Qonaq Kitabı
İRAN

Aldı yeni bir rəng genə kişvəri-İran,

döndü geri dövran.

Göstərdi yüzün səhnədə bir quli-biyaban,

bir vəhşiyi-ğərran.

Yel əsdi, yüzündən işin örtük götürüldü,

hər nöqtə görüldü.

Amal və əfkari-əməl cümlə bilindi,

fitnə dəbərildi.

Rusiyyədə bir ildi yatan Mədəli mirza,

müstövcibi-iza.

İranə gəlir, bir daha gəl eylə təmaşa,

etməkliyə rüsva.

İranlıların başqa imiş fikrü xəyalı,

amalü məalı.

Qeyrətləri var imiş əcəb, əqlü kəmalı,

saysız koramalı...

Mən çaşdım əzəl gün ki, niyə şah qovuldu,

işlər belə oldu.

Çün bu kişi mütləq anadan şah doğuldu,

həm şahə oğuldu.

İranlılara çox elədim ondan məzəmmət:

kim, pisdi bu adət.

Şah olmasa, sizdə olamaz dinü şəriət,

dövlət və hökumət.

Bu sözlərimə eylədi bəziləri irad,

bildi sözümü bad.

Danaları, həm əksəri oldu bu sözə şad,

indi edirəm yad.

Əlhəq kişilərdə var imiş fəhmü fərasət,

namus və qeyrət.

Kim, qıymadılar şah edə rus içrə sükunət,

həp etdilə himmət.

İranə geri istədilər ol pezəvəngi,

bu firqeyi-bəngi.

Saz eylədilər atlı qoşun, top, tüfəngi,

qəddarə fişəngi.

“Salar təvilə” dönərək qıllı qabanə,

gəldi həyəcanə.

Türkmən, köçərilər xanı da barbəranə,

Yardımçıdı xanə.

Məşrutəçilər başını soxmağə gəzir yer,

mədhuş, mükəddər.

Bu canəvərin dəfinə amadə sərasər,

yox çareyi-digər.

Hürriyyətü məşrutəni viran edəcəklər,

bican edəcəklər.

Bu mülkə genə “Mədəlini” xan edəcəklər,

sultan edəcəklər.

Həp köhnələrin şad olacaq qəlbi bu işdən,

asudə və iymən.

Ariflər ümumən düşəcək qəhr ilə dildən,

nabud olur erkən.

Molla, nə deyirsən,

İranlılara sən?

Qeyrətli imişlər,

Himmətli imişlər,

Təqdir edirəm mən,

Əhsən, yenə əhsən.

 

Kefsiz

“Molla Nəsrəddin”,  1911, â„– 26.



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info