, məclis mənim,

Bağ mənim, bostan mənim, minlərcə heyvanım mənim!

 

Söz mənim, fərman mənim, fitva mənim, qüvvət mənim,

El mənim, ahil mənim, cahil müsəlmanım mənim!!

 

Pul mənim, paltar mənim, millət mənim, qismət mənim,

Aş mənim, dolma mənim, hər yerdə ehsanım mənim!

 

Adını arif qoyubsan, yox cibində bir qəpik,

Bax ləbaləbdir qızıl, kağız cibişdanım mənim!

 

Bu qədər şeylər mənim, sən de, nəyin var, ay lotu,

Şöhrətim var, işləyir dingim, dəyirmanım mənim!

 

Gözlərin batmış, çöküb ordun, dönüb boynun çöpə,

Sürxdür rəngim, kefim kök, sağdır canım mənim!

 

Qoy canın çıxsın, tək işlə, var iki-üç arvadım,

İşrətim, eyşim, damağım, qəhvə-qəlyanım mənim!

 

Əskinasım, saz əsasım, dürrü mərcanım mənim,

Axirətdə cənnətü hur ilə rizvanım mənim!

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1911, â„– 40.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info