Qonaq Kitabı
MÜSƏLMANI YARATDIN

Yarəb, sənə min şükr ki, dünyanı yaratdın,

Bir dəfə dedin: Ol! Yeri, eyvanı yaratdın.

Adəmdən əzəl tayifeyi-canı yaratdın.

Ondan sonra da Adəmü Həvvanı yaratdın.

Nuhu, Zəkəriyyanı yaratdın.

Fironu, həmi fiqreyi-Musanı yaratdın.

Buddilər ilə qövmi-Məsihanı yaratdın,

Bir hikməti var, cümlə ki, heyvanı yaratdın.

Ancaq nədi sirri ki, müsəlmanı yaratdın?

 

Vardır yer üzündə neçə məzhəb, neçə millət,

Hər firqə götürmüş özünə bir cürə adət.

Hər kəs çalışır etməyə təmini-məişət,

Fənn öyrənir, kəsb eləyir elm ilə sənət.

İstər yaşasın cümləsi dünyadə fərağət.

İnsanlığa, rahətliyə var cümlədə rəğbət.

Ancaq ki, müsəlmanın olub sənəti sirqət,

Elmi qan axıtmaq, evi viran yaratdın,

Yarəb, nədi nəfi ki, müsəlmanı yaratdın?

 

Cahil, qaniçən, qəlb müsəlmanları, rəbba!

Bunca yaradınca, yaratsaydın da qarışqa!

 Əfzəlmi deyildir, belə bir firqədən, aya?

Xanə, meşə heyvanları, ya vəhşiyə-səhra?

İslam deyirlər bizim adımıza, amma,

İnsan deyiliz biz, nə ki, islam, sərapa.

Bu adı alıb üstünə bu taifə, heyfa.

Dünyanı bəzəndirməyəmi anı yaratdın?

Sirri nədi yainki, müsəlmanı yaratdın?

 

Hər gün tökülür xakə müsəlman qanı, guya

Kim, etməli imiş qanımız yerləri əşka.

Bu hala hökumət də edir məhz tamaşa –

Laqeyd, fərəhnak baxır həzrəti-molla.

Bəylər, ağalar qalibi-biruhü müqəvva,

İnsan ürəyi tab eləməz bu işə haşa.

Ey bizləri yoxdan yaradan xaliqi-yekta!

Pisliklər üçünmü bu qədər canı yaratdın?

Hikmət nədi nəinki, müsəlmanı yaratdın?

Qəm çəkməyəmi bu dili-şeydanı yaratdın?

Qan tökməyəmi dideyi-giryanı yaratdın?

 

 

Kefsiz

“Molla Nəsrəddin”, 1911, â„– 17.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info