Qonaq Kitabı
AFƏT

 

Faciə – 4 pərdə 

 

 

ƏŞXAS

 

A f ə t – 33 yaşında, şux, füsunkar bir qadın.

Ö z d ə m i r – 45 yaşında, Afətin əri, mühərrir.

A l a g ö z – 18 yaşında, onun qızı, narin vücudlu və solğun.

Ə r t o ğ r u l – 30 yaşında, sadə qiyafətli, pərişan saçlı mühərrir.

Y a v u z – 30 yaşında, Ərtoğrulun arqadaşı... müəllim.

İ l c a y – 50 yaşında, Ərtoğrulun anası.

X a n d ə m i r – 53 yaşında, Ərtoğrulun dayısı... pensneli, çatal saqallı, maarif müdiri.

A l t u n s a ç – 22 yaşında, Xandəmirin qızı... şıq, xudkam və məğrur.

D o k t o r Q a r a t a y – 35 yaşında, gözəl və qurnaz.

O q t a y – 28 yaşında, ciddi və səmimi... doktor.

Q a p l a n – 30 yaşında - zabitlər

Q o r q m a z – 22 yaşında - zabitlər

X i d m ə t ç i  və sairə...

 

BİRİNCİ PƏRDƏ

 

Süslü bir salon... Sağ və soldakı odalara açılır birər qapı, qarşıda iki böyük pəncərə, gözəl mənzərələr, ilk bahar, məhtablı gecə...

Pərdə açıldıqda bağçadan gələn incə və həzin bir kaman səsi iki-üç dəqiqə sami’ələri oqşar.

 

X a n d ə m i r (sağdakı odadan çıqar, bağça tərəfindən gələn Afətə). Sizi bəkliyoruz, əfəndim. Nerədə qaldınız? Qızlar nə oldu?

A f ə t. Hənuz bağçadan doymamışlar, qonuşub əyləniyorlar.

X a n d ə m i r. Bağçamızı nasıl buldunuz?

A f ə t. Pək gözəl, pək şairanə... Sizdəki bədii zevqə hiç bir deyəcək yoq...

Ö z d ə m i r (içəridən bağırır). Xandəmir, Xandəmir!..

X a n d ə m i r. Gəldim, əfəndim, gəldim.

A f ə t. Yenə Özdəmir nə istiyor?

X a n d ə m i r. Bir şüşə konyak bitdi, şimdi ikincisini istiyorlar.

A f ə t. O bu aqşam çıldıracaq, ah, kaş ki gəlməyəydim.

X a n d ə m i r. Zərər yoq, dost evidir; nə yaparsa xoşdur.

A f ə t. Pəki, doktor Qaratay nə oldu? Hənuz gəlmədimi?

X a n d ə m i r. Klubda imiş, bu saat gəlir.

A f ə t. Amma, o da pək nazlanıyor ha...

X a n d ə m i r. Əvət, sanki bənim evim klubdan əskik imiş!.. (Dışarıdan pəncərə önündən keçib gəlməkdə olan doktoru görür) İştə doktor!.. Doktor Qaratay.

A f ə t (baqar). Əvət, nihayət gəldi çıqdı.

D o k t o r (yarımsərxoş, şad və məmnun daxil olur). Aqşamlar xeyir, əfəndim. 

(Afətin əlini öpər, Xandəmirlə əl verir.)

X a n d ə m i r. Xoş gəldiniz, əzizim (Yarım qəhqəhəylə). Fəqət bən söz saqlıyamam, gecikdiyiniz için sevgili Afəti pək darıltmışsınız... Bilməm, sizdə nə görmüş ki, əsla ayrılığınıza dayanamıyor.

D o k t o r. Təbii, bən nə qadar pərəstişkar isəm, o da o qadar lütfkardır.

X a n d ə m i r. Hər halda üzr istəməlisiniz.

D o k t o r. Şübhəsiz əfv edərlər... Əcəba misafirlərdən kim var?

A f ə t. Sizdən başqa hər kəs...

Ö z d ə m i r (içəridən bağırır). Xandəmir, Xandəmir!.. (Qəhqəhə).

X a n d ə m i r. Gəliyorum, gəliyorum (Afətə). Bana müsaidə (sol odaya keçər).

A f ə t. Xandəmir gerçəkdən pək eyi, pək sıcaqqanlı adam... Azacıq abdal isə də yenə kəndini sevdirə biliyor.

D o k t o r. Şaka deyil a! Hərif bir şey bilmədiyi halda maarif müdiri... Gənc olmadığı halda hovarda, az bir maaşla pək zəngin... Daha nə istərsin. Bütün arqadaşları arasında “Müsyo Fırıldaq” deyə şöhrət bulmuşdur (sərxoşca qəhqəhəylə). Bəncə ona “Cahil bilgic” denirsə daha xoşdur.

