Qonaq Kitabı
Ah, bilməm ki, neçün bizdən genə yar incimiş

Ah, bilməm ki, neçün bizdən genə yar incimiş,

Boy ayaq altında qalmış, sanki şahmar incimiş.

 

Bənd edib tərfi-bənaguşunda müşkin zülflərin,

Yoxsa bad əsmiş, dağılmış lalə rüxsar incimiş.

 

Qoymadın bir dəm baxım ol çeşmi-məstin dövrünə,

Biz nə qıldıq ta ki, bizdən çeşmi-dildar incimiş?!

 

Hardasan, ey binəva Məcnun, eşit avazımı,

Gəl dəxi bəsdir ki, səndən dəştü kühsar incimiş.

 

Künci-xəlvətdən ayaq dışqarı basma bir də sən,

Qoy gülü əldən ki, səndən səhni-gülzar incimiş.

 

Tərki-ümmid et təmami-aşinavü dustdən,

Bil yəqin vazeh ki, səndən yarü əğyar incimiş.

 

Bu nə məzhəbdir, nə ayin, ey Nəbati, bir utan,

Sən nə kafərsən ki, səndən cümlə küffar incimiş?!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info