Qonaq Kitabı
İBLİS

 

Faciə – 4 pərdə 

 

ƏŞXAS

 

İblis – . . . . . . . . . .

Mələk – . . . . . . . . .

İxtiyar şeyx – ağsaqqal bir sövməənişin...

Xavər – Ixtiyarın torunu.

Arif – pərişan saçlı, sadə geyimli bir gənc.

Vasif – könüllü bir türk zabiti (Arifin küçük qardaşı).

Küçük zabit – Vasifin arqadaşı.

Rəna – son dərəcə gözəl bir şəfqət həmşirəsi (türk).

İbn Yəmin – qırq beş yaşında qaraşın bir ərəb zabiti.

Yaralı zabit – rus ordusuna mənsub bir gənc.

Zənci çavuş – İbn Yəminin xidmətçisi və bir nəfər məiyyət əskəri.

Teyf – Rənanın məqtul babasının xəyalı.

Elxan – zabit (əskəri qaçaq).

Zabitlər, əskərlər, haydutlar, rəqqasələr (ərəb), çingənələr, teyflər, çalğı taqımı və

sairə...

 

 

İLK PƏRDƏ 

 

Bağdad civarında ağaclıq, mənzərəli bir guşə... Bir tərəfdə dışarısı yeşilliklərlə mühat

bir çardaq, içərisi həsirlə döşənmiş sadə bir qülbəcik... Qülbənin iki pəncərəsi, sağda,

solda və qarşıda birər qapısı var. Taqçada bir taqım kitablar nəzərə çarpar. Ağustos,

ikindi cağı...

Pərdə açıldıqda Arif bir tərəfdə, taxta bir karyola üzərində əlinə təkyə edərək, uzanıb düşüncəyə dalmış, səhnə qaranlıq, ətrafda göy gurultusu, şimşək çaqışı, tranpet sədaları, top, tüfək, bomba patlayışları... Qarşıda, səhnənin nihayətində iki böyük göz (pəncərə) atəşlər, alevlər içində dəhşətli bir müharibə təsvir edər. Bir qaç zabit əldə durbin müharibə komandasilə məşğul... Gözlərin birində İblis, digərində Mələk görünür. Gurultudan sonra sükut...

 

İblis

(məmnun qəhqəhələrlə)

Dəryalərə hökm etmədə tufan,

Səhraları sarsıtmada vulkan,

Sellər kibi aqmaqda qızıl qan,

Canlar yaqar, evlər yıqar insan...

 

(qəhqəhə)

 

Mələk

Ya Rəb, bu nə dəhşət, nə fəlakət?

Ya Rəb, bu nə vəhşət, nə zəlalət?

Yoq kimsədə insafü mürüvvət,

İblisəmi uymuş bəşəriyyət!?

 

İblisin müstəhzi və sürəkli qəhqəhələrilə bərabər yenə göy gurultusu, top, mitralyoz

sədaları başlar. Sonra sükut...

 

İblis

(çılğın qəhqəhələrlə)

Toplar veriyor aləmə dəhşət,

Dəhşət!.. Qopuyor sanki qiyamət,

Yağmur kibi göydən yağar atəş!..

Atəş!.. Qaralar, dalğalar atəş!..

 

Mələk

Ya Rəb, azacıq lütfü inayət!

Qəhr olmada artıq bəşəriyyət.

Başdan-başa həp yer yüzü vəhşət,

İblis ilə həmrəngi-siyasət.

Gözlər qapanır, səhnə aydınlaşır.

 

A r i f

(Uyqudan oyanır kibi alnını və gözlərini ovuşdurur. Yerindən qalqar, göyə doğru)

Dünyaları yoqdan yaratan, ey ulu Tanrı!

Ey xaliqi-hikmət!

Duyduqca, düşündükcə olur qəlbimə tarı

Bin şübhəli illət.

Duyduqca, əvət, pərdəli hikmətləri hər an,

Bin dürlü həqiqət,

Bin dürlü müəmmalı həqiqət bana xəndan,

Həpsində də zülmət...

Bülbüllərin əlhanı, çiçəklərdəki əlvan

Ya şö’leyi-əcram,

Olmaz şu bənim çıldıracaq könlümə əl’an

Bir mənbəi-ilham.

Ey varlığı yoq, yoqluğu vardan daha dilbər!

Ruhum səni izlər.

Lütf et, o gözəl çöhrəni bir an bana göstər,

Könlüm səni özlər.

Uydum da peyğəmbərlərə, qanunə, kitabə,

Duydum yenə qəsvət.

Başdan-başa həp qəhrü qəzəb, tövbə-inabə,

Həp zə’fə əlamət...

Hər fəlsəfə bir vəlvələ, həp tatlı xəyalat,

Yoq rəhbəri-vicdan;

Sənsiz doğamaz qəlbimə, vicdanıma, heyhat,

Bir şö’leyi-irfan.

En, gəl bana, yaxud bəni yüksəklərə qaldır,

Gəzdir qonağında;

Yerlərdə süründüm, yetişir, göylərə qaldır,

Dindir qucağında,

Qaldır bəni, bir seyr edəyim xoşmu, gözəlmi

Cənnətdə mələklər?

Qaldır bəni, ta görməyim insandakı zülmi,

Baq, yer üzü inlər.

Ya Rəb, bu cinayət, bu xəyanət, bu səfalət

Bulmazmı nihayət?

İnsanları xəlq etmədə var bəlkə də hikmət,

İblisə nə hacət!?

 

Yorğun və düşüncəli bir halda iskəmləyə oturur. Dərhal səhnənin ışığı azalır. İblis

sürəkli və istehzalı qəhqəhələrlə yerdən – alevlər içindən çıqar. Yaldızlı və əflatuni

ridasının ətəkləri hərəkət etdikcə atəşrəng sima və əlbisəsi parlar, durur.

 

İblis

Arif! Bana baq, sən dəmi evhamə qapıldın?

Biçarə çocuq, sən dəmi İblisə taqıldın?

Dahilər, ulul’əzm nəbilər belə bəndən

Hiç vəchlə təxlisi-giriban edəməzkən

Daim bəni təhqir edərək əyləniyorsun...

Həp söyləniyor, söyləniyor, söyləniyorsun...

Bir gün gəlir, əlbəttə, şu iz’an ilə sən də

Baziçə olursun qoca İblisin əlində.

İblis, o böyük qüdrət, o atəşli müəmma

Bir gün səni də kəndinə eylər kölə... amma

Heyhat, olamaz dərdinə bir kimsədən imdad,

İmdadə qoşar, qoşsa fəqət ah ilə fəryad.

 

Ridasının ətəklərini A r i f i n yüzünə sürər, laübali qəhqəhələrlə çəkilib gedər.

 



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [13] [14] [15] [ 16-30 ] [ 31-25 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info