Qonaq Kitabı
TOPAL TEYMUR

 

Dram – 5 pərdədə 

 

 

ƏŞXAS 

 

I

 

T o p a l T e y m u r ...

D i l ş a d - Teymurun hərəmi.

D i v a n b ə y i – baş vəzir.

A q b u ğ a – Teymurun sərdarlarından.

O r x a n – binbaşı.

E l m a s -  Divan bəyi qızı, Orxanın rəfiqəsi. Əsmər bənizli, şahin baqışlı...

Ş a i r  K i r m a n i – “Teymurnamə” müəllifi.

O l q a – rus prenseslərindən sarışın və işvəkar bir qız.

S o b u t a y – gənc zabit.

Q a r a q u ş – təşrifatçı, çevik bir dəliqanlı.

D ə m i r q a y a – qalın gevdəli, qalın səsli bir əskər.

İki mühib simalı, qalın yapılı nevbətçi və sairə...

 

II

 

Y ı l d ı r ı m B a y a z i d.

M e l i ç a – Yıldırımın hərəmi.

Ə l i p a ş a – sədri-ə’zəm.

Ş e y x B u x a r i – fazil bir zat.

C ü c ə – qısa boylu, küçük yapılı bir masqara.

N a z i m a ğ a – arıq, ucaboylu, qara ərəb (hərəm ağası).

Köylü qadın, iki masqara, şamlı qızı (rəqqasə), digər rəqqasələr, cəllad və sairə...

 

 

BİRİNCİ PƏRDƏ

 

Səmərqənddə, Əmir Teymur sarayında Şərq zevqinə uyğun süslü bir salon...  Salonun içi Türküstan, Iran və Hindistan məfruşatilə döşənilmiş... Dört guşədə gümüşdən yapılmış birər qartal, ortada altın sütunlar, yaldızlı masalar və sandaliyələr... Qarşıda böyük bir pəncərə, pəncərədən görünən son dərəcə baqımlı və çiçəkli gözəl bir bağça nəzərləri oqşar. O l q a pəncərə önündə ətrafı seyrə dalmış görünür. Dışarıda əskəri marş çalınır.

 

O r x a n (Gəlir. Olqayı görür-görməz arqası sıra gələn D ə m i r q a y aya). İştə prenses Olqa!.. Iştə yeni açmış Moskof çiçəyi!..

D ə m i r q a y a (daima laübali və qalın səslə). Tuhaf şey? Hiç insandan çiçəkmi olur? Moskof qızı desənə...

O r x a n. Ah, o çiçəkdən də lətifdir.

D ə m i r q a y a. Tutalım ki, lətifdir. Nəmə lazım, bən qarışmam.

O r x a n. Dəmirqaya! Sən bir tərəfə çəkil.

D ə m i r q a y a. Niçin?

O r x a n. Çünki onunla qonuşmaq istərim.

D ə m i r q a y a. Pəki, bən sənin kölgən deyilmiyim? Səndən nasıl ayrıla bilirim?

O r x a n. İnsan bə’zi vaxt kölgəsini deyil, kəndisini belə unutur.

D ə m i r q a y a (istehzalı gülümsəyişlə). Yoqsa şimdi kəndini unutdunmu?

O r x a n. Haydı, çoq söylənmə, çəkil.

D ə m i r q a y a. Çəkil dersin, çəkilirim. Nəmə lazım, hiç qarışmam.

(Çəkilir).

O r x a n. Yenə gözəl Olqa nə düşünüyor?

O l q a. (Orxana doğru gəlir). Ah, Orxan sənmisin?

O r x a n. Əvət, Orxan kəndisi səninlə bərabər deyilsə də, daima qəlbi, ruhu səninlədir.

O l q a. Allah eşqinə şu əskərlər nerəyə gediyor? Bu hazırlıq niçindir əcəba?

O r x a n. Yeni bir müharibə varmış.

O l q a. Ah, müharibə, daima müharibə!.. Əcəba nerəyə, kiminlə?

Orxan. Onu yalnız Qızıl Qaplan bilir. Əvət’ Əmir Teymurun planını bizim kibi küçük yaradılmışlar biləməzlər.

O l q a. Halbuki onun yüzündə hiç bir şiddət və həyəcan izi yoq... Hər zamanki vəqar və ciddiyyəti, hər zamankı halı üstündə.

Orxan. Böyük qəhrəmanlar şiddət və qəzəb zamanlarında daha mülayim və həlim görünürlər.

O l q a. Orxan! Sən dəmi gedəcəksin?

Orxan. Əlbəttə, hiç onsuz olurmu? Biz türklər çadır altında doğar, açıq səhralarda, qanlı müharibələrdə ölürüz.

O l q a. Rica edərim, yetişir, şu müharibədən, ölümdən çoq söyləmə!

Orxan. Müharibədə ölənlər evdə ölənlərdən sayca daha azdır. Bəncə mübarizəsiz bir ömür, ömür deyil... Biz türklərə qürur və nəş’ə verən bir şey varsa o da müharibə, o da qalibiyyətdir. Unutma ki, sən kəndin də fəth və zəfər səhralarında bulunmuş bir çiçəksin.