A f ə t. Aman, sus! Görünür azacıq sərxoşsun.

D o k t o r (yarım qəhqəhəylə). Sərxoş idim, fəqət ayıldım.

Ö z d ə m i r (içəridən şiddətli qəhqəhəylə). Xandəmir!..

D o k t o r. İştə onun səsini eşitdim də ayıldım. Əvət, kölgəndən ayrılmaz ərinin səsi, Özdəmir bəyin nə’rəsi bəni ayıltdı.

A f ə t (süzgün baqışla). Qaratay!..

D o k t o r (onun əllərini yaqalar). Afət!..

 

Bu sırada Afətin əlindəki ufaq bir mənəkşə dəmətciyi yerə düşər. Doktor dərhal alıb təqdim edər.

 

A f ə t. Şu mənəkşələr hiç sənin əyilmənə dəyərmi?

D o k t o r. Ah, bən mənəkşəyi pək sevərim. Çünki o pək mə’nalı, pək müəmmalı bir çiçək... Hələ sənin nurdan dökülmüş əllərini, lətif köksünü öpdükləri için pərəstiş edərim.

A f ə t (incə qəhqəhəylə). Bu gün səndə, sənin hər halında dəlicə bir həyəcan görüyorum.

D o k t o r. Zatən sənin könlünü bulmaq, sənin məhəbbətinə nail olmaq hər məcnunu aqil, hər aqili məcnun edə bilir.

A f ə t (şux qəhqəhələrlə). Ah, şu yalan nəvazişlər, şu yaldızlı pərəstişlər!.. (Sükut). Haydı, gəl, bağçaya enəlim. Özdəmir bizi bir yerdə görürsə, haman çıldırıb durur.

 

Bağçaya doğru getmək istərlər, Altunsaç ilə Alagöz qarşılarına çıqar. Birincinin əlində kaman, ikincinin əlində isə bir şe’r məcmuəsi bulunur.

 

D o k t o r. İştə Altunsaç ilə Alagöz!

A f ə t. Əvət, iki gövərçin, iki mələkciyəz!

D o k t o r. Biri musiqi pərisi, digəri şe’r ilahəsi!..

A f ə t. Həm də bir-birindən gözəl, bir-birindən dilbər!..

D o k t o r (qızlara). Haydı, bir daha bizimlə bərabər bağçaya enəlim, olmazmı?

A l t u n s a ç. Siz buyurun, biz də sonra gəliriz.

 

Bu sırada Ö z d ə m i r l ə Q a p l a n sağ tərəfdəki odadan çıqarlar. Özdəmir son dərəcə sərxoş, səndələyərək Qaplanın qoluna taqılmış.

 

A f ə t (bağçayı göstərir). Xayır, şimdicə bərabər gedəlim.

X a n d ə m i r (əlində iki şüşə konyak gəlir, Afətə). Nerəyə canım, bu olur şeymi ya!? Qadınsız bir məclis, gülsüz bahara, bülbülsüz çəmənzarə bənzər.

D o k t o r. Gerçəkdən, qadın həyat, həyat isə qadın deməkdir.

Ö z d ə m i r (sürəkli və istehzalı qəhqəhələrlə gülər, dürlü hərəkətlər və əl işarətlərilə). Əvət, qadın hər şeydir. O, gah bir çiçək... gah bir kələbəkdir. O, həm bir mələk, həm də... bir ördəkdir.

 

Hər kəsdə böyük nifrət və şaşqınlıq...

 

X a n d ə m i r. Özdəmir! Nə söylədiyini düşünüyormusun?

Ö z d ə m i r (təkrar laübali qəhqəhələrlə). Əvət, düşünüyorum. Qadın pək körpə ikən tazə bir çiçək, sonra şətarətli bir kələbək; daha sonra füsunkar bir mələkdir. Yalnız bə’ziləri, əvət, əvət, bə’ziləri isə çamurlarda gəzən bir ördək, azğın və hərcayi bir ördəkdir.

A f ə t. Ah! (Deyə mütəəssir bir halda geri çəkilir. Doktor Qaratay düşəcək zənnilə onun qolunu tutar).

Ö z d ə m i r (acı qəhqəhələrlə). Ah, bəxtiyar doktor! Sana, sənin gözəl taleyinə qibtə ediyorum.

X a n d ə m i r. Gəl, canım, gəl!.. Sən artıq saçmalayorsun. Gəl, gedəlim bir az şahmat oynayalım.