Olqa. Ah, sən bəni Moskofdan buraya niçin gətirdin niçin?! Teymur sarayında həbs etmək içinmi?

Orxan. Xayır, sən burada məhbus deyilsin, bəlkə şahzadə xanımlar qadar hörmət və izzətə maliksin. Daha doğrusu böyük xaqanın möhtəşəm sarayını bəzəyən ən parlaq bir yıldızsın.

O l q a. (ətrafa). Ah, mərhəmətsiz... (Orxana) Demək bəni yalnız bıraqıb da gedəcəksin, öyləmi?

Orxan. Nə olur? Başqa qadınlar nasıl, sən də öylə...

O l q a. (ətrafa). Ah, duyğusuz!.. Dur, bən sana şimdi anlatırım.

O r x a n. Pək düşünüyorsun, Olqa. Sana bir şeymi oldu?

O l q a. Daha nə olacaq? Sən bəni düşünmüyorsun, sən bəni sevmiyorsun.

O r x a n. Xayır! Aldanıyorsun. Səni sevməmək, gözəlliyə qarşı kor olmaq deməkdir. Ah, nazlı gövərçinim! Nə qadar xırçın və sinirli imişsin. Gəl! Gəl də şu mavi göyləri andıran cazibəli gözləri, şu al şəfəqləri utandıran füsunkar dodaqları öpəyim. (Qolları arasına alıb öpmək istər. Olqa geri çəkilir).

O l q a. Xayır, istəməm.

O r x a n. Niçin?

O l q a. Çünki gönül verdiyim bir qəlbə xəyanət etmiş olurum.

O r x a n (heyrətlə). Gönül verdiyin bir qəlbəmi?

O l q a. (kəskin). Əvət.

O r x a n (onun əlini yaqalar, sarsılmış bir halda). Söylə, o nasıl qəlb, o kimin qəlbi imiş?

O l q a. Xayır, söyləməm. (Ətrafa.) Iştə bu söz onu qısqandırmaq için kafi...

O r x a n (qızğın). Söylə diyorum sana, o kim, bana qarşı çıqan o cəsarətli rəqib kimdir?

O l q a. Səndən daha böyük, səndən daha qəhrəman...

O r x a n. Adını söylə!

O l q a. Xaqanlar xaqanı Topal Teymur...

O r x an (həyəcanlı və qızğın). Olqa, Olqa!.. Moskofdakı halını nə çabuq unutdun? Düşün ki, biz Moskofa girdiyimiz zaman hər tərəf kinli, amansız bir atəş içində yanıyordu. Ordumuz qaçanları izlərkən bən qanatlarımı yalnız sənin üzərinə gərdim, yalnız səni ölümdən qurtardım, əvət. Sən o zaman mə’sum bir qızcığazdın. Vəqtini xoş keçirib də eyi tərbiyə alman için Teymur sarayına gətirdim. İştə sən böyüdükcə bənim arzularım da çiçəklənməyə başladı. Əfsus ki, bu gün bəslədiyim visal ümidləri yerinə, qarşıma acı bir ümidsizlik çıqıyor.

O l q a. O da səndən, sənin vəfasızlığından.

O r x a n. Nasıl vəfasızlıq? Anlayamadım.

O l q a. Orxan, Orxan! Sən baş vəzirin qızı Elmasa uyduqca, o qısqanc və məğrur hərəmindən ayrılmadıqca, aramızdakı sevgidən bəhs etmək yersizdir.

O r x a n. Niçin insaf etmiyorsun, o şimdi anadır. Bununla bərabər Elmas bizim sevgimizə əsla mane olamaz.

O l q a. (gülərək). Xayır, yanılma, əzizim. O pək dəhşətli qadın...

O r x a n. Qadınların incə təbəssümləri, dəhşətlərindən daha güclüdür. (Olqanın əlini yaqalar.) Şimdi bən ona mərhəmət ediyorum, fəzlə qısqanclıq edərsə kəndisi zərər görür.

O l q a. Demək bəni daha çoq seviyorsun, öyləmi?

O r x a n. Olqa, səni sevməməkmi olur? Unutma ki, Orxan sənin əsirindir.

Q a r a q u ş (D ə m i r q a y a ilə bərabər pərdə arasında görünür). Ah, xain!.. (Dəmirqayaya). İştə gördünmü, get də Elmas xanıma xəbər ver.

D ə m i r q a y a. Gəl bəri, canım, nəmə lazım, bən qarışmam.

 

Çəkilirlər.

 

O r x a n. Teymur son səfərində, Hindistana hücum edərkən Səmərqənd inzibatını gözətmək için bəni burada bıraqdı. Ehtimal ki, yenə qalırım, o zaman istədiyimiz kibi zevq və səfaya baqarız.

O l q a. (ətrafa baqar). Iştə Topal gəliyor. Yarın aqşam səni çinarlı bağçada havuz kənarında bəklərim.

O r x a n. Yaxşı... (Gedir).