Ö z d ə m i r (Afəti yarım baqışla süzər, mə’nalı bir qəhqəhəylə). Bən çoqdan mat olmuşum.

X a n d ə m i r. Gəl, baqalım, gəl bir daha qədəh-qədəhə vuralım.

 

Sağdakı odaya keçərlər. Qaplan ilə Altunsaç da onları izlər.

 

A l a g ö z. Ah, zavallı babacığım!..

(Mütəəssir və müştəki baqışlarla Afəti süzərək içəri girər.)

A f ə t (acı təbəssümlə doktora). Görüyormusun? Alagöz belə şu miskin hərifə acıyor. Fəqət bəni, bənim talesizliyimi əsla düşünəmiyor.

D o k t o r. Pəki birisi kəndini düşünməz, kəndinə acımazsa başqalarından nə uma bilir? Bəncə əsl qəbahət səndə... Əvət, siz qadınlar ayaqlarınıza qapananları təhqir edərsiniz, sizi təhqir edənlərin ayaqlarına qapanarsınız.

A f ə t. Çəkdiyim üzüntülər yetişir, rica edərim, sus!..

D o k t o r. Xayır, bu işə bir nihayət verməli... Ya o, ya bən!.. Başqa dürlü olamaz.

A f ə t. Səndən, səndəki eşqin əbədiyyətindən əmin ola bilsəm...

D o k t o r (onun əlini yaqalar). Afət! Nə demək istiyorsun?

A f ə t. Bən bütün bənliyimi, bütün həyat və səadətimi yoluna fəda etməyə hazırım. Hətta sənin uğrunda cinayətdən belə çəkinməm. Ancaq şu qadar var ki, aldadılmaq istəməm, aldandığımı duysam məhv olurum. Həm də pək kinliyim, anlıyormusun? Bəni aldatmaq istəyənləri əsla əfv etməm. İki gözüm olsa belə intiqam alırım, intiqam!.. Əvət, bən, pək kinliyim. Bəni təhqir edənlər Əzrailin qucağına atılmış olurlar.

Ö z d ə m i r (içəridən bağırır). Afət! Gözəl mələyim!.. Afət, nazlı ördəyim... (Şiddətli qəhqəhə).

D o k t o r. Ah, rəzil!.. Dəmin əxlaqsız qadınları çamurlarda sürünən ördəyə bənzətmişdi, şimdi də səni o adla çağırıyor.

A f ə t (doktora sarılaraq). Aman, bana mərhəmət... Mərhəmət eylə də bəni qurtar. Of! Bir çarə, bir ilac, bir zəhr, bir atəş bul ki, kəndimi məhv edəyim də şu qaba və çirkin səsi bir dah eşitmiyəyim.

D o k t o r (cibindən ufacıq bir şişə çıqarır, mə’nalı bir tərzdə). İlac hazır... Fəqət xanımlar için deyil, yalnız erkəklərə məxsusdur.

A f ə t (şişəyi alıb cibinə qoyar). Zərər yoq, ilk öncə onu məhv eylərim. Sonra duyulursa, kəndim də o yolu izlərim.

D o k t o r. Hiç təlaş etmə! Bu öylə bir ilac ki, ancaq on dəqiqə sonra icrai-tə’sir edər. Həm də kimsə bir şey duyamaz. Yalnız burada hər acıya dayanmalı və şu ilacı evinizdə içirməlisin.

A l a g ö z (sarsılmış bir halda gəlir, Afətə sarılaraq). Ah, annəciyim! Gedəlim, evimizə gedəlim.

A f ə t. Niçin, Alagöz! Nə olmuş!

A l a g ö z. Babamın halı pək fəna!.. Ayaqda duramıyor, söylədiyini bilmiyor.

A f ə t. Pəki, yavrum, gedəlim. O səni də məhv edəcək, bəni də.

 

Sağdakı odaya keçərlər. Bu sırada Ərtoğrul ilə Yavuz sol tərəfdən çıqar.

 

Ə r t o ğ r u l. Ah, şu Alagöz nə qadar lətif, nə qadar mə’sum bir sima!

Y a v u z. O nə qadar mə’sum isə, Afət də, şu işvəkar qadın da bir o qadar təhlikəlidir.

Ə r t o ğ r u l. Təhlikəli olsa da ləkəli deyil...

Y a v u z. Əmin ol ki, Özdəmiri səfil edən həp Afətdir, həp onun oynaqlığıdır.

Ə r t o ğ r u l. Fəqət Afəti uçurum qarşısında bulunduran da Özdəmirin sərxoşluğu, Özdəmirin sərsəriliyi olsa gərək...



 
[1] [2] [3] [4] [5] [6] [7] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info