O l q a. (yalnız). Xeyr, Orxan bənimdir. Onu kimsəyə verməm. (Azacıq tərəddüd). Ah, fəqət Elmas, baş vəzirin qızı Elmas!.. O bəni pək düşündürüyor.

 

Əli alnında məhzun bir tevr ilə düşüncəyə dalar. Bu sırada Ə m i r T e y m u r gəlir.O, ortaboylu, qəvi bünyəli, yüksək alınlı, iri başlı, rəngi ağ, yüzü azacıq qanlı, omuzları geniş, parmaqları yuvarlaq, qalçaları uzun, əzəlatı qayət sağlam bir şəxsiyyətdir. Vücudunun düzgünlüyündən ayağındakı aqsaqlıq bir o qadar gözə çarpmıyor. Səsi güclü və gurultuludur. Asya üsulu geniş və açıq ətəkli ipək kaftan (çapan) büründüyü halda baş örtüsü keçədən yapılma məxruti bir külahdan ibarətdir. Külahın təpəsində inci və sair mücevhərat ilə süslənmiş uzunca bir yaqut püskül bulunur.

 

Teymur. Yenə Moskof ərməğanı, gözəl rus qızı nə düşünüyor?

Olqa. (məhzun təbəssümlə). Böylə möhtəşəm bir sarayda bənim nə düşüncəm ola bilir?

Teymur. O halda yüzünü saran şu kədər bulutları nə demək? Bən solğun çiçəkləri hiç sevməm. Daima yeni açmış güllər kibi, daima gül bənizli şəfəqlər kibi nəş’əli olmanı istərim. Əvət, söyləyəcəyin sözləri hər zamankı şətarətilə gülərək, nazlanaraq söylə!..

Olqa. Bənim şətarətim böyük xaqanın qəzəbinə səbəb olur deyə əndişə ediyorum.

T e y m u r. Pəki, əndişə niçin?

O l q a. Çünki qəlbi hərb atəşilə alevlənən bir hökmdara qarşı gülümsünmək cəsarəti həddim deyil...

T e y m u r. İştə pək yanlış düşüncə... Müharibə hazırlığı Teymuru qəzəbləndirməz, bil’əkis bayram tədariki qadar xoşhal və məmnun edər.

O l q a. (şux və cazibəli bir əda ilə). Lütf ediniz əfəndim, iki aydır ki, Səmərqənd şən və şatır bir hal keçiriyor. Zərəfşan çayının oynaq dalğaları gönüllərə nəş’ə sərpiyor və xoşahəng ninnilərilə Bingül dərəsi şənliyini alqışlıyor. Fəqət nədənsə birdən-birə bu şənliklər kəsildi. İştə onunçin azcıq məraq etdim.

T e y m u r. Nasıl, Bingül dərəsi pək xoşmu?

O l q a. Ah, Bingül dərəsi başqa bir aləm... Adəta rö’ya qadar gözəl, cənnət qadar parlaqdır. Əvət, Bingül dərəsindəki zevq və səfa məclisləri, yeşil ovalar içində qurulmuş çadırlar, Ərəbistan və İrana məxsus sırapərdələr görülür şeylərdən deyil... Hələ Hindistandan gəlmə canbaz və oyunçular, mizahçı və lətifəçilər, rəqqas və rəqqasələr... Bir taqım cirit oyunları. Pəhləvanların güləşməsi, yeşil-qırmızı rənglərlə boyanmış fillərin oynadılması, hər dürlü xanəndə və sazəndə, hər çeşit yarış və əyləncə gerçəkdən insanı sərxoş ediyor. Hələ bu şənliyə əmir və şahzadələrin hərəmləri və bütün türk-tatar qızlarının iştirakı, hər tərəfdən gələn əcnəbi səfirlərin belə nəzərini cəlb ediyor. Və hər kəs böyük Teymurun dəbdəbə və ehtişamını seyr etdikcə heyrətdən kəndini alamıyor.

T e y m u r. İştə məftunu olduğun şu mənzərələr, Səmərqənddəki möhtəşəm saraylar və ali mədrəsələr, böyük məbədlər və abidələr həp qalibiyyət əsərləri, həp fəth və zəfər tarixidir. (Təbdili-tevr ilə.) Bana baq, Olqa! Sən səyahətdən zevq alırmısın?

O l q a. Şübhəsiz, səyahət insanın gönlünü açan şeylərdən biridir.

T e y m u r. O halda səni kəndimlə bərabər götürəcəyim.

O l q a. Nerəyə, müharibə meydanınamı?

T e y m u r. Öylə ya! Görüləcək mənzərələrin ən gözəli hərb və qalibiyyət səhnələridir.

O l q a. Əvət, Orxan da öylə söylüyor.

T e y m u r. (mə’nalı təbəssümlə). Ya!? Orxan pək gözəl düşünüyor. Demək bənimlə bərabər gedərsin, deyilmi?

O l q a. Böyük xaqanın arzusuna itaət və hörmət ən böyük səadətdir.

T e y m u r. Səndəki idrak və zəkadan pək məmnun oldum. Hərəmxanəyə get, şimdi hökumət adamları buraya gələcək.



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [ 16-10 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info